Bakı – APA. İspaniyanın “Qranada” klubunda çıxış edən Eddi İsrafilov Azərbaycan millisində oynamağa razılıq verib.
Apasport.az saytının məlumatına görə, futbolçunun valideynləri və meneceri bu gün AFFA-nın baş katibi Elxan Məmmədovla görüşüb.
Az öncə başa çatan görüşdə tərəflər E.İsrafilovun Azərbaycan millisində oynamaq məsələsini müzakirə ediblər. Yekunda danışıqlar müsbət nəticələnib. Bu isə o deməkdi ki, 22 yaşlı yarımmüdafiəçi Azərbaycan millisinin şərəfini qoruyacaq. AFFA buna görə E.İsrafilova heç bir məbləğ ödəməyəcək.
Qeyd edək ki, anası azərbaycanlı, atası anqolalı olan futbolçu müqavilə ilə İspaniyanın digər klubu “Mursiya”ya məxsusdur.