Bakı. 7 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə və xuliqanlıqda təqsirləndirilən - 1992-ci il təvəllüdlü İlqar Əhmədovun və 1983-cü il təvəllüdlü Emin Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Report"un məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqının tamamlandığı elan olunub.
Daha sonra dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında İ.Əhmədovun 20 il, E.Cəfərovun isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı edərək əsas şahidlərin məhkəmədə dindirilmədiyini, buna görə də işin hərtərəfli araşdırılmadığını tələb ediblər.
Məhkəmənin növbəti iclası iyunun 13-nə təyin edilib.
Qeyd edək ki, hadisə Binəqədi rayonunda, "DSK” yolunun yaxınlığında kafedə baş verib. Kafedə olan oğlanlardan birinin orada işləyən Aynurəyə sataşması davaya səbəb olub.
Belə ki, 2017-ci il yanvarın 1-də "DSK" yolunun üzərində 1997-ci il təvəllüdlü Murad Hüseynovun meyiti küçədə tapılıb. Hadisəni törətməkdə şübhəli bilinən, 1992-ci il təvəllüdlü İlqar Arif oğlu Əhmədov müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, İ.Əhmədov M.Hüseynovun dostu, 1982-ci il təvəllüdlü Rövşən Ağayevə də bıçaq xəsarətləri yetirib. R.Ağayev xəstəxanaya yerləşdirilib.
İ.Əhmədov qəsdən adam öldürməkdə, iki və daha çox adamı öldürməyə cəhddə, E.Cəfərov isə xuliqanlıqda ittiham olunur.