"Futbolçuların 99,9 faizi “ulduz xəstəliyi”nə tutulur" - Qurban Qurbanov

"Futbolçuların 99,9 faizi “ulduz xəstəliyi”nə tutulur"  - Qurban Qurbanov
23:07 19 Avqust 2017
354 İdman
Ölkə mətbuatı
A- A+

"Bizim üçün vacib oyun idi". Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.


 

Topaz Premyer Liqasının II turunda “İnter”i qəbul edən Ağdam klubu 1:0 hesablı qələbəyə sevinib.

 

Matçdan sonra mətbuat konfransı keçirən Qurbanov oyunla bağlı fikirlərini bildirib: "Çətinliklərimiz olsa da, futbolçular sona kimi mübarizə apardılar. Əsas odu ki, 3 xal əldə etdik. “İnter”ə gələn oyunlarda uğurlar arzulayıram".

 

- Əvəzetmələri oyunun gedişinə uyğun fikirləşdiniz?

- Düzü, bir əvəzetməni əvvəlcədən planlaşdırmışdım. Digərlərini isə oyunun gedişinə uyğun olaraq etdim.

 

- Necə düşünürsüz, "Kopenhagen"lə matç daha çətin idi, yoxsa bu oyun?

- Məncə, pis oynamadıq. Bu gün şans qazanan futbolçularda oyun təcrübəsi az idi. Belə olanda, istər-istəməz çətinliklər olur. Yaxşı fürsətlərimiz oldu. Bəzi texniki səhvlər etsək də, ümumilikdə pis təsir bağışlamadıq. Düzdü, daha yaxşı ola bilərdi.

 

- Yakub Jezniçakın “23”lükdə olmamasının səbəbi nə idi?

- Ansi Aqolli ilə Yakub Jezniçaka tam istirahət vermişdim.

 

- Oyunun gedişində üçlü müdafiəyə keçmişdiz...

 - Biz əvvəllər də belə edirdik. Komanda hücumda olanda geridə 3 müdafiəçi qalır.

 

- Qapıçılarla bağlı rotasiyanı avrokuboklarda da görəcəyik?

- Qapıçıların təcrübə toplaması əsasdı. Çalışacağam ki, ikisinə də şans verim.

 

- Düşünmürsüz ki, Əfran bugünkü qolla özünə gəldi?

- Bilmirəm, Əfranı kim tənqid edir, nədən narazıdılar? Bizdə bu, dəb halını alıb. Bir nəfər fikir bildirir, hamı həmin şəxsin üstünə düşür. Buna normal baxıram. Belə şeylərə fikir verməməliyik. Ola bilər, bir də 2-3 ay sonra qol vursun. Bu gün Əfran komandaya faydalı olduğu üçün burdadı. Açığı, mən sosial şəbəkələrə girmirəm. Yəqin o sözləri yazanların həmin vaxt kefləri yerində olur (gülür). Yenə deyirəm, bu gün Əfan komandaya faydalı oyunçudu. Keçən mövsümdə bizim üçün bir neçə faydalı qollar vurub. Elə kubokun finalında da meydanda ən yaxşılardan idi.

 

- Mahir Mədətov son vaxtlar formadadı. Onun mətbuatın gündəmində olması sizi narahat etmir ki?

- Fikirləşin, mən futbolçuları oyunlara hazırlamaqla yanaşı, sosial şəbəkədəki fikirlərdən də qorumalıyam. Həmişə çalışıram ki, futbolçularım belə şeylərdən uzaq olsunlar. Futbolçu psixologiyası elədi ki, 99,9 faizi belə hallarda “ulduz xəstəliyi”nə tutulur. Bir çox oyunçu olub ki, şan-şöhrət onların karyerasına ziyan vurub. Bu gün mən Mahirə görə narahatam. “Kopenhagen”lə görüşdə qol vurduqdan sonra əvvəlki oyununun 50 faizini göstərmədi. Buna görə, gənc futbolçularımızın bu cür reklam olunmasına qarşıyam. Belə şeylərin həddi var.

 

- Vacib oyunlardan öncə futbolçulara sosial şəbəkələrdən istifadəni qadağa qoya bilərsizmi?

- Elə olur ki, futbolçu özü bununla maraqlanır. Dəfələrlə olub ki, futbolçulara müsahibə verməyi qadağa etmişəm. Ancaq buna nəzarət etmək çox çətindi. Təəssüf ki, bizim hətta ən bacarıqlı futbolçularla bağlı belə problemlər olub.

 

- “Kopenhagen”in stadionundakı atmosfer sizi qorxutmur ki?

- Bizim dəfələrlə çətin oyunumuz olub. Hətta elə olub ki, oyun zamanı böyük təzyiqlə üz-üzə qalmışıq. Çalışacağıq ki, komanda soyuqqanlı olsun. Belə stadionda ilk dəfə oynamayacağıq. Həyəcan olacaq. Ancaq bu məsələylə bağlı futbolçularla danışacam.

 

- İlk dəfədi ki, Azərbaycan klubu ÇL-in bir addımlığındadı. Bu, komandaya psixoloji cəhətdən necə təsir edir?

- Psixoloji amil əsasdı. Bu yolda daim çalışırıq. “Kopenhagen”lə oyun üçün bir az daha artıq çalışacağıq.




Mənbə: apasport.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotfutbolcularn-999-faizi-ulduz-xstliyin-tutulurquot-t60027.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR