Quba rayonu Əsparəsti kənd sakini Əfsəl Qazıyev 48
yaşında tələbə adını qazandı.
Publika.az xəbər verir ki, cari tədris ilinin ən
yaşlı abituriyenti hesab olunan Əfsəl Qazıyev, uşaqlıqdan arzusunda
olduğu Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinə
ekologiya ixtisası üzrə qəbul olub.
1989-cu ildə o vaxtki Quba Sovxoz texnikumunu bitirən kənd sakini
daim ali təhsil almaq arzusunda olub. 2 dəfə ali məktəbə qəbul
olmaq üçün sənəd versə də, cəhdləri uğursuz olub. Buna baxmayaraq,
o, həvəsdən düşmədən çalışıb və illər sonra məqsədinə nail
olub.
Əfsəl Qazıyev - 48 yaşlı tələbə: “Əsas insanda
iradədir. Arzuya, amala çatmaq üçün insan qarşısına məqsəd qoydusa,
ona mütləq çatacaq. 25 yaşına çatan oğlan uşağı, qız uşağı fərqi
yoxdur. Mən dedim onlara bir yol açaram, məndən cavanlar da ali
məktəbə qəbul olarlar”.
Əfsəl Qazıyev bildirir ki, ali məktəbə sənəd verərkən bunu yalnız
ailəsi ilə bölüşüb və yaxınları onun qərarını dəstəkləyib. 4-cü
ixtisas qrupu üzrə ilk imtahandan 157 bal toplayan abituriyent,
2-ci imtahandan 198 bal toplayaraq arzuladığı fakültəyə dövlət
sifarişi ilə qəbul olub. 4 övlad atası olan Əfsəl Qazıyev qəbul
imtahanlarına repetitor yanına getmədən, 10-cu sinifdə oxuyan qızı,
Sarıköynəklə birlikdə hazırlaşıb.
Əfsəl Qazıyev, Dövlət Aqrar Universitetində təhsil almaq üçün lazım
olan bütün sənədləri toplayıb və ali tədris ocağında qeydiyyatdan
keçib. Sentyabrın 15-dən etibarən, Gəncə şəhərində tələbələr üçün
ayrılan yataqxanada qalaraq təhsilini davam etdirəcək. (ARB 24)