İrəvanı qorxuya salan QARABAĞ RAZILAŞMASI, 5 ay sonra HÜCUM PLANI... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
·16 baxış·17 dəq oxu
Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvan və
Bakıya səfər tarixi açıqlanıb. Azərbaycan xarici işlər naziri
noyabrın 16-da Moskvada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə
görüşüb.Dekabr ayında Azərbaycan və Ermənistan xarici
işlər nazirlərinin görüşü keçiriləcək. Ermənistan prezidenti Serj
Sarkisyan noyabrın 15-də Moskvaya işgüzar səfərə gedib. Türkiyə
prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 13-də Rusiyaya səfər edib.
Rusiya Müdafiə Nazirliyi ABŞ-ı Suriyada İŞİD terror təşkilatına
birbaşa dəstək verməkdə ittiham edib. Eyni ittiham Türkiyə
prezidenti tərəfindən səsləndirilib. ABŞ-da Demokrat partiyasından
olan bir qrup konqresmen Donald Trampın impiçmentinə dair
dinləmələr keçirmək təşəbbüsü ilə çıxış edib. İraq ordusu Anbar
vilayətinin qərbində yerləşən Rava şəhərinin İŞİD-dən azad olunması
üzrə əməliyyata başlayıb.
Azərbaycan, Dağlıq Qarabağ
Rusiya xarici işlər naziri Sergey Lavrov gələn həftə
İrəvana və Bakıya səfər edəcək. Bu barədə
Ermənistanın “168 jam” qəzeti diplomatik mənbələrə istinadən
məlumat yayıb. Məlumata görə, Lavrov noyabrın 19-u Bakıda, 20-si
isə İrəvanda olacaq.
Noyabrın 16-da Azərbaycan xarici işlər naziri Elmar
Məmmədyarovun Moskvada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə
görüşü keçirilib. Qapalı keçirilən görüşdə Dağlıq
Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı müzakirələr aparılıb.
Görüşdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü
də müzakirə edilib.
Azərbaycan və Ermənistan xarici işlər nazirləri
ATƏT-in Nazirlər Şurasının dekabrda Vyanda keçiriləcək toplantısı
çərçivəsində görüşməyə razılıq veriblər. Bu barədə
ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatında deyilir.
Həmsədrlərdən Qarabağ BƏYANATI: Vyanada... - YENİLƏNDİ
Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini ölü
nöqtədən tərpətmək lazımdır. Bunu Azərbaycanın xarici
işlər naziri Elmar Məmmədyarov Bakıda braziliyalı həmkarı Aloyzio
Nunyes Ferreyra ilə birgə mətbuat konfransında deyib.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və Rusiya
prezidenti Vladimir Putin Soçi görüşündə 5 rayonun Azərbaycana
qaytarılması üzrə razılaşıb. Bu barədə diplomatik
mənbələr “Novosti” agentliyinə məlumat verib.
Diplomatik mənbələr Ərdoğan və Putinin görüşdə “Lavrov planı”nı
müzakirə etdiklərini qeyd ediblər.
“Liderlər 5 rayonun Azərbaycana qaytarılması üzrə razılaşdılar.
Qərara alındı ki, bundan sonra münaqişənin nizama salınması bu
istiqamətdə davam etsin”, - deyə məlumatda qeyd olunur.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Soçidə
rusiyalı həmkarı Vladimir Putinlə görüşü haqda açıqlama
verib. Ərdoğan görüşdə Putinlə Dağlıq Qarabağ
münaqişəsini də müzakirə etdiyini bildirib.
Türkiyə prezident qeyd edib ki, görüşdə Putinə Qarabağ
münaqişəsinə daha çox diqqət ayırmağı təklif edib.
“O, (Vladimir Putin) özü də belə düşünür. Lakin tərəflərin
tutduğu mövqeyə görə onda xüsusi ümid yoxdur. Mən ona beş rayonun
azad edilməsi və ermənilərin bu əraziləri tərk etməli olduğu haqda
qərarı xatırlatdım”, - deyə o, bildirib.
Ərdoğan Azərbaycan ərazilərinin işğalı faktının BMT
Təhlükəsizlik Şurası tərəfindən tanındığını xatırladıb.
“Bununla belə erməni hərbi birləşmələri bu rayonları tərk etmir.
Əgər rayonlar azad ediləcəksə, bu torpaqların sahibləri evlərinə
qayıda biləcəklər”, - deyə Türkiyə prezidenti vurğulayıb.
Ukrayna millətçisi və döyüşçüsü, Ali Radanın
deputatı İqor Mosiyçuk Rusiyaya qarşı Qafqazdan “ikinci cəbhə”nin
açılmasını, bunun üçün regionda qarşıdurmanı alovlandırmağı təklif
edib. Deputat “ikinci cəbhə”nin Ukraynaya Donetskdə
qələbə qazanmağa imkan verəcəyini hesab edir.
Ermənistan
Ermənistan prezidenti Serj Sarkisyan noyabrın 15-də
Moskvaya işgüzar səfərə gedib.
Kremldə qapalı Qarabağ TOPLANTISI: Putindən Sarkisyana İKİ ƏMR
Ermənistan prezidenti Serj Sarkisyanın müdafiə
naziri olduğu vaxtda ABŞ-ın keçmiş müdafiə naziri (Pentaqon şefi)
Donald Ramsfeldlə məxfi danışıqları ortaya çıxıb.
Ermənistanın keçmiş baş nazirinin müşaviri, politoloq Suren
Sarkisyan 2001-ci ildə baş tutan görüşlə bağlı məxfi məlumatları
Pentaqonun arxivlərindən əldə edib. Artıq məxfilikdən çıxarılan bu
məlumatlarda Sarkisyanla Ramsfeldin apardığı danışıqlar öz əksini
tapıb.
Pentaqon şefi ilə Sarkisyanın məxfi görüşü - Gizli danışıqların DETALLARI ORTAYA ÇIXDI
2018-ci ilin aprelində prezident səlahiyyətlərini
başa vuracaq Serj Sarkisyan hakimiyyət üzərində nəzarətini saxlamaq
üçün müxtəlif taktikalara əl atır. Oktyabrın 16-da
Cenevrədə Azərbaycan Prezidenti İlham Əliyevlə Qarabağ danışıqları
aparan Sarkisyan İrəvana qayıdan kimi gözlənilməz addım atdı.
Sarkisyanın İlham Əliyevlə görüşdən sonra hazırladığı GİZLİ PLAN: 5 ay sonra HÜCUMA KEÇƏCƏK
Türkiyə, İran, Yaxın Şərq
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın
13-də Soçidə Rusiya lideri Vladimir Putinlə görüşüb.
Görüşdə ikili münasibətlər, başda Suriya olmaqla, regional və
beynəlxalq məsələlər, həmçinin, Rusiya-Türkiyə ticarət həcminin 100
milyard dollara çatdırılmasına dair müzakirələr aparılıb.
Türkiyə prezidenti həmçinin deyib ki, Türkiyə S-400
zenit-raket komplekslərinin çatdırılması haqqında Rusiya ilə
imzalanan razılaşmanın maksimal sürətlə reallaşdırılmasına ümid
edir.
“S-400-lərin çatdırılması barədə Rusiya ilə razılaşdıq, sənədlər
imzalanıb. Bəzi texniki detalları bizim mütəxəssislərimizin
iştirakı ilə səfər çərçivəsində müzakirə edəcəyik. Razılaşmanın
mümkün qədər tez reallaşdırılması üçün addımlar atmaq istəyirik”, -
Ərdoğan bildirib.
"S-400 “Triumf” zenit-raket sistemlərinin Türkiyəyə
çatdırılması üçün Ankara müqavilədə göstərilən bütün vəsaiti
ödəməlidir". Bu sözləri xarici ölkələrlə hərbi
əməkdaşlıq üzrə Rusiya Federal Agentliyinin bir səlahiyyətlisi
jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, müqaviləyə uyğun olaraq, S-400
batareyalarının Türkiyəyə çatdırılması 2019-2020-ci illərdə həyata
keçirilə bilər.
Türkiyənin S-400 zenit-raket komplekslərini əldə
etməsi Ankaranın suveren hüququdur. Bu barədə
Pentaqon rəhbəri Ceyms Mettis danışıb.
“Bu, Türkiyənin suveren qərarıdır. Doğrudur, NATO silahları ilə
uyğunluq təşkil etməyəcəyi aydın məsələdir. Əgər onlar belə hərəkət
etmək istəsələr, bu məqamı nəzərdən keçirməli olacaqlar”, - Mettis
deyib.
Qeyd edək ki, Türkiyənin Rusiya ilə bağladığı S-400 Triumf zenit
raket kompleksi təchizatına dair müqavilənin məbləği 2 milyard
dollardan çoxdur.
