Müğənni Roza Zərgərli Qazaxıstanın Aktau şəhərinin “Abay” sarayında solo konsert verib.

Bu barədə Publika.az-a ifaçının özü məlumat verib. O bildirib ki, konsert Azərbaycan və Qazaxıstan respublikaları arasında diplomatik əlaqələrin qurulmasının 25 illik il dönümünə həsr olunan konsertdə sevilən mahnılarını oxuyub: “2 saat davam edən musiqi gecəsində müğənnilər Yaşar Yusub, Nicat Rəhimov, Ramil Cəfərov və “Bakı instrumental”ın musiqiçiləri iştirak etdilər. Konsertin aparıcısı Şəhriyar Əbilov idi. Gecədə Manqistau vilayət hakimi Yerali Lupkan oğlu Tukjanov, vilayət və şəhər hakimliyinin rəhbərliyi, şəhər ictimaiyyətinin nümayəndələri, Manqistau vilayətində yaşayan azərbaycanlılar, media nümayəndələri iştirak edirdi. Konsert mənim ifamda “Yaşa Azərbaycan” mahnısı ilə başladı, sonda bütün müğənnilərin və zalda oturan soydaşlarımızın ifası ilə “Can Qarabağ” mahnısı ilə bitdi”.

Xatırladaq ki, tədbirin əvvəlində Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələrə həsr olunmuş video rolik nümayiş etdirilib. Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunun rəhbəri Elxan Zeynalov çıxış edib. Tədbir haqqında Qazaxıstanın yerli və mərkəzi televiziya kanallarında məlumat yayımlanıb. Konsertin təşkilatı dəstəyi Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğudur.

Qeyd edək ki, bu konsertlər Qazaxıstan Respublikası üzrə turne konsertlər silsiləsindən birincisidir. Yeni ilin ilk aylarında digər şəhərlərdə də konsertlər nəzərdə tutulub.

Pərviz Hüseyn