Bakı. 9 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış idmançı, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun məhkəmə iclası davam etdirilib.
"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Tofiq Musayev ifadə verib.
K-1 döyüş növü üzrə idmanla məşğul olan şahid həm təqsirləndirilən şəxsi, həm də zərərçəkmişi tanıdığını, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini deyib: "Bizi yığma komandanın heyətində Türkiyənin İstanbul şəhərinə yarışa apardılar. Aeroportda Rövşən müəllim maşın icarəyə götürdü. Hotelə gələndə Rövşən dedi ki, "işim var, gedirəm". Onun əlində qara torba var idi. Bir qədər keçəndən sonra jandarmadan qaldığımız hotelə zəbg gəldi. Söylədilər ki, Rövşən Heybətov hadisə törədib, xəstəxananın ünvanını verdi. Həmin vaxt Elnur müəllim də orada idi. Biz xəstəxanaya gedəndə Rövşən müəllim palatada yatırdı, o, sayıqlayırdı".
Sualları cavablandıran T.Musayev qeyd edib ki, qəza baş verən əraziyə də gediblər: "Ora yaxınlaşanda maşında pulun olduğunu dedik. Lakin tapılmadı".
O, R.Heybətovda olan pul barədə məlumatının olmadığını söyləyib.
Hakim bildirib ki, şahidin istintaqa verdiyi ifadəsi ilə məhkəmədə danışdığı ifadənin arasında ziddiyət var.
T.Musayev məhkəmədə yadında qalanı danışdığını bildirib: "İstintaqa nə demişəm onu da təsdiq edirəm".
Daha sonra digər şahid, K-1 döyüş növü üzrə idmanla məşğul olan Vüqar Kərəmov dindirilib. Həmin şahid də istintaqa verdiyi ifadəsini təsdiq etdiyini vurğulayıb: "Türkiyəyə yarışa gedəndə Rövşən müəllim iki mərtəbəli yerdən qara torba götürdü, amma bilmədim nə olduğunu. Sonra hotelə getdim".
Onun sözlərinə görə, xəstəxanaya gedən zaman R.Heybətovda xəsarət olmayıb: "O, palatada sayıqlayırdı".
Məhkəmənin növbəti iclası fevralın 16-na təyin edilib.
Qeyd edək ki, iş üzrə zərərçəkmiş şəxs qismində sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədov tanınır.
E.Məmmədov Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək, R.Heybətovun onun etibarından sui-istifadə edərək külli miqdarda pulunu dələduzluq yolu ilə mənimsədiyini bildirib. R.Heybətov saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib və 5 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb.
İttiham aktına görə, E.Məmmədov işlə bağlı R.Heybətova 200 min dollar verərək Türkiyəyə göndərib. R.Heybətov orada avtomobil qəzasına düşüb və xəstəxanaya yerləşdirilib. Həmin zaman isə pulun üzərində olmadığını görüb. E.Məmmədov isə buna inanmayaraq R.Heybətovun pulu mənimsədiyini bildirib və polisə şikayət edib.
İttihama görə, R.Heybətov E.Məmmədovun 210 min dollar pulunu dələduzluq yolu ilə ələ keçirib.
Xatırladaq ki, E.Məmmədov "Best of the Best" promoşn qrupunun prezidenti olmaqla yanaşı, həmçinin, K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi olub.