Peşmərgə, yoxsa İraq ordusu... - Hansı daha güclüdür?

Kərkükdə Peşmərgə ilə İraq ordusu arasında qarşıdurma davam edir. Artıq İraq ordusu Kərkükdə bir çox mühüm əraziləri Peşmərgədən alıb. Qarşıdurmaların baş verdiyi zamanda, hər iki qüvvənin ordu gücünün necə olduğunu müəyyən etmək istədik.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən hərbi ekspert Ramil Məmmədli deyir ki, analiz etsək görərik ki, kürd silahlı birləşmələrinin imkanları o qədər də zəif təhlil olunmamalıdır:

“Əslində, İŞİD terror qruplaşmasının İraq və Suriya ərazisindəki terror hadisələri, hücum aktları və ələ keçirilmiş ərazilərdə formalaşdırdığı hərbi nəzarət mexanizminə qarşı İraqın və Peşmərgənin qüvvələri birgə döyüşüblər. Həmin dövrdə Amerika Peşmərgənin silahlandırılması, hərbi-texniki vasitələrlə təmin olunması ilə bağlı bir sıra addımlar atıb və silahlandırmanı həyata keçirib. Bu prosesdə İsrail də kürd silahlı birləşmələrinə öz dəstəyini göstərib. Bundan başqa, müəyyən dövrdə Türkiyə də həmin qüvvəllərə hərbi-siyasi dəstək verib, o cümlədən hərbi texnikanın əraziyə keçirilməsinə şərait yaradıb. Bunları deməkdə məqsədim odur ki, Peşmərgə adlandırılan kürd silahı birləşmələrinin hərbi texnikası kifayət qədərdir. Ancaq nizami orduya malik dövlətlərin silahlı qüvvələri ilə müqayisə oluna bilməz. Buna baxmayaraq, Peşmərgə döyüş qabiliyyətinə malik və həmin ərazini çox yaxşı tanıyan, silahla davranmağı bacaran hərbi birləşmələrdir”.

Hərbi ekspertin sözlərinə görə, son 4-5 ildə İraq ordusu ciddi şəkildə problemlərlə üzləşib və İŞİD-in hücumu nəticəsində çoxlu sayda hərbi texnika, silah-sursatını itirib: “Buna baxmayaraq, İŞİD-lə mübarizə zamanı göründü ki, İraq ordusu öz döyüş qabiliyyətini itirməyib. Ordu ərazilərinin işğaldan azad olunması üçün ciddi, əhəmiyyətli hərbi əməliyyatlar həyata keçirə bildilər. Əlbəttə ki, burda hərbi siyasi və hərbi texniki dəstəkdən də söhbət gedə bilər. Məsələ burasındadır ki, Şimali İraqda müstəqil kürd dövlətinin yaranmasının əleyhinə olan Türkiyə, Peşmərgəyə qarşı keçirilən hərbi əməliyyatlarda İraq ordusuna dəstək verəcək. Bu, açıq şəkildə ola bilsin bildirilməsin, amma bu və ya digər texniki vasitələrdən istifadə etməklə İraq ordusuna dəstək olacaq.

Bu baxımdan, hazırki qarşıdurmada İraq ordusunun imkanları daha yüksəkdir. Digər tərəfdən, İranın da İŞİD-lə mübarizə zamanından bu illər ərzində İraq ordusuna hərbi texniki və canlı qüvvə ilə dəstək verdiyi hamımıza bəllidir. Əlbəttə, İran orada kürd dövlətinin yaranmasını istəmir. Region dövlətlərinin İraq ordusuna dəstəyini nəzərə alsaq, birmənalı bildirmək olar ki, onların qısa zamanda müəyyən nailiyyətlər əldə edəcəyi şəksizdir. Amma burda Amerikanın və İsrailin də rolu nəzərə alınmalıdır. Regionda kürd muxtariyyətinə dəstək göstərəcək yeganə dövlət İsraildir, eyni zamanda Amerika da bu və ya digər şəkildə dəstək göstərir. Əməliyyat sürətli keçirilərsə, İran və Türkiyə, İraq ordusuna lazımi şəkildə dəstək verərsə, Kərkük kürdlərin nəzarətindən çıxacaq və ərazidə uzun illər əvvəlki milli balans qorunacaq”.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı