“SOCAR Methanol” istehsal hədəflərini açıqlayıb

“SOCAR Methanol” istehsal hədəflərini açıqlayıb
16:12 23 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 23 oktyabr. REPORT.AZ/ “SOCAR Methanol” şirkəti gələn il Metanol Zavodunda 250-300 min ton metanol istehsal etməyi planlaşdırır.
“Report” xəbər verir ki, bunu “SOCAR Methanol” MMC-nin baş direktoru Elnur Mustafayev jurnalistlərə bildirib.
O qeyd edib ki, 5 illik hədəfdə istehsalın artırılması nəzərdə tutulur: “Bu baxımdan 2019-cu və sonrakı illər xüsusilə önəmlidir. Məlumdur ki, 2019-cu ildən Azərbaycanda təbii qaz hasilatının artırılması gözlənilir. Qaz hasilatının gözlənilən artımı zavodun məhsul istehsalında da artıma imkan yaradacaq. Ümid edirik ki, 2019-cu ildən etibarən zavodun potensialından daha çox istifadə edəcəyik. Zavodun potensialının 70-80% və daha çox istifadə olunması planı müzakirə olunur”. 
Baş direktor həmçinin bildirib ki, müəssisədə əlavə 2 saxlama anbarının quraşdırılması da nəzərdə tutulur.
Qeyd edək ki, noyabrda Zavodda əsaslı təmir işlərinə başlanacaq və planlaşdırılmış təmir işləri 4 ay davam edəcək. Bu il üçün zavodda istehsal hədəfi 250 min ton təşkil edir və artıq plan tam yerinə yetirilib.
Xatırladaq ki, Qaradağ rayonunda yerləşən Metanol Zavodu 2013-cü ildə istismara verilib. Zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, bu ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

Xəbərin orijinal ünvanı: https://report.az/senaye/socar-methanol-istehsal-hedeflerini-aciqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR