Yeni biblioqrafiya nəşr olunub

Yeni biblioqrafiya nəşr olunub
17:53 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, AZƏRTAC
Tanınmış publisist, Azərbaycan, ləzgi və rus dillərində çıxan “Samur” qəzetinin baş redaktoru, əməkdar mədəniyyət işçisi Sədaqət Kərimova haqqında M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanıb bu yaxınlarda çapdan buraxılmış biblioqrafik göstərici sənətə məhəbbəti əks etdirən qiymətli nəşrdir.
Milli Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Azərbaycan və Dağıstan ədəbiyyatının tanınmış nümayəndəsi, Azərbaycan və ləzgi dillərində yazıb-yaradan S.Kərimovanın bir sıra əsərləri müxtəlif dillərə tərcümə olunub. O, jurnalistika və ədəbiyyat sahəsindəki uğurlarına görə bir sıra mükafatlarına layiq görülüb.
S.Kərimovanın həyat və yaradıcılığı haqqında dörd kitab çap olunub. Onun oxucular tərəfindən böyük rəğbətlə qarşılanmış “Hal”, “Ayı yağışı” romanları, “Günah”, “Gəzəyən”, “Qurub” povestləri, “Soyuq günəş” pyesi, “Ləzgi ruhu”, “Dil haqqında ballada” poemaları ilə əlaqədar mətbuatda onlarca resenziya dərc olunub.
Yazıçı haqqında ilk biblioqrafiya 2003-cü ildə nəşr edilib. Həmin il yazıçı-jurnalist Müzəffər Məlikməmmədovun “Sədaqət” kitabı işıq üzü görüb. 2013-cü ildə Bəybala Ələsgərovun “Sədaqət Kərimovanın həyat və yaradıcılığı” adlı kitabı çapdan çıxıb.
Azərbaycan Milli Kitabxanası tərəfindən yenidən işlənmiş, təkmilləşdirilmiş, yeni quruluşda tərtib olunmuş “Sədaqət Kərimova” adlı üçüncü biblioqrafiya yazıçının çoxşaxəli yaradıcılığının 1966-2014-cü illərini əhatə edir.
Yeni biblioqrafiya üç dildə – Azərbaycan, ləzgi və rus dillərində tərtib edilib. Burada yazıçının həyat və yaradıcılığının əsas tarixləri, məşhur qələm sahiblərinin, alimlərin onun haqqında fikirləri, əsərləri, həyat və yaradıcılığı haqqında məlumatlar toplanıb. Kitab ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Kitabın tərtibçisi Mehriban Cəfərova, ixtisas redaktoru və buraxılışa məsul professor, əməkdar mədəniyyət işçisi Kərim Tahirov, redaktoru əməkdar mədəniyyət işçisi Gülbəniz Səfərəliyevadır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yeni_biblioqrafiya_nesr_olunub-844312

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR