Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın vaxtlarda İrana səfəri gözlənilir.
Metbuat.az xəbər verir ki, bu barədə İran XİN nümayəndəsi Bəhram Kasemi bildirib.
XİN nümayəndəsi səfərin dəqiq vaxtı və təfərrüatları barədə məlumat verməyib.
“Bu cür səfərlər Yaxın, Orta Şərq regionunun iki əhəmiyyətli dövləti üçün anlaşılmaz məqamların aradan qaldırılması üçün olduqca vacibdir”.
Bu sözləri Metbuat.az-a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov deyib.
“Türkiyə-İran münasibətlərində müəyyən anlaşılmaz məqamlar var. Bir çox hallarda tərəflər bir-birinə münasibətdə kəskin bəyanatlar verir. Lakin hər iki dövlət fərqindədir ki, dövlətlər arasında münasibətlər nə qədər mürəkkəb olarsa, hər iki tərəf bundan itirmiş olur. Hesab edirəm ki, belə səfərlərin çox böyük əhəmiyyəti var. Bu vaxta qədər Suriya böhranı ilə bağlı məsələdə rəsmi Ankaranın Bəşər Əsəd rejiminə qarşı kəskin mövqeyi ilə rəsmi Tehranın tutduğu mövqe tamamilə fərqli idi. Ərdoğan Bəşər Əsədin hakimiyyətdən getməsini dəstəkləyirdisə, İran tam əks mövqedən çıxış edirdi. Lakin son zamanlar tərəflərin mövqeyində yumşalma özünü göstərir. Səfər çərçivəsində təhlükəsizlik məsələləri, İŞİD-ə qarşı mübarizə, beynəlxalq terrorizmə qarşı mübarizə məsələlərinin gündəmdə olacağı istisna deyil. Xüsusilə də, enerji, təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərinin diqqətdə saxlanacağı gözlənilir. Hesab edirəm ki, səfər çərçivəsində həm ikitərəfli, həm də regional təhlükəsizlik və regional əməkdaşlıq məsələləri xüsusi diqqətdə saxlanacaq”.
MakronlaTrampı birləşdirən cəhətlər - Maraqlı faktlar-Oxumaq üçün tıkla |
Aytən Novruzova / Metbuat.az