“Guppultu səsi eşidib bayıra qaçdım”

Bakı Ağır Cinayətlər Məhkəməsində istirahət kompleksinin tikintisində uçqun nəticəsində 2 fəhlənin ölümü ilə bağlı təqsirləndirilən Eltun İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Fikrət Qəribovun icraatında olan prosesdə baxış iclası baş tutub. 

E.İsmayılov ifadə verərək deyib ki, hadisə işə başladığı günün səhərisi baş verib: 

“Taxtabənd və müvəqqəti örtüyü saxlamaq üçün qoyulmuş dirəklərin keyfiyyətinin aşağı olması, bəzi hissələrdə dirəklərin üst-üstə düzgün qoyulmamasına görə örtük betonun ağırlığına dözməyərək çökdü. 

Dirəklər və taxtabənd əvvəlki iş icraçısının dövründə qurulub, taxtabəndin quraşdırılması tam başa çatmayıb, bir sıra möhkəmləndirmə işləri sonadək icra olunmamışdı. İşi qəbul etdikdə oraya bir neçə dirək artırdım, amma hadisə zamanı məlum olub ki, dirəklər möhkəm olmayıb. 

Hadisə günü əraziyə beton qarışdıran maşınlar gəldi, 16 maşın betonu boşaldıb getdilər. 250 tona yaxın beton karkasa töküldü. Son iki maşının boşaldılmasını işçilərə tapşırıb zirzəmiyə düşdükdə qəfildən guppultu səsi eşidib bayıra qaçdım. Beton tökülmüş örtüyün çökərək müvəqqəti örtüyü dağıtdığını, orada işləyən fəhlələrin isə çöküntü altında qaldığını gördüm”. 

Mərhum Ramal Yolçuyevin qardaşı Ramin Yolçuyev deyib ki, hadisə barədə ona dayısı oğlu məlumat verib: 

“Dərhal qardaşımın iş yerinə getdim, çatanda xilsasetmə işləri aparılırdı. Uçmuş beton hissələrinin altından qardaşımın və daha bir nəfərin meyitini çıxartdılar”. 

Hadisə nəticəsində dünyasını dəyişən digər fəhlə Rövşən İbrahimovun keçmiş arvadı Nəzakət Mahmudova deyib ki, onların üç övladı olub: 

“Rövşənlə rəsmi qaydada ayrılsaq da həmişə uşaqlarına maddi köməklik göstərirdi. Aprelin 12-də bacımın oğlu Rövşənin işlədiyi tikintidə uçqun baş verdiyini və Rövşəni öldüyünü xəbər verdi. Rövşənin meyitini Biləsuvar rayonuna aparıb dəfn etdik”. 

Hadisə nəticəsində yaralanan fəhlələr - Fidayəddin Zeynalov və Təbriz Şükürov da ifadə verərək hadisənin necə baş verməsini danışıblar. Onlar heç bir şikayətləri olmadıqlarını deyiblər. 

Qeyd edək ki, hadisə Salyan şossesi 14\2 ünvanda inşa edilən istirahət kompleksinin tikintisində baş verib. Nəticədə adıçəkilənlərdən başqa daha 4 fəhlə - Firəddin Xanlarov, Əmir Mehdiyev, Tofiq Hüseynov və Ayaz Orucov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. E.İsmayılova Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma, zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb. O həbs edilməyib və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. //qafqazinfo


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR