Fransalı Pyer necə xanəndə oldu? - Bütün dünya mətbuatı onlardan yazır VİDEO

Fransalı Pyer necə xanəndə oldu? - Bütün dünya mətbuatı onlardan yazır  VİDEO
16:53 24 Noyabr 2017
52 Digər
Ölkə mətbuatı
A- A+

Muğam xalqımızın zəngin xəzinəsi olmaqla yanaşı, həm də dərin fəlsəfədir. Onu sevmək, qəlbən duymaq üçün mütləq azərbaycanlı olmaq gərəkmir. Yetər ki, insan keyfiyyətli musiqiyə hisslərilə toxunub, onu qavraya bilsin. Fransız xanəndə Pyer de Treqomen kimi…

Bu günlərdə Fransada azərbaycanlı xanəndə Qoçaq Əsgərovla onun fransız tələbəsi Pyer de Treqomenin muğam konsertləri baş tutacaq. Fransanın tanınmış vokalçısı, muğam ifaçısı P.Terqomenlə həmsöhbət olub, əsrarəngiz muğamdan danışdıq.

- Əziz Pyer, xahiş edirəm, özünüz haqda bizə məlumat verin.

- Mən fransız vokalistəm. Karyerama caz kvartetimlə birgə başlamışam. Hətta bu janrda iki albomum da işıq üzü görüb. Cazı çox sevirəm. Xüsusən də ona görə ki, bu azad musiqidir. İmprovizasiyalar, melodiyanın harmonikliyi məni riqqətə gətirirdi. Vaxt keçdikcə musiqinin digər janrlarına da maraq göstərməyə başladım. Barok kontr-tenor, vokal texnikasını dərindən mənimsədim. Zaman keçdikcə Avropa musiqisinin sərhədlərindən kənara çıxaraq Pakistan və Fars musiqisinin özəyi olan Qavvalini mənimsəməyə başladım.

- Bəs muğamı ilk dəfə harda eşitdiniz?

- Elə bu misiqilərə meylim yaranan zaman Alim Qasımovun albomunu dinlədim. İnanın ki, çox təsirləndim. Hiss etdim ki, bu musiqi bir başqadır, bu musiqini ifa etmək üçün insanın mənəviyyatı zəngin olmalıdır, çünki muğamın sənət tərəzisində çəkisi çox ağırdır.

- Bəs tanınmış muğam ustamız Qoçaq Əsgərovla əməkdaşlığınız nə vaxt başladı?

- Muğamla ilkin tanışlıqdan sonra Qoçaq Əsgərovun yaradıcılığı ilə tanış oldum. Onun səsi çox yanıqlı və qəlbəyatımlıdır. Beləcə Azərbaycana gedib, muğam öyrənmək qərarına gəldim. Bakıda ilk görüşümüz etnomusiqişünas Sənubər Bağırova sayəsində baş tutdu. 2016-cı ilin fevral ayından etibarən dərslərimizə başladıq. Qoçaq həm pedaqoq, həm də ifaçı kimi möhtəşəm sənətkardır. Onun harmonik ifasi, emosiyalarının təzahürü, improvizələri insanı riqqətə gətirir.

- Bəs bir fransız vokalist üçün muğam ifa etmək nə dərəcədə çətin oldu?

- Mən muğam oxuyub, zəngulələr səsləndirəndə Qoçaq heyrətləndi. Çünki hər ikimiz ifamın bu qədər uğurlu olacağına inanmırdıq. Əslində isə səbəb çox sadədir. Fərqli mədəniyyətlərdən olmağımıza baxmayaraq bizi bir-bririmizə musiqiyə olan məhəbbət, daxili ünsiyyət, hisslərimizin səmimiyyəti bağlayır.

Bu minvalla birgə çalışmağa başladıq. Ötən ilin noyabr ayında ənənəvi muğam, kompozisiyalar və improvizələrdən ibarət “Muğam Ruhları” albomumuzu hazırladıq. Bakı Muğam Mərkəzində işıq üzü görən albomda dəyərli musiqiçilər Elnur Mikayılov( kamança), İbrahim Babayev (tar), Kamran Kərimov ( nağara), Vasif Hüseynzadə ( piano) bizi müşaiyət etdilər.

- Qoçaq Əsgərovla birgə Fransada konsertləriniz nəzərdə tutulub.

- Konsertin canlı ifası artıq italyan şirkəti “Felmay Records” tərəfindən hazırlanıb. Noyabrın 24-ü və 26-sı Parisdə çox gözəl konsertlərimiz gerçəkləşəcək. CD diskimiz bir çox Avropa ölkəsində dərin maraqla qarşılandı, hətta Britaniyanın məşhur “Songlines” jurnalının əməkdaşı Saymon Broton bu əməkdaşlığı “əhəmiyyətli uğur” adlandırdı. Fransız jurnalist Ann Bertod “Télérama” dərgisində “İki vokalçının canlı poeziyası” adlı məqalə dərc etdi. Alman jurnalı “Folkler” isə bu musiqi təntənəsini “mənəvi qardaşlıq” kimi dəyərləndirdi.

- Əziz Pyer, bu məsuliyyətli gündə mənə zaman ayırdığınız üçün minnətdaram. Muğamın sehirli dünyasında uğurlarınız bol olsun.

- Təşəkkür edirəm, Leyla!

Le Comptoir adlı şəxsin şəkli.

İfaçıların noyabrın 26-sı baş tutacaq konsertinin dəstəkçilərindən biri də Azərbaycanın Dostları Assosiasiyadır. Assosiasiyanın baş katibi Mirvari Fətəliyeva da tədbir haqda fikrilərini bizimlə bölüşdü:

- Bildiyiniz kimi biz ötən ilin 14 iyul tarixində Fransanın milli bayramını qeyd etmək üçün Qoçaq Əsgərov və Pyer de Treqomanın konstertini təşkil etmişdik. Bu konsert izləyicilərin dərin rəğbətilə qarşılanmışdı. Onu da qeyd edim ki, Azərbaycanın Dostları Assosiasiyası hər zaman iki ölkə arasında dostluğu möhkəmləndirən, tərənnüm edən layihələri hər zaman dəstəkləyir. Bu xanəndələrin layihələri də bu baxımdan çox dəyərlidir. Noyabrın 26-sı baş tutacaq. Konsertə bütün üzvlərimizi artıq dəvət etmişik. Özümüz də böyük məmnuniyyətlə çıxış edəcəyik. Fransa və Azərbaycan arasındakı mədəni münasibətləri, dostluğu bir daha sübut edəcəyik.

Leyla Sarabi


Xəbərin orijinal ünvanı: http://publika.az/projects/xususi/221943.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR