"Bir çoxları Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rolunu təsəvvür etmirdi"

Bir çoxları təsəvvür etmirdilər ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dünya miqyasında nə qədər böyük rolu olacaq.

Metbuat.az-ın məlumatına görə, bunu noyabrın 10-da Gəncə Dövlət Filarmoniyasının yeni binasının açılışında iştirak edən Prezident İlham Əliyev Gəncə şəhəri ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Dövlətimizin başçısı bildirib: "Burada Nizami Gəncəvi Beynəlxalq Mərkəzi haqqında qeyd olundu. Bu da çox tarixi bir hadisədir. Çünki bu Mərkəzin yaradılması dünya miqyasında bir hadisə oldu. Biz bu Mərkəzi yaradarkən, əlbəttə, görürdük ki, bunun çox böyük gələcəyi var. Ancaq hesab edirəm, bir çoxları təsəvvür etmirdilər ki, bu Mərkəzin dünya miqyasında nə qədər böyük rolu olacaq".

İlham Əliyev əlavə edib ki, bu gün Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin xətti ilə keçirilən qlobal forumlar dünya miqyasında nadir beynəlxalq tədbirlərdir:

"Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən artıq beş dəfə Bakı Qlobal Forumu keçirilib. Bu forumlarda həm onlarla fəaliyyətdə olan, həm də keçmiş dövlət və hökumət başçıları iştirak edirlər. Hər il bu Forum keçirilir və Forumun işində mən də iştirak edirəm. Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətini ən azı ildə bir dəfə qəbul edirəm. Həmişə onlara tövsiyə edirəm ki, mütləq Gəncəyə də gedin. Onlar dəfələrlə burada olublar və Gəncə haqqında onların təəssüratları çox müsbətdir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR