Play Store

Qalmaqallı dərsliyin müəllifi: "Gedib tarix oxusunlar"

Qalmaqallı dərsliyin müəllifi: "Gedib tarix oxusunlar"
21:57 22 İyun 2017
48 Ölkə
Ölkə mətbuatı
A- A+

"Şou-biznes adamları kimi heç bir əsası olmayan qalmaqal yaratmaqdansa, gedib tarix oxusunlar, kurikulumu mənimsəsinlər və növbəti dərslik tenderlərinə qatılsınlar".

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov müəllifi olduğu 10-cu siniflər üçün "Azərbaycan tarixi" dərsliyi ətrafında yaranmış qalmaqala cavab verərkən deyib.

Müəllif irəli sürülən ittihamlarla razılaşmadığını deyir: "İlk növbədə qeyd edim ki, həmmüəllifi olduğum 10-cu siniflər üçün "Azərbaycan tarixi" dərslik layihəsinin xeyli hissəsinin (!!!) materiallarının oğurluq (plagiat) olmasına uzun müddətdir ki, tarix, elm, təhsil sahəsində olsam da, nə adlarını, nə də fəaliyyətini görüb-eşitdiyim bəzi tarixçilər fikir bildirir.

Qəribəsi odur ki, dərslik qalıb kənarda, onlar mənim haqqımda öz ağılları ilə əsası olmayan araşdırma aparırlar. Bu da onların qərəzli, savadsız olduqlarının bariz nümunəsidir. Əvvəla, o tarixdən xəbəri olmayanların nəzərinə çatdırmaq istəyirəm ki, dərslik layihəsinin xeyli hissəsində yox, cəmi bir neçə paraqrafda müəyyən uyğunluqlar var.

Bu uyğunluqların da əsas səbəbi istifadə edilmiş tarixşünaslıq materiallarının eyni mənbədən götürülməsidir. İkincisi, həmin nəşrdə (2001) verilmiş material bütünlüklə Z.Bünyadovun 1989-cu ildə çap olunmuş (daha sonra 2007-ci ildə təkrar çap olunmuşdur) "Azərbaycan VII-IX əsrlərdə" adlı əsərindən köçürülüb (bax. səh. 227-246) və bu mənbə dərsliyin sonunda göstərilməyib. Həmin dərslikdəki IX-XI əsr Azərbaycan dövlətlərimizlə bağlı digər mövzular (Salarilər dövləti, Rəvvadilər dövləti, Şəddadilər dövləti, qismən Şirvanşahlar dövləti) haqqında da bunları söyləmək olar. Daha dəqiq desək, həmin mövzuların (o cümlədən, hazırkı layihəyə daxil edilmiş) bir əsas mənbəyi vardır: M.X.Şərifli. IX əsrin ikinci yarısı-XI əsrlərdə Azərbaycan feodal dövlətləri. Bakı, "Elm" nəşriyyatı, 1978, 344 səh. M. Şərifli orta əsrlər mənbələrini, özündən əvvəlki tədqiqatçıların əsərlərini araşdıraraq bu fundamental əsəri ərsəyə gətirmiş, sonralar isə bu dövrə müraciət edən hər kəs birbaşa və ya dolayısı yolla həmin tədqiqatdan istifadə etmişdir.

2001-ci ildə nəşr olunan "Azərbaycan tarixi" dərsliyindən fərqli olaraq, hazırkı layihədə istifadə edilən mənbələr, əsərlər göstərilmişdir. Son 15-20 il ərzində Azərbaycan məktəblərində tədris olunan "Ümumi tarix" dərsliklərindəki materialların mühüm bir hissəsi keçmiş sovet dərsliklərindən (Korovkin, Agibalova və b. müəllif olduqları) köçürülmədir. Həmin dərsliklərin müəllifləri nəşr etdirdikləri dərsliklərə bu köçürdükləri elmi əsərlərin adını belə əlavə etməmiş, rus-sovet alimlərinin fikirlərini oğurlayıb öz beyinlərinin məhsulu kimi təqdim etmişlər. Onu da qeyd edim ki, Təhsil Nazirliyinin dərsliklərin qiymətləndirilməsi üzrə ekspertlərinin tövsiyələrindən fərqli olaraq, saytlarda həmmüəllifi olduğum dərsliyə irad adlandırılan rəydə dərslik layihəsi müəlliflərinə iradlar tutulsa da, hazırkı layihəyə özünü tarixçi adlandırıb bizi ittiham edənlər kitaba yardım edəcək ciddi təklifləri verməmişdirlər. Verdikləri təkliflər ibtidai sinif səviyyəsindən də aşağı səviyyədədir və demək olar ki, heç biri qəbul edilməyib. Əksinə, dərslik layihəsi hər vəchlə aşağılanmış, beləliklə, nəinki müəlliflərin, eyni zamanda, onu qiymətləndirən Təhsil Nazirliyi ekspertlərinin, TQDK-nın (indiki DİM) əməkdaşlarının zəhməti, yumşaq desək, şübhə altına alınmışdır".

Kamran Əsədov deyir ki, müəlliflər X siniflər üçün hazırlanmış "Ümumi tarix" dərslik layihəsini geniş ictimai müzakirəyə çıxardığına görə, Azərbaycan Respublikası Təhsil Nazirliyinə minnətdarlığını bildirir: "Müzakirələr zamanı respublikamızın qabaqcıl pedaqoji işçiləri tərəfindən qeyd edilən dəyərli rəy və təkliflər dərslik layihəsinin daha da təkmilləşdirilməsinə yardımçı olmuşdur. Müəlliflər həm də Təhsil Nazirliyinin dərslik layihələrinin qiymətləndirilməsi üçün AMEA-nın müvafiq institutlarına göndərilməsini alqışlayr, gələcəkdə də bu tendensiyanın davam etdirilməsini arzulayır. Lakin xahiş olunur ki, AMEA-nın institutlarında yaradılmış qiymətləndirmə üzrə işçi qrupu üzvlərinin həmin ildə tenderə çıxarılmış dərslik layihələrinin yazılmasında iştirak edib-etməmələri də diqqət mərkəzində saxlanılsın".

Ekspertin onu tənqid edənlərə yekun sözü bu oldu: "Sonda bərbad vəziyyətdə tenderə kitab təqdim edib məğlub olanlara demək istəyirəm ki, məğlubiyyəti də bacarmaq lazımdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/556855.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR