Macarıstanda Bakı haqqında sənədli film üzərində iş başa çatıb

Macarıstanda Bakı haqqında sənədli film üzərində iş başa çatıb
18:08 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Budapeşt, 7 aprel, AZƏRTAC
Macar Kinematoqrafçılar Gildiyasının üzvü, rejissor, prodüser və film direktoru Bela Dospod Macarıstandakı Azərbaycan səfirliyinin dəstəyi ilə “Dünya paytaxtları” silsiləsindən Bakı haqqında sənədli film üzərində işini başa çatdırıb. Müəllifin London, Lissabon, Tunis, Bratislava, Praqa, Viktoriya (Seyşel adaları) kimi paytaxt şəhərlərə dair filmlərinin ardınca Azərbaycan paytaxtı haqqındakı kino lenti də, bu günlərdə macar televiziya kanalları ilə nümayiş etdirilib.
26 dəqiqəlik film Budapeştdən Bakıya, artıq neçə ildən bəri burada yaşayan rəfiqəsinin yanına gələn macar gəncinin ölkəmizin paytaxtı ilə tanışlığını əks etdirir. Onlar birlikdə Bakı və şəhərətrafını gəzib dolaşırlar. Qobustan qayalarına, neft mədənlərinə, Yanardağa, palçıq vulkanlarına tamaşa edirlər. Bakıya yaxşı bələd olan, rus və Azərbaycan dillərində danışan gənc macar qız dostuna Bakının tarixi, insanları, son illərin iqtisadi yüksəliş sayəsində tamamilə yenidən qurulması, şəhərdə görülən böyük quruculuq işləri barəsində məlumat verir, ona Bakı bulvarını, İçərişəhəri, paytaxtın yeni tikililərini, yollarını göstərir. Onlar zəngin koloriti ilə seçilən Bakı bazarlarını gəzib dolaşır, milli mətbəximizin nemətlərindən dadır, rastlaşdıqları insanlarla təmas qururlar. Tar musiqisi ilə müşayiət olunan film boyu iki macar gənci ölkəmiz haqqında biliklərini, təəssüratlarını bölüşür, dost və həmvətənlərini turist kimi Bakıya gəlməyə, bəzi cəhətləri ilə Macarıstana bənzəyən Azərbaycanla daha yaxından tanış olmağa səsləyir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Macaristanda_Baki_haqqinda_senedli_film_uzerinde_is_basa_chatib-844316

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR