“Onları bu hərəkata, yəni anti-türk cəbhəsinə itələyən qüvvələr var” – Zahid Oruc

Türkiyənin Afrində həyata keçirdiyi “Zeytun Budağı” əməliyyatı uğurla davam edir.

Metbuat.az-ın məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin açıqlamasına görə, öldürülən terrorçuların sayı 1528-ə çatıb. İki gün öncə isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin qrup toplantısında sərt açıqlamalar verib. Metbuat.az-ın məlumatına görə, Ərdoğan Yunanıstana xəbərdarlıq edib: “Elə güman edilməsin ki, Kiprdə təbii qaz axtarışı və Egeydəki qayalıqlarla bağlı fürsətcil cəhdlər diqqətimizdən yayınır. Kiprdə və Egey dənizində həddini aşanları səhv hesab aparmamaqları üçün xəbərdarlıq edirik. Onların da hesabını pozarıq və pozacağıq. Strateji tərəfdaşımız, müttəfiqimiz YPG-yə ciddi mənada maddi dəstək, silah köməkliyi etməkdən əlavə, bəzi qərarlar verir. Bu qərarlar isə bizim aldığımız qərarlara da təsir göstərəcək. Bunu yaxşı bilmək lazımdır ki, Türkiyə çadır dövləti deyil.

Bir ölərik, min dirilərik, bu belə bilinməlidir. Kiprdə açıq fəaliyyət göstərən şirkətlərə Rum tərəfinə güvənərək hədlərini və işlərini aşan məsələlərə alət olmamaqlarını tövsiyə edirəm. Bunların özlərindən razılığı bizim qoşunlarımızı, gəmilərimizi, təyyarələrimizi görənə qədərdir. Belə qeyri-ciddi və uşaq kimi atılan addımlar heç bir nəticə verməyəcək, eyni zamanda bununla cinayətkarlarını kiçildir və səviyyəsiz hala gətirirlər. Türkiyə beynəlxalq hüquqlarının sonuna qədər təqibçisidir. Bizim üçün Afrin nədirsə, Egey dənizi və Kiprdəki haqlarımız da odur”.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Zahid Oruc deyir ki, təəssüf ki, Türkiyənin belə bir regional savaşa çəkilməsi onun köhnə rəqiblərini hərəkətə gətirib: “Onlar ümumən düşünürlər ki, Türkiyə savaşlarda nə qədər əzilsə, qüdrəti sarsılsa, bu, mahiyyət etibarilə onların mənafelərinə işləyər. Həmçinin tarixi problemlərin həllinə də fürsət yaranar. Real olaraq hər birimizə bəllidir ki, Kipr problemi bir günün içərisində yaranmayıb. 1970-ci illərdə Bülənt Ecevit dövründə Türkiyə Silahlı Qüvvələrinin məlum əməliyyatı həyata keçirməsi türklərin orada məhv edilməsinin qarşısını almaq məqsədi daşıyırdı. Ondan sonrakı dövrdə artıq həmin muxtariyyətin siyasi dövlətçilik yönündə addım atmamaqdan başqa yolu qalmırdı. Yəni başqa alternativlər NATO-nun üzvü olan bu dövlətlərin arasında gerçək böyük bir milli müharibə, dövlətlərarası savaş anlamına gələ bilərdi. O dövr qüvvələr nisbəti toplandı və dairələr də yunanlara tövsiyə etdilər ki, başqa addımlar atmasınlar”.

Millət vəkilinin sözlərinə görə, indi bir çoxları düşünür ki, Yaxın Şərq həqiqətən də ikinci Əfqanıstandır, Suriyadakı sindromları bir çox dövlətlərə yaşatmaq, o cümlədən İran, Rusiya, Türkiyə kimi imperiya varislərini həmin meydanda vurub əzmək olur: “Açıq demək lazımdır ki, hər gün gedən savaş birinci növbədə vəsaitin azalması deməkdir. Milyonlarla dollar pul bu hərəkata qoyulur. Bu isə Türkiyə iqtisadiyyatından gedən vəsaitlərdir. Əlbəttə, təhlükəsizlik hər şeydən önəmlidir. Bu məsələni edilməməlidir səviyyəsində qurmuruq, qətiyyən belə deyil. Əksinə, hər birimiz onun tərəfindəyik. Ancaq istəyirəm bu əməliyyatların bir maliyyə tutumu olduğunu da söyləyək. İstəyirlər ki, Türkiyə o ərazilərdə daha çox qalsın, pullarını tez itirsin, büdcə vəsaiti təhsilə, səhiyyəyə, ölkənin başqa ehtiyaclarına qoyulmasın. Nəticə etibarilə bu, Ərdoğanı və Türkiyəni var-dövlətini itirmiş vəziyyətdə beynəlxalq dairələrin qarşısında aciz duruma salsın. Ümidvaram ki, belə bir hal olmayacaq”.

Zahid Oruc deyir ki, yekun etibarilə burada bizim üçün ən əsas hadisə Yunanıstan tərəfinin situasiyadan gizli dəhlizlərlə istifadə etməsinin çox təhlükəli olduğunu anlamasıdır. Bu nə qədər tez baş verərsə, o qədər xeyirlidir. Eyni zamanda düşünürəm ki, bu onların öz fikirlərinin, istəklərinin nəticəsi deyil. Onları bu hərəkata, yəni anti-türk cəbhəsinə itələyən qüvvələr var. Çox təəssüf ki, bu gün PKK-nın digər qolları PYD/YPG və başqa bayraqlar altında birləşən kürdlər ən azı 4-5 iri güc mərkəzlərinin əlində vasitəyə çevriliblər. Onları döyüşdürürlər, müharibəyə qatırlar, üzərlərində siyasi proqram qururlar və s. Ona görə də Ərdoğanın xəbərdarlığı ünvanlıdır, əsaslıdır və əminəm ki, nəticəsini verəcək”.

Günay Elşadqızı / METBUAT.AZ

“Ermənilər bunu çox yaxşı bilir və onları qorxuya salan da budur” – Aydın Hüseynov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı