Məşhur italyan biznesmeni və "Renault Formul 1" komandasının rəhbəri Flavio Briatorenin sərvəti 150 milyon dollar dəyərində qiymətləndirilir. İtaliyada onun adı - müvəffəqiyyətin sinonimidir. Həyat fəlsəfəsi sərvət və cah-calaldır. Kosta-Smeralda sahilinin ən mənzərəli yerində tikilən villasında keçirilən “Billionaire Club”un əyləncə gecələrində ən yaxşı DJ-lər çalışır, Nyu-York, Moskva və başqa şəhərlərin ən sanballı adamları səhərə qədər rəqs meydançalarında çoşurlar. Və ümumiyyətlə onun qonaqlıqlarında dünyanın ən zəngin insanları dincəlməyi sevir.
O heç vaxt gizlətməyib ki, əsl əyləncə gecələrinin təşkil edilməsi üzrə bir nömrədir. Həyatının müxtəlif dövrlərində Haydi Klum, Naomi Kempbel, Yeva Qerçiqova və Elizabettı Qreqoraçi kimi məşhur modellərlə sevgili olub. Bununla belə o, dayanmadan olaraq çalışır və böyük pullar qazanmağı bacarır.
Flavio Briatorenin maraq dairəsi kifayət qədər genişdir. O, "Formula-1"-dən, (vaxtında Mixail Şumaxer və Fernando Alonsonu dünyaya məhz Flavio tanıdıb) əyləncə sənayesi və dəbə qədər bir çox sahələrdə irihəcmli layihələr həyata keçirib. Bu gün gənc italiyalıların çoxu Briatoreyə oxşamaq istəyir. Bunun üçün onun instaqram və feysbuk səhifəsinə nəzər salmaq kifayətdir. Milyonçunun ünvanına saysız-hesabsız komplimentlər yazan gənclər biznes sahəsində uğur qazanmağın formullarını ondan öyrənməyə çalışırlar.
Publika.az oxucuları milyonçunun pul, qadınlar və həyatın mənası haqqında düşüncələri ilə tanış edib.
"Mən İtaliyanın şimalında, balaca kənddə, ibtidai sinif müəllimlərinin ailəsində boya-başa çatmışam. Dostlarımın əksəriyyəti ömrünün sonuna qədər orada yaşamağı və işləməyi düşünürdü. Bu, mənim ambisiyalarım üçün çox az idi".
“Limanda qayıqlara və şəhərdəki idman maşınlarına baxmaq üçün ilk dəfə 18 yaşımda Monte-Karloya getdim. Dostlarım bu mənzərəyə sakitcə heyranlıqla baxanda, mən düşünməyə başladım ki, uğurlu və varlı olmaq üçün nə edə bilərəm. Nə üçün? Əlbəttə ki, yaxtalar, avtomobillər və s. müklərə sahib olmaq üçün. Ən qısa müddətdə Milana, sonra isə Amerikaya getmək üçün əlimdən gələni etdim. Bu gün mən Monte-Karloda yaşayıram".
"Mənim ilk böyük uğurum - dostum və ustadım Luçano Benetto ilə görüş oldu. Ondan çox şey öyrənmişəm. Biz birlikdə ABŞ-da “Benetton”u təsis etdik. Karyeramda ikinci ən vacib dönüş nöqtəsi “Formula 1” yarışlarında fəaliyyətim oldu. Elə bu yarışmasının sayəsində digər dostum Berni Ekklstounla tanış olmaq imkanı qazandım. Yeri gəlmişkən, bu gün cənab Ekklstoun “Formula 1”-in fəxri prezidentidir”.
"Bəli, mən "Formula 1" çempionatlarında qalib gəldim, amma bunu təkbaşına edə bilməzdim. Əvvəlcə mən komandanı yaratdım, ən yaxşı mühəndis və mexanikləri işə götürdüm, ən yaxşı mühərrikləri tapdım. Mənim duyumum güclüdür. Dərhal başa düşdüm ki, Mixael və Fernando çempion olacaqlar, hərçənd ki, biz görüşəndə onlar çox gənc idi. Hər halda mənim biznes və digər layihələr üçün qaydalarım dəyişməzdir: keyfiyyətli, inkişaf etmiş, üstəgəl düzgün duyumu olan komanda”.
"Kolleksiya yığmaq və qolf oynamaq kimi hobbim yoxdur. Mənim məşğuliyyət həmişə işim olub".
"Biznesdə sən daim qalxırsan və yıxılırsan. Bu, prosesin bir hissəsidir. Uğursuzluq səni həmişə izləyir. Bunun da çoxlu səbəbləri ola bilər: Zaman, başqa bir adamın günahı və s. Lakin ilk uğursuzluqdan sonra ruhdan düşünmək laızm deyil ki, sən həmişə iflasa uğrayacaqsan. Sən bütün qüvvəni toplayıb növbəti mərhələyə addımlamalısan.
Tikanlı məftili çeynə! Uğur qurban tələb edir! Mənim əsas qaydalarımdan biri budur. Mən “məftili çeynəmək” hissini yaşamışam və sizi əmin edə bilərəm ki, immunitet istehsal olunmur: Hər dəfə siz "çeynəyirsiniz", amma daha da güclü olursunuz. Mənimlə işləyən insanlardan, xüsusilə gənclərdən də eyni dözüm və güc gözləyirəm. Təəssüf edirəm ki, gənclər tez ruhadan düşür, iradəsizdirlər, zərbələri qəbul etmək və əllərini ağdan-qaraya vurmaq istəmirlər. Bax bu, məni məyus edir.
Uğur üçün qətiyyət vacibdir. Dünya görüşünüzünü artırmaq üçün şanslardan istifadə etməyi bacarın, başqa imkanlar axtarın, səyahət edin, dillər öyrənin. Düzgün əlaqələr və ünsiyyət qurmaq lazımdır. Hətta sıfırdan başlamaqdan, qorxmaq lazım deyil”.
"Ac olun. Unutmayın ki, sizin məqsədin başqalarına yox, özünüzə nəsə sübut etməkdir. Bu isə istənilən boss üçün vacib şərtdir. Hətta siz çox zəngin olsanız da, ac qalın. Bu, vacibdir. “Aclıq" dedikdə sürət və istəyi, yeni layihə və ideyaların həyata keçirilməsini nəzərdə tuturam. Yeni biznes layihələrinin uğurla inkişaf etdiyini görəndə qürur hissi keçirirəm, bu uğur layihədə çalışan komanda üçün vacibdir".
"Varlandıqdan sonra tamahkara çevrilən insanları görəndə təəssüflənirəm. Hesab edirəm ki, pul onları başqa layihələrə yatırmaq, həyatdan zövq almaq və yeni iş imkanları yaratmaq üçün lazımdır”.
"Mənim mühərrikim ehtirasdır. Bu yaxınlarda Sardiniya (İtaliyada ada) maldarlarına onların unikal penirlərini “Eataly” qrupa və digər restoranlara birbaşa satışını həyata keçirməsinə kömək etdim. Mən bundan maddi qazanc əldə etmədim, amma gözəl məhsulu olan ləyaqətli insanlara kömək etdiyim üçün şadam. Onlar pendirlərini sata bilmirdilər. Mən öz məsləhətlərim və əlaqələrimlə onlara kömək etdim və layihə baş tutanda çox böyük məmnunluq hissi keçirdim".
"Yaxşı boss həmişə məlumatlıdır, biznesin hər bir aspektini düşünür, hər kəslə ünsiyyət qurur, bu, əməkdaşlar üçün motivasiya və əla informasiya mənbəyidir".
"Mən hamıya və həmişə ikinci şans verirəm, lakin çox ciddi səhv buraxanlara yox. Həmçinin heç vaxt üçüncü şansı vermirəm. Biznesdə "bəraət kitab"ının səhifələri çox azdır".
"Sən pulu qazanırsan və itirirsən, o dövr edir. Mənim hər bir insan kimi yeganə qorxum sağlamlığımı itirməkdir. Sağlamlığı heç bir pula almaq mümkün deyil. Qalan bütün problemləri həll etmək olar".
"Xəstəlik (Flavio Briatoredə 2006-ci ildə bədxassəli şiş aşkarlanıb) üzərində qələbədən sonra həyatım dəyişdi. Bu dönüş nöqtəsi idi. Ömrünə az qaldığını düşünəndə sənin dünyagörüşün dəyişir. Sən mübarizə aparmaq istəyirsən, sonra da başqa prioritetləri tapırsan. Sağalandan sonra Elizabetlə evləndim və bizim iki övladımız oldu. Nə yaxşı ki, oğlum Falko Natan həyatımda var. O, mənə sevinc verir, hər gün təəccübləndirir və məni cavanlaşdırır”.
"Pul, şübhəsiz ki, yardım edir, bunu dana bilmərəm, amma mən pulum olmayanda da həyatdan həzz alır və özümü xoşbəxt hiss edirdim”.
"Mən ilk 1000 avronu 20 yaşımda sığorta şirkətində işləyəndə qazanmışam. Bu pula özümə maşın və bir neçə yaxşı kostyum aldım".
"Pasportda 67 yaşım olduğu yazılıb, ürəyim isə 30 yaşındadır. Mən dəyişməmişəm. Ətrafında gənc insanların olması vacibdir, çünki onlar öz fikirləri ilə sənin zəkana gənc qalmağa kömək edir, motivasiyanı dəstəkləyir. Onlar səndən öyrənirlər, eyni zamanda sən də onlardan yeni məlumatlar əldə edirsən”.
"Oğlum tez-tez Keniyaya səfər edir və orada uşaqların pis şəraitdə yaşamasının şahidi olur. O, çox həssasdır və başa düşür ki, onun bəxti gətirib. Mən onda düzgün münasibət formalaşdırmağa çalışıram, o, başa düşməlidir ki: Həyatda heç nə asanlıqla əldə edilmir və onun bu gün sahib olduqları çətinliklə qazanılıb, hər şey səbir və insan fəaliyyəti nəticəsində əldə edilib”.
"Mən uğurlu qadını necə görürəm? Qadın təbii və şən olmalıdır ki, onunla darıxmaysan. Əlbəttə, xarici görünüşü rol oynayır, amma bəzən görürsən ki, gözəl qadınlar çox bəzənib və ya çox neqativdir. Bu zaman onlar öz cəlbediciliyini itirir. Eyni ilə kişilərlə də. İstənilən qadından soruşun, o, həyatdan həzz ala bilən və onu güldürə bilən insanı yanında görmək istədiyini deyəcək”.
"Müasir qadını pullarla korlamaq olmaz, müasir qadınlar müstəqildir və bir çox hallarda onlar öz zəhməti ilə qazanır. Kişilər üçün də, qadınlar üçün də maliyyə baxımdan rasional münasibətləri saxlamaq və onları ağılla istifadə etmək əhəmiyyətlidir”.
"İtalyanlar nəyə görə sevilir? İtaliyada estetik sənət ənənələri güclüdür. Bundan başqa, italyan həyat tərzi çoxlarının gəlir: italyanlar ləzzətli yeməyi və yaxşı vaxt keçirməyi sevirlər. Yeri gəlmişkən həm zövq, həm də biznes üçün ləzzətli yemək mühüm bir komponentdir. Daha bir cəhətləri də var. Onlar həmişə başqalarından daha yaxşı geyinməyə üstünlük verirlər".
Aytən