Macarıstanlı rejissor Bakı haqqında sənədli film üzərində işini başa çatdırıb

12:37 7 Aprel 2015
44 Digər
Ölkə mətbuatı
A- A+

[ 07 Aprel 2015 12:29 ]


Bakı – APA. Macar Kinematoqrafçılar Gildiyasının üzvü, rejissor və prodüser Bela Dospod Azərbaycanın Macarıstandakı səfirliyinin dəstəyi ilə "Dünya paytaxtları" silsiləsindən Bakı haqqında sənədli film üzərində işini başa çatdırıb. 

 

Azərbaycanın Macarıstandakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müəllifin London, Lissabon, Tunis, Bratislava, Praqa, Viktoriya (Seyşel adaları) kimi paytaxt şəhərlərinə dair filmlərinin ardınca Azərbaycan paytaxtı haqqında filmi də bu günlərdə yerli televiziya kanalları ilə nümayiş etdirilib. 
 

26 dəqiqəlik film artıq neçə ildən bəri Bakıda yaşayan rəfiqəsinin yanına gələn macar gəncinin ölkəmizin paytaxtı ilə tanışlığını əks etdirir. Onlar birlikdə Bakı və çevrəsini gəzib dolaşırlar. Qobustan qayalarına, neft mədənlərinə, Yanardağa, palçıq vulkanlarına tamaşa edirlər. Bakıya yaxşı bələd olan, rus və Azərbaycan dillərində danışan gənc macar qız dostuna Bakının tarixi, insanları, son illərin iqtisadi yüksəlişi sayəsində tamamilə yenidən qurulması, şəhərdə görülən böyük quruculuq işləri barəsində məlumat verir, ona Bakı bulvarını, İçərişəhəri, paytaxtın yeni tikililərini, yollarını göstərir.

 

Onlar zəngin koloriti ilə seçilən Bakı bazarlarını gəzib dolaşır, milli mətbəximizin nemətlərini dadır, rastlaşdıqları insanlarla təmas qururlar. Tar musiqisi ilə müşaiyət olunan film boyu iki macar gənci Bakı və Azərbaycan haqqında biliklərini, təəssüratlarını biri-biri ilə bölüşür, dost və həmvətənlərini turist kimi ölkəmizə gəlməyə, bəzi cəhətləri ilə Macarıstana bənzəyən Azərbaycanla daha yaxından tanış olmağa səsləyirlər. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378679

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR