Ermənistanın baş naziri Azərbaycanın işğal olunmuş
Dağlıq Qarabağ bölgəsinə gəlib.
Publika.az xəbər verir ki, Karapetyan Qarabağda zavodlara
baş çəkəcək, həmçinin qondarma “DQR” nümayəndələri ilə
görüşəcək.
Qeyd edək ki, Karapetyanın səfəri Serj Sarkisyanın dekabrın 1-də
Qarabağa gəlişi fonunda diqqət çəkir. Hər iki səfərin 2018-ci ilin
aprelindən sonra ölkəyə kimin rəhbərlik etməsi ilə bağlı olduğu
ehtimalı var.
Gələn ilin aprelində Sarkisyan prezident səlahiyyətlərini başa
vuracaq, bundan sonra Ermənistanın yeni konstitusiyasına əsasən
ölkədə əsas söz sahibi baş nazir olacaq.
Məlumatlara görə, Sarkisyan əvvəlcə Rusiyanın adamı olan
Karapetyanla razılaşıb. Razılaşmaya görə, Sarkisyan baş nazir olur
və xarici siyasətlə təhlükəsizlik məsələrinə nəzarət edir,
Karapetyan isə baş nazirin birinci müavini olaraq hökuməti idarə
edir. Lakin sonradan bu razılaşma pozuldu və Karapetyan postundan
imtina etməkdən vaz keçdi. Bu, Moskanın Avropa İttifaqı ilə saziş
imzalayan Sarkisyana cəzası idi. İndi Sarkisyanla Karapetyan
arasında əsas mübarizə gələn il ölkəyə kimin rəhbərlik etməsi
üzərində gedir. Bu prosesdə Dağlıq Qarabağ faktoru əsas amildir.
Sarkisyan Qarabağa gələrək, erməni ictimaiyyətinin gözündə “öz
qiyməti”ni artırmaq gedişi etdi. Eyni gedişi indi də Karapetyan
edir. Ermənistan mediası Sarkisyanla Karapetyanın “kim baş nazir
olacaq” müharibəsinin başladığını yazır. Qeyd olunur ki, rəsmi
şəkildə tərəflər bir-birinin əlini sıxsa da, gizlində qarşıdurma
gedir. Görünür, bu müharibə Qarabağdan başlayıb.
Asif