Adam öldürməkdə təqsirli bilinən Bakı şəhər sakinləri – 1989-cu il təvəllüdlü Rüfət İsgəndərov və Muxtar Qədirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Publika.az xəbər verir ki, Rüfət İsgəndərov və Muxtar Qədirov qonşuları, 1947-ci il təvəllüdlü Əzizə Həsənovanı öldürmək, onun evini qarət etmək barədə razılığa gəliblər.
Plan
Onlar ilkin olaraq Əzizə Həsənovanın həyat tərzini öyrənmək məqsədilə 20 avqust 2015-ci il tarixdən 25 avqust 2015-ci il tarixədək olan müddət ərzində onu izləyiblər.
Hər iki təqsirləndirilən şəxs qeyd olunan günlərdə qadının həyətinə hasardan keçib və səhər saat 04-dən saat 07-dək onu izləyib. Əzizə Həsənovanın saat neçədə yuxudan oyanmasını, nə kimi hərəkətlər etməsini, evdə başqa şəxsin olub-olmamasını dəqiqləşdiriblər.
Daha sonra onlar avqustun 26-da, saat 05 radələrində əvvəlcədən qurduqları plan üzrə qadının evinin həyətinə hasardan keçərək ağacın arxasında dayanıblar.
Orada Əzizə Həsənovanın evin qapısını açaraq həyətə çıxmasını gözləyiblər. Bu zaman qadının evin həyətinə çıxmasını görən Muxtar Qədirov basqın edərək, ona arxadan yaxınlaşıb və ağzını əli ilə tutub.
Basqın və qətl
Daha sonra Rüfət İsgəndərov da ona köməklik edib və birlikdə qadını boğaz nahiyəsindən sıxaraq huşsuz vəziyyətdə evə aparıblar.
Rüfət İsgəndərov evin otaqlarını axtaran zaman Muxtar qadının özünə gəldiyini görüb. Bu zaman Muxtar qadının qışqıracağından ehtiyat edərək əli ilə ağzını tutub.
Rüfət İsgəndərov bir müddət sonra Əzizə Həsənovanın Muxtara aktiv müqavimət göstərdiyini görüb və qadına yaxınlaşaraq əllərini və ayaqlarını saxlayıb. Muxtar isə əlindəki yapışqan lentlə qadının ağzını bağlamağa çalışıb.
Bu zaman Rüfət İsgəndərov evdə Muxtarın adını bir neçə dəfə çəkib. Əzizə Həsənova Muxtarı tanıyıb və evin axtarışını tam başa çatdıra bilmyiblər.
Qadının qızıllarını və pulunu apardılar
Belə olan halda onlar Əzizə Həsənovanı öldürmək qərarına gəliblər. Onlar Əzizə Həsənovanı boğaraq həyatdan məhrum ediblər.
Qadını qətlə yetirən qatillər sonra evdə axtarış aparıblar. Onlar ümumi dəyəri orta bazar qiyməti ilə 933 manat təşkil edən bir ədəd 900 əyyarlı 5,95 qram sarı qızıldan üzük, bir ədəd 750 əyyarlı 9,6 qramlıq sarı qızıldan olan bilərzik, 583 əyyarlı ümumi çəkisi 10,6 qram olan bir cüt sırğa və qızıl üzük komplektini, həmçinin həmin yerdən 260 manat nağd pulu götürüblər.
İki qatil və 6 maddəli cinayət işi
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq törətmək) maddələri ilə ittiham ediliblər.
Hər iki təqsirləndirilən şəxsin barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işinə hakim Əlövsət Abbasovun sədrlik etdiyi kollegiyada baxılıb.
“Öldüyünə əmin olduq”
Məhkəmədə ifadə verən Rüfət İsgəndərov bildirib ki, avqustun 26-da, saat 05 radələrində Əzizə Həsənova evin giriş qapısından həyətə çıxdıqda Muxtar arxadan ona yaxınlaşıb: “Muxtar əli ilə Əzizənin ağzını tutdu və sağ qolu ilə qadının boğaz nahiyyəsindan sıxaraq yerə yıxdı. Mən isə qadının ayaqlarından tutdum və birlikdə Əzizəni evin giriş qapısından içəriyə sürüyərək apardıq. Muxtar Əzizəni arxası üstə uzadaraq hər iki əli ilə qadının həm nəfəs ala bilməməsi, həm də qışqırmaması üçün ağzından tutdu. Mən isə qadının hər iki əlini tutdum və Muxtar əlində olan yapışqan lentlə Əzizənin ağzını bağladı. Muxtara evi axtarmasını söylədikdə, sonuncu mənə dedi ki, onu adı ilə çağırmayım. Muxtar Əzizənin ailəmizi tanıdığını dedi. Bildirdi ki, əgər onu öldürməsək, hüquq mühafizə orqanlarına məlumat verəcək. Muxtarın adını çəkdiyimə görə Əzizəni öldürmək qərarı aldıq. Muxtar sağ əli ilə Əzizəni arxası üstə uzanan vəziyyətdə dizlərini yerə qoyaraq qadının boğaz nahiyyəsini sıxdı. Mən isə Əzizənin burnunu tutdum ki, nəfəs ala bilməyib, ölsün. Muxtar və mən Əzizəni təxminən 40 saniyə saxladıqdan sonra hərəkətsiz olduğunu gördük. Onun öldüyünə əmin olduq”.
Cəza
Digər təqsirləndirilən Muxtar Qədirov qətli məktəb yoldaşı Rüfət İsgəndərovla birgə törətdiyini etiraf edib. O, bildirib ki, evdə olan zaman Rüfət İsgəndərov onun adını çəkib: “Bu zaman Əzizə bizi tanıdı. Rüfət adımı çəkdiyi üçün qadını öldürdüm”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Muxtar Qədirov 20, Rüfət İskəndərov 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar.
Hökmdən məhkumlardan biri – Rüfət İsgəndərov cəzasının yüngülləşdirilməsi məqsədi ilə apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Rüfət İsgəndərovun apelyasiya şikayəti təmin edilməyib.
Bu qərardan narazı qalan Rüfət İsgəndərov Ali Məhkəməyə müraciət edib. Hakim İlham Cəfərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin kasasiya şikayəti də təmin edilməyib.
Hacı Zeynalov