Bakı. 16 avqust. REPORT.AZ/ Keniyada keçirilən prezident seçkilərində namizədliyini irəli sürmüş keçmiş baş nazir Raila Odinqa məğlub olduqdan sonra nəticələrin saxtalaşdırılması iddiası ilə Ali Məhkəməyə şikayət edib.
Bu barədə "Report" "Frans-Press" agentliyinə istinadən xəbər verir.
"Biz Ali Məhkəməyə müraciət etmək qərarına gəldik və hakimiyyətin kompyüter vasitəsilə uydurduğu nəticələri bütün dünyaya göstərmək istəyirik", -deyə keçmiş baş nazir bəyan edib.
Qeyd edək ki, ötən həftə Keniyada keçirilən prezident seçkilərində 54,27% səs çoxluğu ilə hazırkı prezident Uxuru Keniata qalib gəlib. Onun rəqibi, ölkənin keçmiş baş naziri Raila Odinqa 44,74% səs toplayıb.
Beləliklə, Keniyanın indiki prezidenti U.Keniata növbəti 5 il müddətində ölkəni idarə edəcək.