Bakı. 6 noyabr. REPORT.AZ/ "İspaniya hökuməti Belçika məhkəməsinin Brüsseldə olan Kataloniyanın rəhbəri vəzifəsindən uzaqlaşdırılmış Karles Puçdemon və regional hökumətin sabiq dörd üzvünə dair qərarına hörmətlə yanaşır".
"Report" TASS-a istinadən xəbər verir ki, bunu İspaniyanın baş nazirinin müavini, ölkənin ərazi idarəsinin naziri Soraya Saens de Santamariya bildirib.
"İspaniyanın, Belçikanın və ümumiyyətlə, hakimiyyət bölgüsünə və məhkəmə orqanlarının müstəqilliyinə hörmət edən bütün dövlətlərin məhkəmələrinin qərarlarına sonsuz hörmətlə yanaşırıq", - deyə baş nazirin müavini vurğulayıb.
Xatırladaq ki, noyabrın 3-də İspaniya Milli Məhkəmə Kollegiyası Puçdemon və hazırda Belçikada olan Muxtariyyət hökumətinin dörd keçmiş üzvünün həbs edilməsi barədə qərar verib. Noyabrın 5-də Kataloniyanın keçmiş lideri və tərəfdaşları könüllü şəkildə Brüssel polisinə gedib.
Təqsirləndirilənlər dinlənildikdən sonra belçikalı hakim Puçdemon və tərfdaşlarının azadlıqda qalmasına dair qərar qəbul edib. Amma onlara Krallığın ərazisini tərk etmək qadağan edilib.