Rəcəb Tayyib Ərdoğan noyabrın 22-də Rusiyaya səfər
edəcək. Ərdoğan Rusiya, İran və Türkiyə arasında
Suriya üzrə keçiriləcək üçtərəfli sammitdə iştirak edəcək.
Ərdoğan Rusiya və ABŞ-a qoşunlarını Suriyadan
çıxarmağı təklif edib. O, Ərdoğan bu haqda Rusiyaya
səfəri öncəsi jurnalistlərə açıqlamasında deyib.
“Vladimir Putin və Donald Trampın birgə bəyanatında deyilir ki,
Suriya münaqişəsinin hərbi həlli yoxdur. Belə bəyanatları anlamaq
çətindir. Münaqişənin hərbi həlli yoxdursa, bu haqda danışanlar öz
qoşunlarını Suriyadan çıxarmalıdır”, - Ərdoğan bildirib.
Qeyd edək ki, ABŞ və Rusiya prezidentlərinin birgə bəyanatı
noyabrın 11-də Dananqda ATES sammitinin kuluarlarında verilib.
Sənəddə deyilir ki, prezidentlər Suriyada münaqişənin hərbi
həllinin olmadığı barədə razılaşırlar. Onlar təsdiq ediblər ki,
münaqişənin son siyasi tənzimləməsi BMT Təhlükəsizlik Şurasının
2254 saylı qətnaməsinə uyğun olaraq Genevrə prosesi çərçivəsində
olmalıdır".
Türkiyə Rusiyadan S-400 “Triumf” raket hücumundan
müdafiə sistemləri alacağı halda, Türkiyənin NATO texnologiyasına
girişi məhdudlaşdırılacaq. Bunu ABŞ Hərbi-Hava
Qüvvələrinin məsləhətçisinin köməkçisi Heydi Grant deyib.
O həmçinin qeyd edib ki, məhdudiyyətlər F-35 tipli beşinci nəsil
bombardmançıları ilə bağlı da ola bilər.
Türkiyəyə S-400 TƏHDİDİ: “NATO-nun texnologiyasına giriş…”
Türkiyə NATO-nun Norveçdə keçirilən hərbi
təlimlərində prezident Rəcəb Tayyib Ərdoğan və Türkiyə
Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün şəkillərini hədəf
kimi seçilməsinə sərt reaksiya verib. Ölkə
prezidentinin təlimatı ilə təlimlərdə iştirak edən 40 tük hərbçisi
geri çağırılıb.
Ankaranın bu addımından sonra ilk şərh NATO-dan gəlib. Məlumata
görə, Ərdoğan və Atatürkün şəkillərini hədəf taxtasına yerləşədirən
hərbçi ordudan uzaqlaşdırılıb.
NATO-nun baş katibi Yens Stoltenberq hadisə ilə bağlı bəyanat
verib. O, baş verənlərlə əlaqədar Türkiyədən üzr istəyib.
Suriya konfliktinin həlli ilə bağlı Cenevrə
danışıqlarında razılaşma əldə olunmayana qədər beynəlxalq
antiterror koalisiyası Suriyada qalacaq. Bunu
jurnalistlərə açıqlamasında ABŞ Müdafiə naziri Ceyms Mettis
söyləyib.
“Biz Cenevrə prosesində irəlləyiş əldə olunmayana qədər
Suriyadan getməyəcəyik. Bu o demək deyil ki, bəzi qüvvələr
Suriyadan çıxacaqlar. Bu o deməkdir ki, hər kəs orada qalacaq. Biz
konfliktin diplomatik yolla həlli üçün şərait yaratmağa cəhd
edirik”, – deyə o bildirib.
ABŞ-ın Suriyanın tərk etməyəcəyinə dair açıqlaması Cenevrə
razılaşmalarına ziddir. Bunu Rusiyanın Xarici İşlər naziri
Sergey Lavrov söyləyib.
“Dünən Müdafiə naziri Mettisin ABŞ-ın siyasi prosesin doğru
istiqamətdə hərəkət etdiyinə əmin olmayana qədər Suriyanı tərk
etməyəcəyini söylədiyini eşitdim. ABŞ-ın fikrincə, doğru istiqamət
rejim dəyişikliyinin olmasıdır. Baxmayaraq ki, onlar Bəşər Əsədin
əvvəlki gedişini tələb etmirlər. Bütün bunlar Cenevrə razılaşmasına
ziddir”, – deyə o bildirib.
ABŞ İŞİD terror təşkilatına maliyyə dəstəyi
göstərir. Bunu Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan
bildirib.
“ABŞ bizi çox məyus etdi. Dedilər ki, İŞİD-ə qarşı mübarizə
aparırlar, amma özləri nə etdilər? Dollarları İŞİD-ə verdilər”, -
Ərdoğan deyib.
Türkiyə prezidenti həmçinin ABŞ-ın ikitərəfli razılaşmaları daim
pozduğunu qeyd edib.
“Münbicdə və Rakkada birlikdə işləməyi təklif etdik. Onlar söz
verdilər ki, bu şəhərlərdə PYD-nin heç bir üzvü qalmayacaq, bizdən
narahat olmamağımızı istədilər. Amma verdikləri sözü yerinə
yetirmədilər. ABŞ-da rəhbərlik dəyişdi, amma hər şey əvvəlki kimi
qaldı”, - Ərdoğan vurğulayıb.
Rusiya BMT TŞ-də ABŞ-ın Suriyada kimyəvi hücumların
araşdırılması üzrə missiyanın mandatının uzadılmasına dair
qətnaməsini bloklayıb. BMT və Kimyəvi Silahların
Qadağan edilməsi Təşkilatının (KSQT) Suriyada kimyəvi hücumların
araşdırılmasına dair birgə mexanizm 2015-ci ildə yaradılıb. 2016-cı
ildə qeyd olunan mandatın müddəti bir illik uzadılıb. Onun müddəti
noyabrın 17-si başa çatır.
Xatırladaq ki, Rusiya 24 oktyabr tarixində də Suriyada kimyəvi
hücumların araşdırılması üzrə missiyanın mandatının uzadılmasına
dair qətnaməsini bloklayıb.
Suriya və İraqda xəritənin 65 faizini dəyişdirən
İŞİD terror təşkilatı PKK və peşmərgənin fəaliyyəti üçün əlverişli
şərait yaradaraq ilk vəzifəsini tamamlayıb. Terror
təşkilatı sözçüsü 6 dəqiqəlik video müraciəti ilə “çölə qayıdış”
qərarını açıqlayıb.
İŞİD-in sözçüsü fəaliyyətə başladıqları İraqın Anbar vilayətinə
dönəcəklərini, fəaliyyətlərinə “dövlətsiz və torpaqsız” davam
edəcəklərini söyləyib. Çöldəki düşərgələrdə kamikadze hücumları
üçün təlimlər keçiriləcək.
İlk vəzifə tamamladı, ikinci vəzifə bu ölkələri parçalamaqdır - ŞOK PLAN
Suriya və İraq ərazilərinin İŞİD terror
təşkilatından azad olunmasından sonra diqqətlər təşkilatın xarici
döyüşçülərinə yönəlib. ABŞ-da yerləşən Soufan
Mərkəzinin dərc etdiyi hesabata görə, terrorçular Avropa başda
olmaqla, dünyanın 146 ölkəsinə dönməyə başlayıb.
ABŞ təşkilatından Türkiyə üçün QORXUNC HESABAT
İraq ordusu Anbar vilayətinin qərbində yerləşən Rava
şəhərinin İŞİD-dən azad olunması üzrə əməliyyatın başlandığını elan
edib. Bu haqda İraq ordusunun Baş qərargahından
bildirilib.
Suriya sərhədində yerləşən Əl-Qaim və Rava şəhərləri ölkədə
terrorçuların son qalası hesab olunurdu. Əl-Qaim ötən həftə azad
edilib.
ABŞ-dan təxminən 4 min TIR silahı və sursat alan
PKK/PYD terror təşkilatı Suriya rejimindən kimyəvi silah əldə
edib. Bu iddia ilə 2012-ci ilin əvvəlində Suriya
ordusunda Kimyəvi Silahlar üzrə Dairə Başçılığı vəzifəsini icra
edən general Zahir Sakid çıxış edib.
Onun sözlərinə görə, terror təşkilatı 2015-ci avqustun 31-də
Bəşər Əsəd rejimi ilə kimyəvi silah mövzusunda razılaşıb.
Bu silahlarla ancaq Türkiyə vurula bilər – Gizli razılaşmanın ŞOK DETALLARI
Rusiya Müdafiə Nazirliyi ABŞ-ı Suriyada İŞİD terror
təşkilatına birbaşa dəstək verməkdə ittiham edib.
İdarə ABŞ-ın terrorçulara dəstəyini göstərən fotofaktları dərc
edib.
Müdafiə Nazirliyinin məlumatına görə, Amerika Əbu-Kamal
qəsəbəsinin azad edilməsi zamanı oradan qaçan terrorçuların
kolonunu bombalamaqdan imtina edib və Rusiyanın bunu etməsinə mane
olub.
Həmçinin bildirilir ki, ABŞ-ın maraqlarının Yaxın Şərqdə müdafiə
olunması üçün istifadə edilən İŞİD-in döyüş bacarığı yüksək olan
dəstələrin sığınacağında Birləşmiş Ştatlar tərəfindən təchizatın
sübutları əldə olunub.
“ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ailələri girov
saxlanılan şəxslərə müxtəlif ölkələrdə kamikadze olmaq şərtini
irəli sürüb”. “Yeni Şəfəq” nəşrinin yazdığına görə,
bu iddia ilə terror aktı törətmək üçün Türkiyəyə keçərkən tutulan
misirli “Əbu Zeyd” adlı terrorçu çıxış edib.
Ələ keçirilən “Əbu Riyad” adlı terrorçu isə son 4 ayda bir çox
ölkəyə ABŞ kəşfiyyatı vasitəçiliyi ilə kamikadzelərin daşındığını
söyləyib.
ABŞ-ın 5400 nəfərlik “ölüm ordusu” və Rusiya kəşfiyyatının Şişani oyunu - ŞOK DETALLAR
“Səudiyyə Ərəbistanında saray daxilində baş verənlər
Yaxın Şərq coğrafiyasında böyük xaos yaradacaq”. Bu
barədə Abant İzzet Baysal Universitetinin beynəlxalq münasibətlər
kafedrasının üzvü, professor Veysel Ayhan deyib.
V.Ayhanın fikrincə, Livanın baş naziri Saad Haririnin istefa
qərarı, Yəməndə husilərin Ər-Riyada raket hücumu cəhdi və Səudiyyə
Ərəbistanında anti-korrupsiya əməliyyatı Yaxın Şərqdə yeni
mərhələnin başlandığının göstəricisidir.
Yaxın Şərqdə YENİ XƏRİTƏ: şiddətli müharibə başlayır
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd
ibn Salmanın Fələstin lideri Mahmud Abbasa təzyiq göstərdiyi ortaya
çıxıb. Şahzadə Fələstin liderindən ABŞ-ın Orta Şərq
sülh planını qəbul etməsini tələb edib.
Bu barədə İngiltərənin “Tayms” qəzeti yazıb. Məqalədə Mahmud
Abbasın bir həftə öncə paytaxt Ər-Riyada səfəri zamanı ABŞ
prezidenti Donald Trampın kürəkəni Cerard Kuşnerin rəhbərliyi ilə
hazırlanan sülh planının müzakirə olunduğu bildirilib.
M.Abbas ABŞ-ın Orta Şərq sülh planının qəbul
edilməsinə dair hər hansı təzyiqə məruz qalmadığını bildirib və
iddiaları rədd edib. Fələstin hökumətinin
səlahiyyətli şəxsləri də liderin reaksiyasını təsdiqləyərək onun
Riyaddakı görüşlərinin son dərəcə müsbət keçdiyini bildiriblər.
İsrail öz təhlükəsizliyi üçün Suriyaya müdaxilə
edəcək. “İsrail şəraitdən asılı olmayaraq, öz
təhlükəsizliyini təmin etmək üçün Suriyaya lazımi müdaxiləni
edəcək. Baş nazir Benyamin Netanyahu artıq bununla bağlı Rusiya
Prezidenti Vladimir Putini xəbərdar edib”, – bəyanatda
bildirilib.
Qeyd edək ki, bundan öncə Rusiya xarici İşlər naziri Sergey
Lavrov İranın Suriyadakı hərbi mövcudluğunun qanuni olduğunu və
İsrailə Suriyadan İran qüvvələrinin çıxarılması ilə bağlı hər hansı
söz vermədiklərini açıqlamışdı.
İsrailin baş naziri Benyamin Netanyahu isə İranın
nüvə silahı əldə etməsinin və Suriyanı hərbi bazaya çevirməsinin
qarşısını almaq üçün İsrail təkbaşına hərəkət etməyə hazır olduğunu
deyib.
“Tehran İsrailin sərhədlərində güclənmək və İsraili məhv etmək
üçün Suriya konfliktindən istifadə edir. Dünya ictimaiyyətini İran
təcavüzünə qarşı kollektiv cavab verməyə çağırıram”, - deyə
Netanyahu bildirib.
Noyabrın 12-dən 13-nə keçən gecə İran-İraq
sərhədində güclü zəlzələ baş verib. İraqda
(Süleymaniyyə) 7,2 bal, İranda, Kirmanşahda isə 7,3 bal gücündə
dəhşətli zəlzələ olub. Zəlzələ İranın bir çox vilayətlərində -
Ərak, Həmədan, o cümlədən Şərqi və Qərbi Azərbaycanda, Türkiyədə,
həmçinin Təbriz şəhərində 4,9 bal gücündə özünü göstərib.
İranda güclü zəlzələ : Ölənlərin sayı 445-ə çatdı, 7000-dən çox yaralı var - FOTO/VİDEO (YENİLƏNİR)
ABŞ, Rusiya, Qərb-Rusiya
münasibətləri
ABŞ-da Demokrat partiyasından olan bir qrup
konqresmen Donald Trampın impiçmentinə dair dinləmələr keçirmək
təşəbbüsü ilə çıxış edib. Bu barədə informasiyanı
“Politiko” nəşri yayıb.
Nümayəndələr Palatasının üzvü Stiv Koen artıq Demokratlardan 5
nəfərin prezidentə qarşı impiçment haqqında Konstitusiyanın 5-ci
maddəsinin tətbiq edilməsi barədə qətnamə layihəsini imzaladığını
bildirib.
Demokratlar Donald Trampın ən azı 5 dəfə - FTB direktoru Ceyms
Komini qovmaqla, xarici hədiyyələr və mükafatların qəbul edilməsi
barədə qadağanını pozmaqla, biznesindən mənfəət qazanmağa davam
etməklə, federal məhkəmə sistemi və mətbuat azadlığını pozmaqla
Konstitusiya tələblərinə əməl etmədiyini bildiriblər.
“Rusiyanın müdaxiləsi, əslində, ABŞ-dakı seçkilərə
heç bir təsir etməyib”. Bu haqda ABŞ-ın maliyyə
naziri Stiven Mnuçin CBS telekanalına müsahibəsində deyib.
“Heç kim düşünmür ki, Rusiyanın müdaxiləsinin seçkilərə hansısa
təsiri olub. Düşünürəm ki, Amerika ictimaiyyəti daha əhəmiyyətli
məsələlərə keçməlidir: vergi islahatı, xarici siyasət və sair.
Prezident diqqətini indi Şimali Koreya və Suriya kimi əhəmiyyətli
məsələlərə yönəldib”, - nazir vurğulayıb.
Qeyd edək ki, Konqresdə Rusiyanın ABŞ-dakı prezident seçkilərinə
müdaxiləsi haqqında müstəqil araşdırma gedir. Analoji araşdırmanı
həmçinin FTB aparır.
“Patriot” raket hücumundan müdafiə komplekslərinin
Polşada yerləşdirilməsi Rusiyanın mühasirəyə alınması üzrə ABŞ-ın
planının bir hissəsidir. Bunu Rusiyanın xarici işlər
nazirinin birinci müavini Vladimir Titov bildirib.
“Patriot” Amerika raket komplekslərinin Polşa ərazisində
yerləşdirilməsi haqqında planlardan xəbərdarıq. Bu, mifik
təhlükələr bəhanəsi ilə Rusiyanın mühasirəyə alınması üzrə ABŞ-ın
strateji planının bir hissəsidir. Bu təhlükələr guya şərq
istiqamətdən çıxır”, - Titov deyib.
Onun sözlərinə görə, ABŞ bu planların həyata keçirilməsi üçün
Avropa ölkələrini, həmçinin Polşanı cəlb edir.
Daha əvvəl yayılan xəbərə görə, Polşa “Patriot” komplekslərinin
8 batereyasının alınması üzrə ABŞ-la razılaşmanı imzalamağa
hazırdır.
Kremldə Rusiya prezidenti Vladimir Putinin növbəti
prezident seçkilərində iştirakı ilə bağlı ssenarilər müzakirə
edilir. RBK telekanalının mənbələrinə görə, iki
yanaşma mövcuddur.
Birinci yanaşma ondan ibarətdir ki, Putin Federasiya Şurası
tərəfindən seçkilərin dəqiq vaxtı açıqlanandan sonra istəyini
açıqlayacaq. Parlamentin yuxarı palatası seçkilərin dəqiq tarixini
7-17 dekabr tarixlərində elan edəcək.
Putin seçkilərlə bağlı qərarını nə vaxt açıqlayacaq? - SSENARİLƏR
"İnterpol" xətti ilə beynəlxalq axtarışa verilən
azərbaycanlı iş adamı, Rusiyanın məşhur "Çerkizov" bazarının keçmiş
sahibi Telman İsmayılov Türkiyəni tərk edib. Onun
ailəsi ilə birlikdə Fransaya köçdüyü məlum olub.
Rusiya KİV-inin yazdığına görə, türk polisinin də biznesmenlə
bağlı problemləri var. Hüquq-mühafizə orqanlarının versiyasına
görə, Telman İsmayılovun adı azərbaycanlı avtoritet Rövşən
Canıyevin (Rövşən Lənkəranski) qətli haqqında cinayət işində
çəkilir.
Müstəntiqlər həmçinin güman edirlər ki, Telman
İsmayılov məmurlar, biznesmenlər və kriminal qruplaşmaların
üzvlərindən başqa, məşhur müğənni Avraam Russonun qətlini sifariş
edib. Müstəntiqlər əmindirlər ki, İsmayılov Moskvada
öz ailəsinin imperiyasını genişləndirərək, ən azı səkkiz insanın
qətlini sifariş verib.
AST Telman məşhur müğənninin qətlini sifariş verib - ŞOK İDDA
Rusiya Dövlət Duması "İnformasiya haqqında" və "KİV
haqqında" qanunlara düzəlişləri ikinci oxunuşda qəbul
edib. Düzəlişlərlə Rusiya qanunvericiliyində xarici
agent funksiyalarını icra edən “xarici kütləvi informasiya
vasitələri” anlayışı meydana çıxıb.
Düzəlişlərə əsasən, aşağıdakı mənbələrdən maliyyələşdirilən
media orqanlarını “xarici agentlər” siyahısına əlavə etmək mümkün
olacaq.
Rusiyada bu media orqanları xarici agent sayılacaq - SİYAHI
Avropa İttifaqından çıxış üçün Böyük Britaniyanın
borcu ən azı 60 milyard avro təşkil edəcək. Bu haqda
Avropa Parlamentinin sədri Antonio Tayani bildirib.
O bildirib ki, bu məbləğ Britaniya tərəfindən ödənilməyəcəyi
halda fərqi örtmək öhdəliyi Avropa İttifaqının başqa ölkələrinin
üzərinə düşəcək.
Britaniya “Breksit” üçün 60 milyard ödəyəcək
Koreya böhranı
ABŞ-ın Hərbi-Dəniz Qüvvələrinin zərbə qruplaşmasına
daxil olan üç atom təyyarədaşıyanı, raket kreyserləri, esmineslər
və qanadlı raketlərlə təchiz olunan atom sualtı gəmiləri Yapon
dənizinə daxil olub.
“Nimis” (CVN 68), “Teodor Ruzvelt” (CVN 71) və “Ronald Reyqan”
(CVN 76) təyyarədaşıyanları Koreya Xalq Demokratik Respublikasının
sahillərində cəmləşir.
Təyyarədaşıyan gəmilərin hər biri göyərtəsində 90 təyyarə və
vertolyot aparır. “Ticonderoga” tipli raket kreyserləri və “PVO-PRO
Aegis” sistemləri ilə təchiz edilmiş “Arleigh Burke” esminesləri
onları müşayiət edir. İnternetdə dərc edilən görüntülərə görə,
göyərtə aviasiyası və nüvə silahı daşıya bilən “B-1 Lancer”
strateji bombardmançıları manevrlərdə iştirak edir.
Daha əvvəl isə “Virginia” tipli ABŞ atom sualtı gəmilərinin
regiona gəldiyi barədə xəbər verilib.
Bu güclər ölkəni məhv etmək üçün kifayət edəcək – SAHİLƏ YAXINLAŞDILAR - VİDEO
Şimali Koreyanın rəsmi mediası ABŞ prezidenti Donald
Tramp edam cəzasına "məhkum edib". Media bu cəzanı
prezidentin Şimali Koreya lideri Kim Çen Ina həqarət etməsi
səbəbilə verib.
Ukrayna
Rusiya sərhədinin Ukraynanın pilotsuz təyyarəsi
tərəfindən pozulması Moskvanı müharibəyə cəlb etmək cəhdi ola
bilər. Bunu Rusiya Federasiya Şurasının müdafiəsi
üzrə komitənin başçısı Viktor Bondaryev bildirib.
O istisna etməyib ki, bu hadisəyə ABŞ cəlb oluna bilər.
“Rusiyanı müharibəyə çəkirlər” – “Soyuq müharibə”nin ssenarisi İŞƏ DÜŞÜR
ABŞ Konqresinin Nümayəndələr Palatası təhlükəsizlik
sahəsində yardım üçün Ukraynaya 350 milyon dolların verilməsi
barədə qərarı qəbul edib. Bu haqda Ukraynanın
ABŞ-dakı səfirliyinin feysbuk səhifəsində deyilir.
Rusiya isə dəfələrlə xəbərdarlıq edib ki, ABŞ-ın Ukraynaya silah
çatdırması Donbas münaqişəsi zonasında vəziyyəti daha da
ağırlaşdıracaq.
ABŞ-dan “öldürücü” QƏRAR - Ukraynaya cəbhəboyu hücum BAŞLAYA BİLƏR
“Donetsk Xalq Respublikası” Ukrayna ordusunu qısa
müddətdə məhv edə biləcək silahların inkişafını başa
çatdırıb. Bu barədə Donetsk separatçılarının lideri
Aleksandr Zaxarçenko danışıb.
“Münaqişə zamanı Donetsk müdafiə sənayesi düşməni yüksək sürət
və keyfiyyətlə məhv etməyə qadir olan yeni silahlar hazırladı və
istehsal etdi. Ukrayna ordusunun hücumu başlamadan bitəcək”, -
Zaxarçenko bildirib.
Donbasda sülhməramlıların yerləşdirilməsi ilə bağlı
BMT Təhlükəsizlik Şurasının qətnaməsinin son variantı “DXR” və
“LXR”lə (Donetsk və Luqansk “xalq respublikaları” - red.)
uyğunlaşdırılmalıdır. Bu haqda belaruslu həmkarı
Vladimir Makeylə görüşdən sonra keçirilən mətbuat konfransında
Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov
bildirib.
Onun sözlərinə görə, Rusiyanın təklif etdiyi qətnamə layihəsində
tamamilə BMT-nin müəyyən etdiyi meyarlar göstərilib.
Moskva ABŞ-ın planına qarşı - DONBAS MƏSƏLƏSİNDƏ YENİ MƏRHƏLƏ
Ukrayna Ali Radasının milli təhlükəsizlik və müdafiə
məsələləri üzrə komitəsi noyabrın 15-də “Donbasın reinteqrasiyası
haqqında” qanun layihəsini qəbul edib. Qanun
layihəsinin qəbulu müharibə elanı olmadan Donbasda ordunun
tətbiqini qanuniləşdirməyə icazə verəcək. Bundan başqa, qanun
layihəsi Rusiyanı “təcavüzkar ölkə” kimi müəyyən edir.
Rusiyaya qarşı müharibə üçün səlahiyyət verilir - QANUN LAYİHƏSİ
“Sülhməramlılarla bağlı qətnamə layihəsi 2017-ci
ilin sonuna kimi qəbul edə bilər, 2019-cu ildə isə Donbas
məsələsinin qəti həlli üçün şans var”. Bu haqda
Ukrayna hakimiyyətindəki mənbəyinə istinadən “Apostrof” nəşri
yazıb.
“Qətnamə layihələsi ilin sonuna kimi qəbul edilərsə, yarım il
ərzində detallar araşdırılacaq. Bu o deməkdir ki, növbəti ilin
payızında missiyanın genişləndirilməsi başlanacaq. 2019-cu ilin
mayında isə Donbasda seçkilərin keçirilməsi mümkündür”, - nəşrin
həmsöhbəti qeyd edib.
Torpaqlar 2019-cu ildə qaytarılacaq - Moskvanın 5 mərhələli PLANI
Zimbabvedə noyabrın 15-də “ZBC” dövlət teleradio
şirkətinin binasını ələ keçirən hərbçilər daha sonra ölkə
prezidenti Robert Muqabanı əsir götürüblər.
Hakimiyyəti istefaya göndəriblər.