"Azercell" tələbələr üçün növbəti təqaüd proqramına başlayıb

"Azercell" tələbələr üçün növbəti təqaüd proqramına başlayıb
15:27 19 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 19 sentyabr. REPORT.AZ/ Yeni tədris ilinin başlanması ilə ölkənin aparıcı mobil operatoru olan "Azercell Telecom" şirkəti sentyabrın 15-dən bütün tələbələr üçün növbəti təqaüd proqramına start verib. Şirkətdən "Report"a daxil olan məlumata görə, bu proqramı həyata keçirməklə "Azercell" təhsilində müvəffəqiyyət əldə edən yüksək potensiallı tələbələrə xüsusi qayğı göstərmək, onların gələcəkdə peşəkar kimi formalaşmasına dəstək olmağı məqsəd tutur.
"Belə ki, proqramın bütün seçim mərhələlərini uğurla adlayan tələbələr cari təhsil müddətinin sonuna qədər şirkət tərəfindən müəyyənləşdirilmiş təqaüd alacaq. Gənclər bu proqram çərçivəsində, eyni zamanda, telekommunikasiya sahəsi haqqında biliklərini artırmaq, şirkətin korporativ tədbirlətində və sosial fəaliyyətində iştirak etmək, müxtəlif təlimlərə qatılmaq və şirkətdə təcrübə keçmək imkanını əldə edə biləcəklər. Bu il Tələbə Təqaüdü Proqramı Bakı və bölgə ali təhsil müəssisələri ilə yanaşı, SABAH qruplarında təhsil alan tələbələr üçün də keçiriləcək. Müraciət etmək üçün tələbələr şirkətin rəsmi veb-səhifəsinə (www.azercell.jobs) daxil olub qeydiyyatdan keçməlidirlər. Ərizələr yalnız onlayn formada qəbul edilir. Müraciətlərin son qəbul tarixi 15 oktyabrdır", - deyə şirkətin məlumatında əlavə edilib.
Qeyd edək ki, "Azercell" şirkəti Tələbə Təqaüdü Proqramını 2008-ci ildən etibarən hər tədris ilində təqdim edir. Bu vaxtadək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 130-dan çox tələbə şirkətin fəxri təqaüdçüsü adına layiq görülüb. Həmin tələbələr təqaüd almaqla yanaşı, həm də şirkətin mütəxəssislərinin yardımı ilə gələcək karyeraları üçün təcrübə qazanıblar. 


Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/azercell-telebeler-ucun-novbeti-teqaud-proqramina-baslayib23

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR