Şirvanşahlar və Musiqi sisteminin arxitektura tətbiqi

Möcüzə ecazıyla toxunmuş bu əsərin, daşlaşmış canlı abidənin bir gün özünə qayıdışı baş tutarsa, dəhşətli bir səs dünyanı başına götürəcək. O zaman bəlkə də əsl səsimizin şahidinə çevriləcəyik. Dünya aləm bir gün bir-birinə dəyib haqsız haqlının izini-tozunu yer üzündən silmək istəyəndə, bəlkə də daşa çevrilmiş Şirvanşahlar sarayı adlı səsimiz o zaman daşığından çıxaraq ağı ağlığına, qaranı qaralığına qaytaracaq. Nə yaxşı ki, ilkin səsimizin izi hələ də var. Nə yaxşıki, o ilkin dediyimiz səsimizin də, mayasında İlahilik, sonsuzluq, İşıq uyuyur.

Azərbaycan ərazisində, Azərbaycan adından kənarda mədəniyyət tariximizin daşıyıcılığını edən onlarla adlar mövcuddur. Bu mədəniyyət daşıyıcılığını yüklənmiş adların hamısı müxtəlif üsullarla, yollarla Azərbaycanın varlığına, adına işləmişdir həmişə. Eləcə də Azərbaycan şahlar deyil, Şirvanşahlar sarayı da bu qəbilədəndir. Şirvanşahlar adına nə qədər tariximizdə cizgilər, adi bir xətlər, xalçasından tut da kitabına, savaşına, dövlətçiliyinə, eləcə də tarixi memarlıq kompleksinə kimi Azərbaycan adlı bir yurdun adına- sanına işləyir.

O da var ki, Azərbaycanın adı, tarixi adı təkcə öz adında qalmayıb. Bu gün bu yurdun adını onlarla tarixi adlarımız, eləcə də dövlət, mədəniyyət adlarımız daşıyıb, layiqincə varlığına hopdurub sığdıra bilib. Eləcə də, Şirvanşahlar adı, Şirvanşahlar adıyla yapılmış tarixi memarlıq kompleksi də. Içəri şəhərin ən şəhanə mərkəzlərindən biri Şirvanşahlar sarayı sayılır. Bu memarlıq abidəsinin yerləşim məkanı da təsadüflərə sığmaz, tam ölçülü-biçili şəkildə indi də bizləri heyrətlər içərisində qoyur.

Kainatın nəfəs alışı içərisində tam da bir kosmik ritmə ayaq uyduraraq milli təfəkkürümüzün ötələrindən yenidən bizlərə, yaddaşımıza qayıdaraq kimliyimizin möhrünü ortaya qoyur.Tarixçilərin də, arxeoloqların da dediyinə görə, saray şəhərin altında qalmış bir dağın üzərində inşa edilmişdir.

Sarayla ilgili saysız-hesabsız yazılar, kitablar yazılmış, versiyalar irəli sürülmüşdür. Sarayla, ümumiyyətlə mədəniyyətimiz üçün vaz keçilməz olan bir versiyanı sizlərə də təqdim etmək zorundayıq. Qədim Çində dövlət mədəniyyətinin iki şey üzərində qurulduğu dönə-dÖnə vurğulanırdı. Onlardan biri əlifba, digəri isə musiqiydi. Musiqi demişkən, bir məsələ üzərində durmağımız məncə, zəruridir. Mədəniyyətimiz üçün vazkeçilməz bir sirrə-sehrə dönüşmüş musiqimizin əvvəli və sonu olan muğamdakı sistemin qədim çinlilərin 2000 min il bundan qabaq söylədikləri fərziyyəni təsdiqləməsi, eynən şaman düşüncəsini, şumer mədəniyyətini yenidən diriltmək kimi bir şey olur, qafil!

Musiqidə tapıntı sayılan sistemi təkcə musiqidə saxlamamış, bu millət eyni şəkildə o sistemi zamanı gəldiyində xalçaçılığa, zamanı gəldiyində minyətür sənətində, zamanı gəldiyində dövlətçilikdə, zamanı gəldiyində ədəbiyyatda, məsələn elə Əsli-Kərəm dastanının stukturunda, zamanı gəldiyində isə elə Şirvanşahlar sarayının memarlıq üslubunda, quruluşunda tətbiq etməli olmuşdurlar. Əslində Şirvanşahlar sarayı yerli-dibli araşdırılarsa, milli memarlıq dəyəri baxımından xalçadan, Dədə Qorqud, Koroğlu dastanından, muğamdan heç bir fərqi yoxdur. Əsrlərdir bu millətin donmuş səsinin rolunu oynayan Şirvanşahlar sarayı hər gözqırpımındakı fərqli xallarla, güllərlə, məqamlarla, ritimlərlə, sükutuyla da nə vaxtsa muğamat yaddaşımız itirilib silinərsə, onun əsasında bu sirli keçmişin əsəri olan yaddaşımızı asanlıqla bərpa edə bilərik.

Doğrudan da, millətin səsi bəzən bu şəkildə, bu tipli min bir çalarlı abidələrlə bitib tükənməz göy qübbəsinin altında imzalarımızı imzalar içərisində tanıdır, təsdiq edir. Abidələrin olması o qədər də önəmli deyil. Bu gün dünyada keçmişdən günümzə yadigar qalmış minlərlə abidələrin olduğu şəksizdir.

Ancaq Şirvanşahlar sarayı kimi özünəxas, milli koloritdə tikilmiş, üzərində min bir sirri daşıyan tarixi bir əsərlərin varlığı, mövcudluğu isə danışanı düşünməyə, tər tökməyə, qafa yormağa vadar edir. Bu gün alimlərin yekdilliklə gəldiyi ruh oxşar bir qərar belədir: Qobustan Gəmiqaya qayaları üzərindəki yazılar,

Orhun-yenisey yazıları, əlifbası hansı sistemin, üslubun, təfəkkürün məsuluysa, Qız qalası, muğamat, Dədə Qorqud dastanları, Azərbaycanın qədim xalıları, xalçaları da tarixi Şirvanşahlar sarayının memarlıq kompleksi də eyni sistemin, eyni üslubun, eyni kimliyin, xarakterin məhsuludur.

Bu abidənin başqa özəlliyi isə, kim nə deyir desin, içində Seyyid Yəhya Bakuvinin məzarının bulunması, belə bir şəxsiyyətin naşı üçün orda yer ayrılmasıdır. Nəyin ki, İçərişəhərin, hətta Azərbaycanın mənəvi varlığını dilə gətirmək baxımından Seyyid Yəhya Bakuvinin bu yerlərdə yaşaması, bu yerlərdə təhsil alıb təhsil verməsi, insan yetişdirməsi, zamana, dövrə, tarixə kifayət qədər təsir etməsi vaz keçməyəcəyimiz bir qərarımız, bir yaşamımız, bir bütövlüyümüz olmalıdır. Sarayın özəlliyini özəllik edən, onun dəyərini möhtəşəm bir məqama çıxaran da məncə, elə Bakuvinin varlığı, adının da bu sarayla birgə çəkilməsidir.

Sarayın bəzi xalıları Londonun Viktor və Albert muzeyində, saray kitabxanasının qədim foliantları isə Tehranın, Vatikanın və Peterburqun böyük kitabxanalarında saxlanılır. Çox ibrətamizdir deyilmi? Eynən Dədə Qorqud dastanlarının Vatikanın və Drezdenin kitabxanalarından əldə etməyimizi tarixin ayağına hansı ehkamlarla yazaq, qafil? Bizim muzeylərdə, bizim kitabxanalarda hansı xalqın, millətin xalısı, xalçası, əlyazmaları, kitabları qalır hələ də? Bu suala cavab vermək, mənsub olduğumuz tarixi yerli-dibli silməyə, üzərindən qara xətt çəkməyə bərabərdir. Bu gün də bir çox güclər harda qiymətli mədəni dəyərlərimiz var, hamısını min bir oyunlarla öz muzeylərinə, arxivlərinə, kitabxanalarına daşıyır. Özü də bu yağmalamalar, son zamanlar bir ara öz manqurtlarımızın əliylə həyata keçirilirdi.

Milli satqınlar, mədəniyyətimizdən heç bir anlayışı olmayan kəslər, nəfslərinə qalib gələ bilməyənlər törətdikləri cinayətin ardınca onun-bunun quluna çevrilirdilər. Arada isə kimliyimizi, milli tariximizi üzə çıxaran, sübut edən yazılar, əşyalar, sənduqələr, əlyazmalar, kitablar yox olur, it-bata düşürdü.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı