Atəşkəs Suriyanın bütün bölgələrinə aiddir.
Milli.Az Haberler-ə istinadla xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hezer Nauert söyləyib.
Nauert Afrin əməliyyatını işarə edərək Türkiyəni BMT-nin atəşkəs qərarını diqqətlə oxumağa çağırıb.
"Atəşkəs Suriyanın bütün bölgələrinə aiddir. Türkiyə BMT-nin qərarını diqqətlə oxumalıdır".
Atəşkəs qərarına razılıq verən ölkələri sadalayan Nauert Rusiyanın atəşkəs qərarı ilə razılaşsa da, yenə də Əsədə dəstək olduğunu söyləyib.
BMT-nin Suriyada atəşkəs qərarından sonra Ankaradan verilən açıqlamada atəşkəsin Afrində aparılan Zeytun budağına aid olmadığı bildirilmişdi.
Qeyd edək ki, Dəməşq ətrafındakı Şərqi Qutanın Suriya ordusu tərəfindən bombalanması və çoxlu sayda qadın və uşağın ölümü dünya ictimaiyyətində ciddi narahatlıq doğurub. BMT Təhlükəsizlik Şurası fevralın 24-də Suriyada 30 günlük atəşkəs rejiminin tətbiqi və ölkə ərazisində humanitar əməliyyatların aparılmasına dair qətnamə qəbul edib.
Sənəd humanitar yardımları çatdırmaq, yaralı və ağır xəstələrin tibbi təxliyəsini həyata keçirmək üçün münaqişənin bütün tərəflərindən toqquşmaları azı 30 gün müddətinə dərhal dayandırmağı və humanitar fasiləni təmin etməyi tələb edir.
Bəxtiyar Umarlı
Milli.Az