Ramil Şeydayev: "Qayıtmağımı istəsələr, Türkiyəyə dönməli olacağam"

Ramil Şeydayev: "Qayıtmağımı istəsələr, Türkiyəyə dönməli olacağam"
22:52 8 Dekabr 2017
103 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 8 dekabr. REPORT.AZ/ "Qarabağ" klubunun və Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev səfərdə "Səbail"ə 2:0 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının IV turundan təxirə salınmış oyunun ardından brifinq keçirib.
Gənc forvard "Report"un da suallarını cavablandırıb:
- Yaxşı oyun keçirdik. Matçı 90 dəqiqə ərzində nəzarətdə saxladıq, meydanda dominantlıq etdik. Fikrimcə, layiqli qələbə qazandıq.
- Düşünmürsünüzmü ki, "Qarabağ" ikinci hissədə "Səbail"in futbolçularının yorulmasından sonra qollar vurmağa başladı?
- Bu, onların problemidir. Burda bizlik nə var ki?! Oyun iki hissədən ibarətdir. Bir yox, iki hissəlik mübarizə lazımdır.
- "Qarabağ" nəyin sayəsində qələbə qazandı?
- Oyun intizamı, sürətli hücumlar, topa çoxlu nəzarət sayəsində. Düzdür, səhvlər də var idi. Amma nöqsanları özümüz düzəltdik, hücuma atıldıq və qollar vurduq.
- Özünüz də qol vura bilərdiniz. Amma yenə alınmadı. Bu, nə ilə bağlı idi?
- Nə deyim? Alınmır. Bir az da bəxtsizlik olur, uğur çatışmır. İnanıram ki, qol da vuracağam və hər şey normal olacaq.
- Amma Almaniya ilə səfər oyunundan sonra Ramil Şeydayevdə hər şeyin yaxşı olacağı düşünülürdü...
- Hər şeyin yaxşı olması üçün oynamaq, oynamaq və yenə də oynamaq lazımdır. Hələlik istədiyim alınmır.
- Yenə heç nə alınmasa, daha bir il "Qarabağ"da qalmaq istərdiniz?
- Bunu deyə bilmərəm. Hələlik icarə müqaviləm cari mövsümün sonunadəkdir. Sonrasına isə baxarıq, danışarıq.
- Qurban Qurbanovla bu barədə danışmısınız?
- Hesab edirəm ki, hələ tezdir. Qarşıda yarım il var. Mövsümün sonunda mütləq bu barədə danışacağıq.
- Qol vura bilmədikdən sonra aqressiv olursunuz, yoxsa bizə elə görünür?
- Əlbəttə, qol vurmaq istəyirəm. Çünki hücumçuyam. Bu, mənim işimdir. Qol vurmalı, komandama xeyir verməliyəm. Nə isə alınmayanda özümə də təsir edir.
- Türkiyə "Trabzonspor"una qayıdış perspektiviniz var?
- Hazırda bunu demək çətindir. Çünki bütün fikrim "Qarabağ"dadır. Qol vurmaq istəyirəm. Yalnız bu barədə düşünürəm. Hazırda bu qədər uzağa baxmıram. Çünki hələ 1 il də burada ola bilərəm. Necə olacağını demək çətindir. "Trabzonspor"la isə müqaviləm var. Onlar qayıtmağımı istəsələr, Türkiyəyə dönməli olacağam.
- "Qayıt" desələr, Burak Yılmaz, Uqo Rodalyeqa kimi hücumçularla rəqabətə duruş gətirə biləcəksiniz?
- Qayıtmağımı istəmələri mənim onlara lazım olmağım, bunu bacaracağım anlamına gəlir.
- Mətbuatda yazılanlara əsasən, İngiltərə "Vest Hem"i ilə İtaliya "Napoli"si sizi istəyir...
- Bilmirəm. Hələ heç nə məlum deyil.
- Artıq Azərbaycan dilini öyrənməyə başlamısınız?
- Əlbəttə, azərbaycanca öyrənməyə, danışmağa çalışıram. Düzdür, elə də yaxşı bacarmıram. Amma bir çox şeyi bilirəm.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/ramil-seydayev-qayitmagimi-isteseler-turkiyeye-donmeli-olacagam

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR