Erməni hərbi birləşmələrinin Füzulinin Alxanlı kəndində
mülki azərbaycanlılara hücumundan sonra Ermənistan Xarici İşlər
Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tiqran Balayanın
“Twitter”də yazdıqları diqqət çəkdi.
Publika.az xəbər verir ki, T.Balayan “Qarabağda
eskalasiyanın davam etməməsi və itkilərin olmaması üçün Vyana və
Sankt-Peterburq razılaşmalarının yerinə yetirilməsi lazımdır”, -
deyə bildirib.
Bu, ilk baxışdan Ermənistanın şərti kimi görünür, lakin Vyana və
Sankt-Peterburq razılaşmalarının nədən ibarət olduğuna nəzər
saldıqda, İrəvanın Azərbaycanın cavab zərbələrindən qorxaraq geri
çəkildiyi təəssüratı yaranır.
Ötən il baş verən “aprel müharibəsi”ndən sonra mayın 16-da
prezidentlər ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin XİN
rəhbərlərinin də iştirakı ilə Vyanada görüşdü. Qapalı keçirilən
görüşdən sonra verilən bəyanat təmas xəttində atəşkəsə nəzarət
mexanizminin yaradılması ilə bağlı idi. İrəvan bunu erməni
cəmiyyətinə öz qələbəsi kimi təqdim etsə də, bağlı qapılar
arxasında ərazilərin qaytarılması ilə bağlı məsələnin müzakirə
edildiyinə dair informasiyalar var idi. İyunun 20-də keçirilən
Sankt-Peterburq görüşündə isə ərazilərin qaytarılması məsələsi bir
az da konkretləşdi. Görüşdən sonra Bakının rəsmi açıqlamasından da
məlum oldu ki, tərəflər ilkin mərhələdə 5 rayonun qaytarılması,
daha sonra 2 rayonun azad edilməsi, qaçqınların evlərinə qayıtması
və Qarabağın statusunun müzakirə edilməsi haqda razılaşıblar.
Sankt-Peterburq görüşünü təşkil edən Rusiyada da münaqişənin “Kazan
düsturu” çərçivəsində həlli üçün razılığın olduğu haqda
danışılırdı. Ancaq sonrakı mərhələdə bu məsələ dalana dirəndi.
İndi Ermənistanın Vyana və Sankt-Peterburq razılaşmaları deyəndə
nəyi nəzərdə tutduğu maraqlıdır:
- Məlumdur ki, Alxanlı hücumu Ermənistanın substantiv danışıqlardan
yayınmaq və “nəzarət mexanizmi”ni yenidən gündəmə gətirmək məqsədi
daşıyır. Hesab etmək olar ki, bu hücumdan sonra İrəvan Vyana və
Sankt-Peterburq razılaşmalarını gündəmə gətirməklə “nəzarət
mexanizmlərinə” işarə vurur. Təbii ki, hücumun məqsədi və baş verən
proseslər erməni tərəfinin mövcud status-kvonun saxlanılması üçün
əlindən gələn hər şeyi etdiyini göstərir. Lakin burada bir məqam
xüsusilə diqqət çəkir: Axı Vyana və Sankt-Peterburq
razılaşmalarının böyük hissəsi ərazilərin qaytarılması ilə bağlıdır
və rəsmi Bakı yalnız bu şərtlə “nəzarət mexanizmi”nə razı ola
bilər. Mümkündürmü ki, İrəvan bu razılaşmaları gündəmə gətirməklə,
özünü Azərbaycan Ordusunun cavab zərbəsindən sığortalayır?
- Baş verən hadisədən sonra bir sıra ekspert Azərbaycanın cavabının
ağır olacağı haqda danışır. Əslində “aprel müharibəsi”nin təcrübəsi
də bunu deməyə əsas verir: ötən il erməni hərbi birləşmələri
cəbhəboyu kəndlərə hücuma keçərək, mülki azərbaycanlıları qətlə
yetirdi. Ardınca başlanan “aprel müharibəsi”ndə Ordumuz düşmənə son
20 ildə ən ağır zərbəni endirdi və işğal altındakı ərazilərin bir
qismini azad etdi.
Analoji hal indi də yaşana bilər: erməni hərbi birləşmələri ötən il
olduğu kimi, iyulun 4-də aralarında iki yaşlı körpə uşaq olmaqla
Azərbaycan vətəndaşlarını qətlə yetirdi. Azərbaycanın bunu cavabsız
qoymayacağı şübhəsizdir. Bu kontekstdə rusiyalı jurnalist Mixael
Belyayevin sözləri diqqət çəkir. Belyayev hesab edir ki, Azərbaycan
“yumaq” ssenaridə snayperlərlə erməni hərbiçilərini bir-bir
dənləyəcək, “sərt” ssenaridə ağır artilleriya erməni hərbi
birləşmələrinin mövqelərini darmadağın edəcək.