Gəncədə 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar ümümşəhər tədbiri keçirilib

Gəncədə 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar ümümşəhər tədbiri keçirilib
20:47 20 Yanvar 2018
165 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə. 20 yanvar. REPORT.AZ/ Gəncədə 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar ümümşəhər tədbiri keçirilib.
"Report" xəbər verir ki, öncə 20 Yanvar faciəsində Azərbaycanın suverenliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən Şəhidlər Memorial Kompleksi Abidəsi önünə əklil qoyulub. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Şah Abbas Cümə məscidinin axundu Hacı Rahil tərəfindən şəhidlərin ruhuna dualar oxunub.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək 28 il bundan öncə törədilən 20 Yanvar hadisəsinin təkcə hüzn günü kimi yox, eyni zamanda tariximizin şərəf və qəhrəmanlıq günü kimi yaddaşlarda qaldığını qeyd edib. Bildirib ki, 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
28 il əvvəl Bakıda törədilən qətliam Gəncədən də yan keçməyib. Yanvarın 19-dan 20-nə keçən gecə Gəncə 1 şəhid verib. Gəncənin 20 Yanvar şəhidi Valeri Boqdanovdur. Hadisə nəticəsində 1 nəfər şəhər sakini də yaralanıb.
Şəhidlər Xiyabanında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi uğrunda canlarından keçən 371 şəhidin məzarı var. Onlardan 49-u naməlum, 1-i isə şəhid qadının məzarıdır.
Şəhid anası Minayə Piriyeva çıxış edərək qanlı Yanvar gecəsi baş verən hadisələri ürək ağrısı ilə xatırlayıb. M. Piriyeva Vətən uğrunda canını qurban verən şəhidlər ilə fəxr etdiyini bildirib.
Çıxışlardan sonra Gəncə Dövlət Dram Teatrının aktyorları şəhidlərin xatirəsinə həsr olunan "Qan Yaddaşı" adlı bədii kompozisiya nümayiş etdirib.
Şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələri tərəfindən şəhid məzarları ziyarət olunub, gül dəstələri qoyulub. 




Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/gencede-20-yanvar-faciesinin-ildonumu-ile-elaqedar-umumseher-tedbiri-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR