Türkiyədə "Ailə islahat paketi" - Qadınların üstünlüyü, yoxsa işsizlik?

Türkiyədə "Ailə islahat paketi" - Qadınların üstünlüyü, yoxsa işsizlik?
16:38 9 Yanvar 2015
175 Ölkə
Ölkə mətbuatı
A- A+

Ərəb xəbərlər xidmətinin rəhbəri
Rufiz Hafizoğlu - Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Baş nazir olduğu dövrdə “hər ailəyə üç uşaq” təklifindən sonra hökumətin gec-tez bu istiqamətdə təşviqedici addımlar atacağı gözlənilirdi.

Dünən Türkiyənin hazırkı Baş naziri Əhməd Davudoğlu uzun müddətdir gözlənilən "Ailənin qorunması islahat paketi"ni açıqladı.

Həqiqətən hökumətin həyata keçirməyi planlaşdırdığı islahat paketində bundan əvvəl olmayan və əsasən də qadınlara bir çox üstünlük qazandıran bəndlər var.

Belə ki, ən başlıca bəndlərdən birinə əsasən, analara ailədə doğulan birinci uşağa görə 300, ikinci uşağa görə 400, üçüncü uşağa görə isə birdəfəlik 600 lirə veriləcək.

Paketdə evlənmək istəyən gənclər üçün xüsusi imtiyazlar nəzərdə tutulur. Banklarda 18 yaşına çatmamış gənclər üçün xüsusi "cehiz" əmanəti yaradılacaq və adına hesab açılmış şəxsə 18 yaşına çatdıqda dövlət hesabında toplanmış məbləğin 15 faizi həcmində vəsait veriləcək.

Bütün bunlarla yanaşı, analıq məzuniyyətinin bitməsindən sonra birinci uşağa görə iki ay, ikinci uşağa görə isə dörd ay müddətində iş saatlarıyarı günə endiriləcək. Digər önəmli məqamlardan biri də qadınlara qarşı şiddətə görə cəzaların artırılmasıdır.

Təbii ki, atılan addımların Türkiyə üçün heç də az əhəmiyyətli olduğunu söyləmək olmaz. Lakin qadınların sosial rifahını nəzərdə tutan bu paketdən məhz qadınların əleyhinə sui-istifadə ediləcəyi də istisna edilmir.

Belə ki, məhz islahat paketinin qüvvəyə minməsindən sonra Türkiyədə qadınlar arasında 2014-cü ildə 13,6 faiz olan işsizliyin artacağı gözlənilir. Ən azından ona görə ki, hökumətin təqdim etdiyi islahat paketinə uyğun iş rejimi sahibkarlara və xüsusən də özəl sektora sərf etmir.

Ölkənin Baş naziri Ə.Davudoğlu öz çıxışında bu məsələyə aydınlıq gətirərək sahibkarlara əlavə işçilər götürməyi tövsiyə etsə də, sahibkarların buna gedəcəyi inandırıcı deyil. Bu isə öz növbəsində, özəl sektorda işəgötürmə zamanı kişilərə üstünlük veriləcəyini söyləməyə əsas verir.

Türkiyə Statistika İnstitutunun (TÜİK) məlumatına əsasən, 2014-cü ildə ölkədə 3 milyon 64 min nəfər işsiz qeydə alınıb. Kişilər arasında işsizlik 9,1%, qadınlar arasında isə bu göstərici 13,6% təşkil edir.

Ümumilikdə, işləyənlərin 50,7 faizi müxtəlif xidmət sektorlarında çalışır. Statistik məlumatlara əsasən, müxtəlif xidmət sektorlarında 3 milyon 963 min, kənd təsərrüfatı sahəsində 2 milyon 632 min, sənaye sektorunda 1 milyon 249 min, inşaat sektorunda isə 78 min qadın işləyir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR