“Silahlı Qüvvələrimiz bu gün Azərbaycan xalqının qürur mənbəyidir” - ŞƏRHLƏR

Bu gün Azərbaycanın bütün sahələrində inkişaf göz önündədir. Təbii ki, ordu quruculuğu da bu sahələr sırasındadır. Silahlı Qüvvələrin döyüş qabiliyyəti, texniki təchizatı, zabit kadrlarının hazırlıq səviyyəsi, əsgərlərin mənəvi-psixoloji durumu mühüm yer tutur.

Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyev hər zaman çıxışlarında ordu quruculuğunun əhəmiyyətindən danışır: “Azərbaycanda güclü ordu var. Ordunun potensialı gündən-günə möhkəmlənir, güclənir. Ordu quruculuğu bizim dövlət siyasətimizdir, prioritetdir və son illərdə bu istiqamətdə çox böyük işlər görülüb. Ordumuz yeni texnika ilə təchiz edilir. Bu gün Azərbaycan Ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir. Bu göstəriciyə görə bizim ordumuz dünyada ən güclü ordular sırasındadır”.

Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Metbuat.az-a açıqlamasında bildirib ki, Ali Baş Komandanın diqqəti nəticəsində bu gün Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqaz regionda ən müasir və güclü orduya malikdir: “Azərbaycan Silahlı Qüvvələri statistik məlumatlara görə, son zamanlar 551 milyon dollarlıq silah-sursat alıb. Ermənistan Silahlı Qüvvələri isə iki il ərzində 124 milyon dollarlıq silah-sursat alıb. Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində demək olar ki, ordu quruculuğunun elə bir sahəsi yoxdur ki, diqqətdən kənarda qalsın. Hərbi qulluqçuların sosial problemləri həll olunur, son illər hər il hərbçilərə evlər ayrılır, mütəmadi olaraq maaşları artırılır. Bu il də hərbçilərin maaşları 10% artıb. Bölgələrdə yeni hərbi şəhərciklər açılır, hansı ki, öz müasirliyilə, əsgərlərə yaradılan şəraitlə seçilir. Valideynlər də açıq qapı günlərində gedib şəraitlə tanış ola bilirlər. Onlar övladlarına yaradılan şəraitə valeh olurlar, yeməklərdən çox razı qalırlar. Tibbi təyinat yüksək səviyyədədir. Bütün bunların nəticəsidir ki, cəbhədə bu gün müqavilə əsasında gəlib xidmət etmək istəyənlərin sayı günü-gündən çoxalır.


Bu gün Azərbaycan Silahlı Qüvvələri ən müasir silahlarla təchiz olunub. Azərbaycanın bu gün hərbiyə ayrılan büdcəsi Ermənistanın büdcəsindən çoxdur. Bu gün Azərbaycanın hərbi mütəxəssisləri artıq ölkədən kənarda da tanınır və seçilirlər. Məsələn, Azərbaycandan gedən sühməramlı qüvvələrin tərkibində olan hərbi mütəxəssislər çox yüksək nəticələr göstərirlər və hər zaman fərqlənirlər. NATO dövlətləri daima Azərbaycanın sülhməramlı qüvvələrinin sayını artırmaq üçün müraciət edirlər və demək olar ki, mütəmadi olaraq artır. Bu da Azərbaycan hərbi mütəxəssislərinə olan inamdır və onların professionallığıdır. Ali Baş Komandan İlham Əliyev dəfələrlə Silahlı Qüvvələrə çox yüksək qiymət verib, təlimlərdə özü şəxsən iştirak edib. Azərbaycanın hərbi mütəxəssisləri ilbəil beynəlxalq yarışlarda və təlimlərdə iştirak edirlər. Rusiyada tankçılarımız yüksək yerlərə nail olublar. Qazaxıstanda snayperçilərin yarışlarında iştirak edərək yüksək yerlər qazanıblar. Qeyd edim ki, erməni snayperçiləri aşağı göstəricilərə görə, vaxtından əvvəl o yarışları tərk etməli olublar.Bildiyimiz kimi, hərbçilərimiz beynəlxalq təlimlərdə də iştirak edirlər, sonuncu təlimlər Azərbaycan, Türkiyə, Gürcüstan təlimləri olub. Azərbaycanın hərbi mütəxəssisləri bu gün ən böyük, ən güclülər sırasında olan NATO dövləti, qardaş Türkiyənin Silahlı Qüvvələri ilə yaxın əlaqədədir, onların tədbirlərində iştirak edirlər, həm ixtisaslar üzrə, həm də təlimlərdə. İstər bizim pilotlarımız, istər dənizçilərimiz, mühəndislərimiz, kəşfiyyatçılarımız və xüsusi təyinatlı qüvvələrimiz həmin təlimlərdə iştirak edərək və yaxşı nəticələr göstərərək Türkiyə Silahlı Qüvvələrinin orada olan komandir heyətinin yüksək qiymətlərinə layiq görülüblər. Bütün bunlara görə də Silahlı Qüvvələrimiz bu gün Azərbaycan xalqının qürur mənbəyidir.


Bu gün Silahlı Qüvvələrin şəxsi heyəti Ali Baş Komandanın yaratdığı şəraitə, diqqətə öz xidmətilə, peşəkarlığı ilə, yüksək nailiyyətlərilə cavab verirlər. Bildiyiniz kimi, bu ay Silahlı Qüvvələrimiz genişmiqyaslı hərbi təlimlər keçirdi. O təlimlərdə Silahlı Qüvvələrin şəxsi heyəti öz bacarığı, peşəkarlığı ilə düşməni vahiməyə salıb. Çünki bu təlimlər erməni kəşfiyyatında çox böyük rezonans doğurub və Ermənistan tərəfindən beynəlxalq qurumlara müraciətlər olub. Bu narahatçılıq da yenə Azərbaycan Silahlı Qüvvələrinin qüdrətinin və gücünün əks-sədasıdır. Təbii ki, bunun da birinci səbəbi Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyevdir.

Bu gün Silahlı Qüvvələrimiz kadr potensialına, kadr hazırlığına böyük diqqət göstərir. Hərbçilərimiz təkcə Azərbaycanda deyil, ölkədən kənarda da bir neçə dövlətin Ali Hərbi məktəblərində və akademiyalarında təhsil alıb, Azərbaycana geri dönüb fəaliyyət göstərirlər. Ona görə də bu gün Azərbaycan Silahlı Qüvvələri dünyada özünəməxsus, yüksək yer tutur. Bununla hətta bir sıra böyük dövlətləri, bəzi Avropa dövlətlərini də arxada qoyur. Azərbaycan Silahlı Qüvvələri bilir ki, ölkəmiz müharibə şəraitindədir, qarşıda Qarabağın azadlığı dayanır. Silahlı Qüvvələrimiz hər an hazır olmalıdır və hazırdılar ki, Silahlı Qüvvələrin Ali Baş Komandanının əmrini yerinə yetirsinlər. Bu sözü həm səngərdə dayanan əli silahlı əsgərimiz, həm də komandirlər deyir. Müdafiə naziri Zakir Həsənov da çıxışlarında Ali Baş Komandanın əmrini gözlədiklərini təsdiqləyir. Bir məqam gözlənilir ki, o məqam çatan kimi Azərbaycan Silahlı Qüvvələri işğalçı Silahlı Qüvvələri darmadağın edib, işğal altındakı torpaqlarımızı azad edəcəklər.

Bildiyiniz kimi, bir neçə gün öncə Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi Movses Akopyanın sözlərinə Azərbaycan müdafiə nazirinin müavini Kərim Vəliyev çox gözəl cavab verib. O, cavabında qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri işğalçı qüvvələri darmadağın etməyə həm qadirdir, həm də hazırdır. Bu yaxınlarda bildiyiniz kimi, sosial şəbəkələrdə erməni əsgərin aprel hadisələrində Madaqiz postunda 29 nəfərin həlak olması, 30-dan çox yaralının olduğu ilə bağlı dedikləri yayılıb. Bu da Azərbaycan Silahlı Qüvvələrinin gücünü və gələcəkdə Ermənistanı gözləyən faciəni göstərir.

Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyev çıxışlarında bildirib ki, Azərbaycanı və Ermənistanı təkbətək qoysalar, Azərbaycan Silahlı Qüvvələri işğalçı qüvvələri darmadağın edərək öz ərazi bütövlüyünü bərpa edəcək. Bu məqam üçün də Silahlı Qüvvələrimiz daima hazır vəziyyətdədir, həm nəzəri, həm də praktiki cəhətdən daima biliklərini artırırlar. Onlar cənab prezidentin əmrinə tabe olduqlarını keçirilən təlimlərdə bir daha təsdiq edirlər. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, prezident İlham Əliyevin ordu quruculuğu ilə bağlı bütün sahələrdə gördüyü işlərlə bağlı çox danışmaq olar. Ancaq ümumilikdə desək, Azərbaycan Silahlı Qüvvələrinin əsas göstəricisi bugünkü vəziyyəti, inkişafı, ən müasir silahla təmin edilərək qüdrətinin artırılması, cəmiyyətin qürur mənbəyinə çevrilməsidir. Bu gün Azərbaycan Silahlı Qüvvələri dünyada artıq seçilmiş Silahlı Qüvvələrdən biridir. Azərbaycan prezidenti nəinki Silahlı Qüvvələrin inkişafına, eyni zamanda silahla təmin edə biləcək hərb sənayemizin inkişafına da çox böyük diqqət göstərir. Ona görə də hesab edirəm ki, Azərbaycan Silahlı Qüvvələri bu diqqət və qayğı nəticəsində Ali Baş Komandanın əmrini hər an yerinə yetirməyə hazırdır və o əmri də yerinə yetirəcək.


Politoloq Ceyhun Əhmədli isə bildirib ki, ulu öndər Heydər Əliyev dövründə əsası qoyulan ordu quruculuğu prosesi cənab İlham Əliyevin prezidentliyi müddətində də davam etdirildi: “Hələ 2003-cü ildə prezident İlham Əliyev bildirmişdi ki, ordu quruculuğu Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edəcək. Belə də oldu. Büdcə xərclərində orduya ayrılan vəsait son 15 ildə 20 dəfədən çox artırıldı, ordumuzun maddi-texniki təchizatı möhkəmləndirildi, ən müasir silahlar alındı. 2005-ci ildən isə Müdafiə Sənayesi Nazirliyinin xətti ilə Azərbaycan müasir və dağıdıcı silahlar istehsal etməyə başladı. Hazırda ölkəmizdə 2 min növdən çox silah və sursat istehsal olunur. Bu silahlar xarici ölkələrə də ixrac olunur. Onu da əlavə edim ki, bu gün Azərbaycanın hərbi sahəyə ayırdığı xərclər Ermənistanın bütün dövlət büdcəsindən təqribən 1,5 dəfə çoxdur. Ötən 15 il ərzində ordumuzun döyüş qabiliyyəti xeyli yüksəldi. Bu gün NATO standartlarına tam cavab verən orduya sahibik. Azərbaycanda ordu quruculuğu prosesi beynəlxalq mötəbər qurumlar tərəfindən də yüksək qiymətləndirilir.

Bu gün hərbi qulluqçularımızda yüksək döyüş əhval-ruhiyyəsi hökm sürür. Ölkə başçısının tez-tez cəbhə xəttinə səfər edərək əsgərlərimizin şəraiti ilə yerindəcə maraqlanması ordumuza olan diqqət və qayğının təzahürüdür. Əminliklə söyləyə bilərik ki, hazırda Azərbaycan ordusu Ermənistanın bütün təhdidlərinin qarşısını almağa və ərazi bütövlüyümüzü bərpa etməyə qadirdir. 2016-cı ilin aprel döyüşləri də bunu əyani olaraq sübut etdi”.

Günay Elşadqızı / METBUAT.AZ

“Azərbaycan-İran arasındakı dostluq münasibətləri istənilən dövlət üçün yaxşı nümunədir” – Aydın Mirzəzadə


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı