Fransada aparılan araşdırmada 4 ay öncə prezident seçilən Emmanuel Makrona inananların sayının kəskin azaldığı məlum olub.
Metbuat.az bildirir ki, bu rəqəm 57 faiz nisbətində aşağı düşüb. Araşdırmada Makronun prezident seçildiyi aydan etibarən ona inamın sistematik bir şəkildə azalması müəyyənləşib.
Əvvəlki dönəmlərdə Fransaya rəhbərlik etmiş Fransua Olland və Nikola Sarkoziyə nisbətən Makronda bu göstəricilər olduqca aşağıdır.
Makronun da Tramp kimi impiçment məsələsi gündəmə gələ bilərmi?
“Makron hakimiyyətinin siyasi böhrana gətirib çıxara biləcəyinə inanmıram”.
Bu sözləri Metbuat.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
“Siyasətçinin reytinqi enə də, qalxa da bilər. Makronla Trampın reytinqinə təsir edən amillər tamamilə fərqlidir. Trampın reytinqinə təsir edən amillərə ilk növbədə Rusiya ilə bağlı siyasətdəki mövqeyi və ABŞ-da ciddi dəyişikliklərə nail ola bilməməsidir. ABŞ kimi ölkədə sistemli şəkildə fəaliyyət göstərə bilməyən siyasətçinin aqibəti həmişə belə olub. Makrona da çox böyük problemlər miras qalıb. O. kifayət qədər çevik və təcrübəli, imici təmiz siyasətçidir. Görünür, xalq ondan daha böyük işlər gözləyir. Tələbkar fransızlar Makronun çox qısa müddətdə böyük möcüzələr yaratmasını gözləyir. Möcüzə isə asan başa gəlmir. Makron ictimai rəyə önəm verən insandır. Güman edirəm ki, prosesləri yaxın zaman müddətində yoluna qoymağı bacaracaq. ABŞ və Fransa qanunları arasında böyük fərq var. Fransa tarixində prezidentin impiçment yolu ilə hakimiyyətdən uzaqlaşdırılması faktı qeydə alınmayıb”.
| Binaların yaratdığı havasızlıq - Bakının ağır dərdi...-Oxumaq üçün tıkla |
Aytən Novruzova / Metbuat.az