“Report” xəbər verir ki, bu barədə Bakıda keçirilən Xəzər neft-qaz konfransında çıxışında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə biildirib.
“Artıq 18 ildir ki, “Azəri-Çıraq-Günəşli” layihəsinin iştirakçıları mənfəət neftindən gəlir əldə edir. İşlənmənin əvvəlindən 2017-ci il iyunun 1-nə qədər "AÇG"-dən 428,4 mln. ton neft və 133 mlrd. kubmetr qaz hasil edilib", - deyə SOCAR rəsmisi qeyd edib.
Şirkət vitse-prezidenti əlavə edib ki, bu il iyunun 1-nə qədər dünya bazarına 448 mln. ton Azərbaycan nefti çıxarılıb və bunun 333 mln. tonu Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql edilib.
Xatırladaq ki, "AÇG" yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. "AÇG" layihəsində BP (operator – 35,8%), SOCAR (11,6%), "Chevron" (11,3%), "Inpex" (11%), "Statoil" (8,6%), "ExxonMobil" (8%), TPAO (6,8%), "Itochu" (4,3%), "ONGC Videsh Ltd." (OVL, 2,7%) şirkətləri iştirak edir.