NATO-nun iki qüdrətli üzvü - Türkiyə ilə Almaniya arasında böhran daha da dərinləşir.

Metbuat.az xəbər verir ki, artıq bir aydan çoxdur ki, ölkələr arasında qalmaqal səngimək bilmir. Referendum ərəfəsində türk nazirlərin Almaniyada keçirilən mitinqlərə qatılmasına qoyulan qadağa ilə başlayan gərginlik sonradan daha da artıb. Türkiyənin almaniyalı deputatları İncirlik aviabazasına buraxmaması isə iki ölkə arasında sayca ikinci qalmaqaldır.

Nəticədə, rəsmi Berlin yeni gərginliklə bağlı alternativ yollara əl atmağa başlayıb. Belə ki, Almaniyanın müdafiə naziri Ursula von der Leyen "İncirlik”dəki alman hərbçilərinin İordaniyaya köçürülməsi üçün fəaliyyətə başlayıb.

Bir neçə gün öncə isə Türkiyə Almaniyaya etiraz notası verib. Buna səbəb Türkiyədə hərbi çevrilişə cəhdin əsas iştirakçılarından biri Adil Öksüzün Almaniyada gizlənməsi barədə xəbərlərin yayılmasıdır.

Ankara Berlindən məlumatın araşdırılmasını tələb edib. Bildirilib ki, terrorçunun Almaniyada olduğu təsdiqini taparsa o dərhal həbs edilərək Türkiyəyə ekstradisiya edilməlidir.

Ankarada səfərdə olan Almaniya XİN rəhbəri deyib ki, rəsmi Berlin İncirlikdəki hərbi kontingentini Türkiyədən çıxaracaq.

“Problemin əsasında strateji məqsədlər dayanır”.

Bunu Metbuat.az-a açıqlamasında politoloq Adıgözəl Məmmədov deyib.

“Həm beyin mərkəzi, həm də istehsal vasitələrinə, ümumdaxili məhsul göstəricilərinə görə Avrozonanın üçdə iki hissəsi Almaniyanın payına düşür. İkinci Dünya müharibəsindən sonra ABŞ Qərbi Avropaya maliyyə dəstəyi ilə yanaşı, siyasi dəstək də nümayiş etdirməyə başladı. Nəticədə Avropada yeni siyasi zümrə-anqlosakson maraqlarına qulluq edən qüvvələr yarandı. Həmin qüvvələrin əsasını isə Xristian-Demokratlar təşkil edir. Türkiyənin maraqları son illər ABŞ və İsrailin dövlət maraqları ilə toqquşur. Məsələn, kürd məsələsində. Türkiyə heç vaxt cənub sərhədlərində kürd dövlətinin yaranmasını istəməz. Şimali Kürdüstan isə dolayı yolla Almaniya ilə əməkdaşlıq edir. Avropa Birliyinə qəbul olunmaq məsələsində də Almaniya Fransanı önə çıxararaq, Türkiyənin Birliyə daxil olmasında maneə kimi göstərməyə çalışır. Almaniya əhalisinin 3,4 milyonu türk əsillidir. Onların Almaniya siyasi mühitinə çox ciddi təsiri var. Türkiyənin əsas istəklərindən biri də regionda ABŞ-İsrail təsirini azaltmaq məqsədilə Moskva-Berlin-Ankara üçlüyünün yaranmasıdır”.

Yaxın 2-3 gündə hava belə olacaq... - AÇIQLAMA-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az