"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
R.Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini söyləyib.
O, daha sonra sərbəst ifadə verib. Təqsirləndirilən şəxs bildirib ki, hadisədən əvvəl içkili olub: "Kristina, Mixayıl və Fərhadla bir yerdə kafeyə getdik. Onlar içdi, amma mən içmədim. Çünkü gündüz içki içmişdim. Sonra evə getdik. Gecə rəhmətlik Fərhad məndən pul istədi. Mən də ona "yox" dedim. Səsimizə qonşu gəldi. Bir qədər keçəndən sonra uzanmışdım. Gözümü açanda hər yer qan idi. Polisə zəng edib, evimdə meyit olduğunu söylədim. Amma kim tərəfindən öldürüldüyünü bilmədim. Polislər gəldi. Heç onun meyitinə də əl vurmamışdım".
Prokurorun suallarını cavablandıran R.Məmmədov Fərhad Mehdiyevi öldürmədiyini qeyd edib.
Hakim bildirib ki, R.Məmmədov istintaqa verdiyi ifadəsində hadisəni törətdiyini etiraf edib.
R.Məmmədov isə məhkəmədə söyləyib ki, həmin zaman yaddaşı yerində olmayıb: "Mən onu yumruqla da vurmamışam. Fərhad məndən pul istəyəndə onu əlimlə itələmişəm. Fərhadı bıçaqla vurmağımda yadımda deyil. Axı onu mən öldürməmişəm. Yenə deyirəm yuxudan ayılanda hər yerdə qan var idi".
Qeyd edək ki, qətl hadisəsi ötən il iyun ayının 24-də baş verib. Suraxanı qəsəbəsində yaşayan R.Məmmədov evində münaqişə zəminində tanışı Fərhad Mehdiyevi bıçaqla qətlə yetirib.
Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədov tutulub. Daha sonra onun barəsində həbs timkan tədbiri seçilib.
R.Məmmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.