Parisdəki terror aktı: problemin həlli ədalətli olmaqdır

Parisdəki terror aktı: problemin həlli ədalətli olmaqdır
10:08 8 Yanvar 2015
103 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan xəbərlər xidməti

Məftun Salmanov - Trend:


Bu gün Parisdə "Charlie Hebdo" satirik nəşrinə hücum edilərək ofisi atəşə tutuldu və ondan çox insan öldürüldü, bir çox insan yaralandı. İlkin versiyaya görə, hadisə dini zəmində baş verib. Belə ki, adıçəkilən satirik nəşr 2012-ci ildə İslam peyğəmbəri Həzrəti Məhəmmədin karikaturalarını paylaşmışdı və bu hadisə bütün müsəlmanların hiddətinə səbəb olmuşdu. Hadisəni avtomat silahı ilə silahlanmış iki naməlum şəxsin törətdiyi bildirilir. Onlar jurnalın ofisinə hücum edərkən qara maskada olublar.

İlk olaraq ağıla cinayəti törədib qaçanların müsəlman olduqları gəlir. Ən azından, məntiq belə deyir. Üstəlik, son zamanlar Avropa ölkələrində, xüsusilə, Almaniya və İsveçdə müsəlmanlara qarşı kin və nifrətin artması fonunda bu, qarşı tərəfin cavabı kimi qələmə verilə bilər.

Almaniya və İsveçdə məscidlərin oda verilməsi artıq bir növ adi hal alıb. Təkcə ötən il İsveçdə məscidlərə 12 dəfə hücum edilib. Almaniyada isə "Pegida", yəni "Qərbin İslamlaşmasına Qarşı Vətənsevər Avropalılar" təşkilatı qurulub. 2014-cü ildə qurulan təşkilat Almaniyada vaxtaşırı müsəlmanlara qarşı aksiyalar təşkil edir.

Əlbəttə ki, bu cür hadisələri dinindən, milliyyətindən asılı olmayaraq hər kəs qınayır. Lakin sual yaranır: hadisələrin belə gedişatında kimdir günahkar? Qərb, yoxsa İslam dünyası? Bir neçə misal çəkməklə bu suala cavab axtarmağa çalışaq. Bənzər hadisələrə hər hansı İslam ölkəsində rast gəlinirmi? Müsəlman ölkələrində kilsələrə od vurulurmu, xristianlar əleyhinə aksiya keçirilirmi, onların dini heysiyyatına toxunulurmu?

Sualın cavab birmənalı olaraq "xeyr" olacaq. Bunların müsəlman ölkələrində baş verməməsinin əsas səbəbi isə yenə də Qərbin sevmədiyi İslamdır. Məhz İslam vandalizmi, terroru qadağan edir. İslam Həzrəti İsanı peyğəmbər kimi tanıyır və ona qarşı hörmətsizlik yolverilməzdir. Digər tərəfdən isə xristianların öz dinlərindən uzaqlaşması problemi yaşanır. Boş qalan kilsələr, İsa peyğəmbəri təhqir edən hərəkətlər xristian dünyasında geniş yayılıb. Buna Roma papaları sərt reaksiya və bir növ dinin əldən getməsi ilə bağlı bəzi işarətlər veriblər. Bu mənada, öz dininə hörmət etməyənlərdən başqasının dininə hörmət gözləməyə dəyməz.

Əgər Qərb liderləri satirik nəşrin qalmaqallı şəkillər paylaşmasına, məscidlərin yandırılmasına qarşı bu cür həmrəylik göstərsəydilər, problemin silahlı müstəviyə keçməsinin qarşısını almaq olardı. İndi dünyada xristian-İslam davasının qızışdırılmasında maraqlı olan qüvvələr də var. İslamofobiyanın gücləndiyi dövrdə ola bilsin ki, bu əməl elə həmin qüvvələrin işidir.

İstənilən halda terrorçunun dini, milli mənsubiyyəti olmur. Terrordan İslam ölkələri də əziyyət çəkirlər. Parisdəki hadisə Suriya və İraqda baş verən terror aktlarının yanında heç nədir. Vəziyyətdən çıxış yolu məsələyə ədalətli yanaşmaq və onun kökündə dayanan problemləri aradan qaldırmaqdır. Əks halda daha böyük fəlakətlərin baş verməsi qaçılmaz olacaq.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2350876.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR