“Aprel hadisələri hər an təkrarlana bilər” – Hərbi ekspertlərdən açıqlama

Xəbər verdiyimiz kimi, artıq 2016-cı ilin aprel döyüşlərindən iki il keçir. İki il əvvəl işğalçı Ermənistan ordusunun təxribatlarına cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin bölmələri 4 günlük hərbi əməliyyat keçirib. Hərbi əməliyyatlar qısa müddət davam etsə də, nəticəsədə düşmən ordusuna böyük zərbələr vurulub, yüzlərlə hərbçisi məhv edildi, mühüm strateji yüksəkliklər işğaldan azad edilib.

Aprel hadisələrinin əhəmiyyəti ilə bağlı Metbuat.az-a açıqlama verən ehtiyatda olan general-leytenant, hərbi ekspert Yaşar Aydəmirov bildirib ki, sözsüz ki, Azərbaycan ordusu qələbə qabiliyyətinə malik idi: “Bir neçə bölmənin iki istiqamətdə əks-həmləyə keçməsi nəticəsində Ermənistanın nəinki bölmələri, ümumilikdə Silahlı Qüvvələri sarsılıb. Həmin döyüş zamanı iki döyüş təminatı rəisi – kəşfiyyat və rabitə təminatı sisteminin rəisləri işdən azad edilib. Müdafiə nazirinin maddi-texniki təminat müavinini vəzifəsindən çıxarılıb. Kəşfiyyat rəisini ona görə işdən azad etdilər ki, heç bir kəşfiyyat məlumatı yox idi, kəşfiyyat qrupları ermənilərə heç bir kömək edə bilmədikləri üçün təxribat törədə bilmədilər.


Rabitə rəisi isə ona görə azad edildi ki, iki istiqamətdə bölmənin əks-həmləsi nəticəsində vurulan zərbələrlə rabitə sistemi dayanıqlılığını itirdi və sistem pozuldu. Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini isə həm silah-sursat, həm də ərzaq təminatında ciddi problemlər yarandığı, çatdıra bilmədikləri üçün işdən çıxarıldı. Bir müddət keçdikdən sonra isə onların Müdafiə naziri və Baş Qərargah rəisi də vəzifədən azad edildi. Sonra isə komandanlıq digər dövlətin tabeliyinə verildi. Vəzifəsindən çıxarılanların yerlərinə təyin olunanların bəziləri də sonradan işdən çıxarıldı.

Yəni, Azərbaycan Silahlı Qüvvələrinin bir neçə bölməsinin zərbəsi Ermənistan Silahlı Qüvvələrini sarsıtdı. Aprel döyüşlərinin ən gözəl nəticəsi odur ki, Azərbaycan ordusu xırda bölmələrlə möhtəşəm qələbə qazandı və düşməni sarsıtdı. Bu, hər an təkrar oluna bilər. Gələcəkdə bir neçə bölmənin yox, daha böyük səviyyədə - birliklərin, birləşmələrin artırılması nəzərdə tutula bilər. Bundan başqa, son iki il ərzində Azərbaycan ordusu daha müasir, daha da yeniləşən texnologiyaya malik silahlar alır”.

Ehtiyatda olan polkovnik, hərbi ekspert Xətai Baxışov isə Metbuat.az-a açıqlamasında qeyd edib ki, aprel hadisələri Azərbaycana balaca da olsa şanlı qələbə, inam qazandırdı: “Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz baxmayaraq ki, şəhid verdik, ancaq bunun qarşılığında qələbə də qazandıq. Bunu Ali Baş Komandan da çox yüksək qiymətləndirir, xalqımız da.

Aprel hadisələri zamanı iki istiqamətdə irəlilədik və mühüm yüksəklikləri geri aldıq. Onlardan biri Talış yüksəkliyidir, biri isə Lələ Təpə. Lələ Təpəni geri almağımızla Cocuq Mərcanlıya qayıdış oldu, çox gözəl şərait yaradıldı, evlər tikildi, Şuşa məscidinin kiçik forması orada tikildi. Novruz bayramı ərəfəsində şəhid anaları ilə birgə ora gedib əsgərlərimizlə görüşdük. Bu yüksəkliyin geri alınması ilə Cocuq Mərcanlı və Horadiz atəşə tutulmaqdan xilas olub. Talış yüksəkliyindən isə Goranboyu vururdular. Orada da əsgərlərimiz çox gözəl mövqe tutublar, yəni, strateji mövqelər”.

Günay Elşadqızı / METBUAT.AZ

“Silahlı Qüvvələrimiz bu gün Azərbaycan xalqının qürur mənbəyidir” - ŞƏRHLƏR


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı