Sübh tezdən səsvermək üçün insanların növbəyə düzüldüyü məntəqə - FOTO

Sübh tezdən səsvermək üçün insanların növbəyə düzüldüyü məntəqə - FOTO
16:43 11 Aprel 2018
67 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir. Respublikanın seçki məntəqələrindən daxil olan məlumatlara görə, seçici aktivliyi müşahidə edilir.

Publika.az olaraq biz 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 22 saylı məntəqəsində olub seçki prosesini izlədik. 08:00-dan da tez məntəqə qarşısında toplaşan seçicilər səsvermə hüquqlarından istifadə üçün qapıların açılmağını gözləyirdi.

Vaxt tamam olan kimi məntəqənin qapısı açılır və növbə ilə seçicilər səs verirlər.

Hər il məntəqədə seçici fəallığının müşahidə edildiyini deyən məntəqə sədri Könül Həsənova burada 1203 səsvermə hüququ olan şəxsin qeydiyyatda olduğunu bildirir:

“Məntəqəmizdə qeydiyyatda olanlardan 16 nəfər ilk dəfə səs verəcək, 2 seçicinin yaşı isə 95-dən çoxdur. Bu il 5 nəfər qeydiyyatdan çıxıb, 6 nəfərin isə evdə səs verməsinə şərait yaradılması üçün ərizə ilə müraciət edilib. İstər məntəqə, istərsə də evdə səs verəcək seçicilərimiz üçün şərait yaradılıb”.

K.Həsənova yerli və beynəlxalq müşahidəçilərlə birlikdə ümumilikdə 30-dan çox müşahidəçinin səhər saatlarında qeydiyyatdan keçdiyini bildirir.

Məntəqədə veb-kamera yerləşdirilib və seçki prosesi onlayn izlənilir.

Seçici Gülnarə Cavadova seçkinin təşkilatçılığından məmnun qaldığını deyir:

“Sərbəst şəkildə seçkidə iştirak etdim, heç bir problem yaşamadım. Seçki yüksək səviyyədə təşkil edilib”.

Digər bir seçici Xalid Əhmədov da prosesin yaxşı təşkil edildiyini deyir:

“Hər dəfə seçkilərdə iştirak edirəm. Proses ildən-ilə daha yaxşı təşkil edilir. Nəzarətçilər, kameralar var, belə bir prosesdə neqativ halın yaşanması mümkün deyil. Mən də sərbəst şəkildə seçmək hüququmdan istifadə etdim”.

Səhər saatlarından məntəqədə olan müşahidəçilər seçki prosesindən razılıq edirdi.

Öz təşəbbüsü ilə seçkilərdə müşahidəçi kimi iştirak edən Elmira Sofiyeva bildirir ki, 08:30-dan məntəqədə seçki prosesini izləyir və heç bir pozuntu qeydə almayıb:

“Seçki prosesi çox aktivdir. İnsanlar rahat şəkildə səs verirlər. Biz də müşahidəçi kimi vəzifəmizi yerinə yetiririk. Hər hansı bir pozuntu müşahidə etməmişəm”.

Azərbaycan Demokrat Partiyasından seçkilərdə müşahidəçi kimi iştirak edən Yeganə Bağırova seçki fəallığının yüksək olduğunu deyir:

“Bu gün saat 08:10-dan məntəqədəyəm, həmin saatdan artıq fəallıq müşahidə edilirdi. Seçicilərin bu cür iştirakı insanlar seçkilərə olan inamından xəbər verir”.

Öz təşəbbüsü ilə seçkiləri müşahidə edən Şəhla Yolçuyeva səhər saat 08:00-dan məntəqədə olduğunu və hər hansı pozuntu müşahidə etmədiyini bildirir.

Məntəqədə seçki prosesini izləyən Baltik Assambleyasından Litva respublikasının təmsilçisi Simulik Valerijus, Valcekauskas Gintaras, MDB-nin müşahidə missiyasından Oleq Tarasov neqativ hal aşkarlamadıqlarını deyirlər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR