“Türkiyənin özünü müdafiə üçün anti-terror əməliyyatı keçirməkdən başqa bir yolu qalmadı” - Politoloq

Türkiyənin Afrində keçirdiyi “Zeytun budağı” əməliyyatı uğurla davam edir.

Metbuat.az-ın məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin əməliyyat nəticəsində məhv etdiyi PKK/KCK/YPG/PYD və İŞİD terrorçularının sayı 947-yə çatıb.

Türkiyənin Afrindəki əməliyyatı ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Rufiz Qonaqov deyir ki, Türkiyə illərdir terrordan əziyyət çəkən ölkədir: “Xüsusilə Suriyadakı, Yaxın Şərqdəki hadisələrdən sonra bir çox terrorçu dəstələrin təhdidləri və hücumları oldu. Buna görə də Türkiyə əks tədbirlər görmək məcburiyyətindədir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bəyan edib ki, Türkiyə öz sərhədlərini və ərazisini terrordan qorumaq üçün bu cür əməliyyatlar keçirəcək və terrorçuları məhv edəcək.

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, terrorçular və onların himayədarları buna məhəl qoymadığı üçün Afrin əməliyyatı başladı. Türkiyə digər ərazilərdə də həmin ərazilərə kimin nəzarət etməyinə baxmayaraq, anti-terror əməliyyatlarını keçirmək niyyətindədir. Əlbəttə ki, Türkiyə böyük dövlətdir, müsəlman dövlətlər içərisində lider olan ölkədir. Eyni zamanda, inkişaf etmiş NATO ölkəsidir, iqtisadi cəhətdən qüdrətli dövlətdir.

Sözsüz ki, Türkiyə prezidenti qonşular və qonşularda yerləşən terrorçular tərəfindən öz ölkəsinə qarşı təhlükə hiss edirsə, bunun qarşısını almalıdır. Suriya ərazisində gedən uzunmüddətli müharibə nəticəsində Suriyada və İraqda terrorçulara nəzarət etmək imkanını itirdi. Belə olduğu halda, Türkiyənin özünü müdafiə üçün anti-terror əməliyyatı keçirməkdən başqa bir yolu qalmadı. Məhz buna görə də Türkiyə bu gün bu əməliyyatları keçirir. Bu, tam beynəlxalq hüquqa uyğundur, çünki əgər Suriya və İraq öz ölkəsində baş verən hadisələrə, terrora nəzarət edə bilmirsə və oradakı terrorçular digər dövlət üçün təhlükə yaradırsa, sözsüz ki, Türkiyə bu anti-terror əməliyyatlarını nə qədər çətin də olsa, aparmaq məcburiyyətindədir.

Türkiyə prezidentinin qətiyyətli mövqeyi ortadadır. Belə görünür ki, bu anti-terror əməliyyatları terrorçular tam zərərsizləşdirilənə qədər aparlacaq. Eyni zamanda Türkiyənin bu addımına qarşı hər hansı bir ölkədən narazılıq varsa, həmin narazı ölkə gəlib terrorçuların olduğu ölkələrə və yaxud onların törətdiyi terrora cavabdehliyi öz üzərinə götürürmü? Əlbəttə ki, götürmür. Ona görə də Türkiyə məcburdur bu əməliyyatları sona qədər aparsın. Inanıram ki, anti-terror əməliyyatları öz nəticəsini verəcək və Türkiyə terrordan əziyyət çəkən bir ölkə kimi əməliyyatı uğurla başa vuracaq”.

Günay Elşadqızı / METBUAT.AZ

“Bu, Azərbaycan iqtisadiyyatının inkişafına təkan verən amillərdən biridir” – Vahid Əhmədov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı