Bu gün Dünya Sağlamlıq Günüdür

Bu gün Dünya Sağlamlıq Günüdür
16:08 7 Aprel 2015
64 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, AZƏRTAC
Bu gün Dünya Sağlamlıq Günüdür. Həmin gün 1948-ci ildə Dünya Səhiyyə Təşkilatının yaradıldığı gün - hər il aprelin 7-də qeyd olunur. Dünya Sağlamlıq Gününün qeyd edilməsi 1950-ci ildən ənənəyə çevrilib. Həmin tarixi andan dünyanın 200-ə yaxın dövləti DST-nin üzvü olub.
Dünya Sağlamlıq Günü münasibətilə tədbirlər insanların sağlamlığın çox böyük əhəmiyyət daşıdığını başa düşməsi üçün keçirilir. Dünya Sağlamlıq Günü hər il dünya səhiyyəsi qarşısında duran qlobal problemlərə həsr olunur və “Çoxlarının həyatının xilası sənin qanının təhlükəsizliyindədir”, “Fəallıq uzunömürlülüyə aparan yoldur”, “Hamiləlik həyatda xüsusi hadisədir. Onu təhlükəsiz edək”, “Sağlamlığımızı iqlim dəyişmələrindən qoruyaq” və s. kimi müxtəlif devizlər altında keçirilir.
2015-ci ildə Dünya Sağlamlıq Gününün mövzusu “Qida məhsullarının təhlükəsizliyi”dir. DST-nin məlumatına görə, hər il təqribən 2 milyon insanın ölümü (dəhşətlisi budur ki, əsas etibarilə uşaqların ölümü) təhlükəli qida məhsulları ilə bağlıdır. Qidanın tərkibində olan patogen bakteriyalar, viruslar, parazitlər və ya təhlükəli maddələr ishaldan tutmuş xərçəngə qədər 200-dən çox xəstəliyin səbəbidir. Qida məhsullarının təhlükəsizliyinə daim yeni təhlükələr yaranır. Kifayət qədər yaxşı bişirilməyən heyvan mənşəli məhsulları, nəcislə çirklənmiş meyvə və tərəvəzi, tərkibində dəniz biotoksinləri olan molyuskları təhlükəli məhsullara nümunə göstərmək olar. Odur ki, bu il “Fermadan boşqaba qədər - qida məhsullarını təhlükəsiz edək!” devizi ilə keçirilən Dünya Sağlamlıq Günü müxtəlif hökumət sektorlarında işləyənlərin, fermerlərin, istehsalçıların, pərakəndə satış müəssisələri işçilərinin, tibb işçilərinin, habelə istehlakçıların diqqətini qida məhsullarının təhlükəsizliyinin əhəmiyyətinə və hər bir insanın boşqabındakı məhsulların təhlükəsiz olduğuna əminlik hiss etməsi üçün hər kəsin nə kimi rol oynaya biləcəyinə cəlb etmək imkanı verir.
Azərbaycan ilə DST arasında əməkdaşlıq uğurla inkişaf edir və bu da səhiyyə sahəsində keçirilən islahatlar baxımından əhəmiyyətlidir. DST-nin Avropa Regional Komitəsinin sessiyasının 2011-ci ilin sentyabrında ölkəmizdə keçirilməsi bunu təsdiq edir. Bundan əlavə, ölkəmizdə əhalinin sağlamlığının təmin olunması və səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində konkret tədbirlər görülür.
AZƏRTAC xəbər verir ki, 2004-cü ildən Azərbaycanda tibbi islahatlar ölkə iqtisadiyyatının sürətli inkişafının başlanmasına paralel olaraq genişlənıb. Qabaqcıl ölkələrin təcrübəsi ilə tanışlıq, tibb müəssisələrimizin müxtəlif beynəlxalq təşkilatlar ilə əməkdaşlığı səhiyyə sistemində islahatların müvəffəqiyyətlə həyata keçirilməsində böyük əhəmiyyət daşıyır. Azərbaycan hökuməti bu istiqamətdə təkcə DST ilə deyil, həm də UNICEF, Dünya Bankı, Avropa Komissiyası, BMT-nin müvafiq qurumları və digər təşkilatlar ilə fəal əməkdaşlıq edir. Ölkə rəhbərliyinin müəyyən etdiyi uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərindən biri kimi səhiyyənin inkişafı və əhalinin dünya standartlarına cavab verən tibbi yardımla təmin olunması üçün irimiqyaslı tədbirlər keçirilir. Hər il bu sahəyə iri sərmayələr yatırılır. Son 10 ildə səhiyyəyə ayrılan büdcə vəsaiti 10 dəfədən çox artıb. Bu müddət ərzində əksəriyyəti respublikanın regionlarında yerləşən 500-dən çox tibb müəssisəsi inşa edilib və əsaslı təmir olunub, bütün müəssisələr müasir tibb avadanlığı və texnika ilə təmin olunub. 2014-cü ilin iyununda Azərbaycan Prezidenti İlham Əliyev 2014-cü ilin iyununda “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Əhalinin ümumi dispanserləşdirilməsi səhiyyə sistemində məcburi qaydaya çevrilir. Yoluxucu xəstəliklərə qarşı mübarizə sahəsində əhəmiyyətli nəticələr əldə olunub. Bu sahə praktiki səhiyyənin prioritet istiqaməti kimi daim diqqət mərkəzindədir. Ana və uşaq ölümünün səviyyəsi bir neçə dəfə azalıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bu_gun_Dunya_Saglamliq_Gunudur-844255

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR