100 ilin dərsləri: 200 atlı ilə erməninin üstünə gedən... 6 türk zabiti əsirlikdən qaçıran azərbaycanlı qadın – TARİXİN ARXİVİNDƏN

100 ilin dərsləri: 200 atlı ilə erməninin üstünə gedən... 6 türk zabiti əsirlikdən qaçıran azərbaycanlı qadın – TARİXİN ARXİVİNDƏN
13:14 23 Aprel 2018
108 Digər
Ölkə mətbuatı
A- A+

... Vəziyyət çox dəhşətli idi. Ermənilər Qarabağda Azərbaycan kəndlərini talayır, dinc əhalini qadın, uşaq, qoca demədən öldürür, onlara min bir işgəncə verirdi. Erməni quldur dəstələri yolları kəsir, kəndlərə gedən ərzaq mallarını yağmalayırdılar. Kəndlilər, demək olar ki, acından qırılırdı. Bütün xalq yollara tökülüb, öz vətənində qaçqına, köçkünə dönmüşdü. Qarabağ xanlarının ailəsindən olan Həmidə xanım Cavanşir də heç şübhəsiz, bu hadisələrə biganə qala bilməzdi. O, heç cür sakitləşə bilmirdi. Necə olur ki, onun xalqı öz vətənində haqsız şəkildə bu cür vəhşiliklərə məruz qalır, öldürülür, təhqir olunur...

 

1918-ci ilin yayında ermənilər Ağdamdan Şuşaya gedən yolu bağlayırlar. Bunu bilən Həmidə xanım Cavanşir Kəhrizli və Əfətlidən gətirdiyi 200 atlı ilə birlikdə Ağdama gəlir. Hadisəni eşidən bütün kişilər mərkəzi meydana yığışırlar. Həmidə xanım başından yaylığını açıb, camaata müraciət edir: “Bu gecə Ağdam-Şuşa yolu açılmalıdır. Mən də sizinlə birlikdə döyüşə gedirəm”. Həmidə xanımın atının üzəngisinə yüzlərlə əl uzanır... Çox təvəqqedən sonra Həmidə xanımı yola gətirirlər ki, o, Ağdamda gözləsin, bu gecə Şuşa yolu açılacaq. Elə həmin gecə Ağdam-Şuşa yolu qeyrətli kişilərin səyi nəticəsində ermənilərdən təmizlənir və yol açılır.

 

Bu hadisə bir tarixi faktdır və kitablarda da öz əksini tapıb.

 

İlk qadın xeyriyyə cəmiyyəti

 

Azərbaycan xalqının mili-mənəvi dəyərləri arasında mərhəmət, xeyirxahlıq hissi xüsusilə ön plana çıxır. Bu, tarixən belə olub və kimsəsizə, darda qalana, imkansıza, ehtiyac içində yaşayanlara yardım edib, həmişə onlara diqqət və qayğı göstərilib. Bu işdə təkcə kişilərin yox, həm də qadınların böyük rolu olub. Elə toxunacağımız mövzu da XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan qadınlarının xeyriyyəçilik əməlləri ilə bağlıdır. Lent.az mövzu ilə bağlı araşdırmanı təqdim edir.

 

Xüsusilə həmin dövrdə xalqımız çox mürəkkəb bir zamanın astanasında idi. Xalq oyanır, yavaş-yavaş özünü bir xalq kimi hiss etməyə başlayırdı. O dünyada baş verən sürətli iqtisadi, siyasi, mədəni proseslərdən uzaq qalmaq istəmirdi. Bu çətin işdə isə kişilərlə yanaşı qadınlar da çiyin-çiyinə çalışıb, xalqının, millətinin mənafeyi naminə əlindən gələni əsirgəmirdi. Bunun üçün xeyriyyə cəmiyyətləri yaradır, ehtiyacı olanlara yardım edirdilər.

 

Tarixi qaynaqlarda göstərilir ki, Azərbaycanda ilk xeyriyyə cəmiyyəti 1908-ci ildə yaranıb. Amma mütəxəssislər tərəfindən aparılan araşdırmalar bu rəqəmin yanlış olduğunu və tarixin daha əvvəllərə dayandığını ortaya qoyur.

 

Bu, Azərbaycanda həmişə olub...

 

Həmin dövrdəki tarixi proseslər, qadın xeyriyyə cəmiyyətlərinin yaranmasına təkan verən hadisələr və bu işdə əməyi olanlar barədə apardığı araşdırmalarla bağlı Lent.az-a tarix üzrə fəlsəfə doktoru Lətifə Əliyeva ətraflı şəkildə danışır. O deyir ki, Azərbaycanda həmişə mərhəmət aksiyaları olub. Lap qədim zamanlardan, orta əsrlərdən bəri: “Amma həmin kömək başqa cür gedirdi və dini xarakter daşıyırdı. Məsələn, hər varlı müsəlman pul qazananda onun 10-da 1 hissəsini kasıblara paylamalı idi. Amma bizim dediyimiz dövrdə bu, artıq başqa bir mərhələyə keçdi. XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycan cəmiyyətində yaşanan dəyişikliklərin təsiri altında cəmiyyətin təhsilli hissəsində məişətin dini, patriarxal əsaslarından dünyəvi əsasına keçidi baş verirdi. Cəmiyyətdə dünyəvi öhdəlikdən xalq qarşısında mənəvi borca doğru, onu təkmilləşdirmək, xeyriyyəçiliyə münasibətin dəyişməsi baş verirdi.

XIX əsrin ortalarından sonra, xüsusilə 1870-ci illərdə bu, tamamilə başqa xarakter almağa başladı. 1875-ci ildə ki “Əkinçi” qəzetinin çıxması ilə xalq özünü bir xalq kimi, bir millət kimi dərk etməyə başladı. Artıq bütün məsələlərə dünyəvi nöqteyi-nəzərdən baxmağa başladılar. O zaman başqa millətlər, xüsusilə ruslar və digərləri özlərinin xeyriyyə cəmiyyətlərini yaratmağa başlamışdılar”.

 

“Müqəddəs Nina”dakı 17 azərbaycanlı qadın

 

L.Əliyeva söyləyir ki, Azərbaycanda qadın xeyriyyə cəmiyyətləri hələ XIX əsrin ortalarından başlayaraq, fəaliyyət göstərirdi. Bunlar əsasən “Müqəddəs Nina” cəmiyyətinin qeyri-müsəlman, yəni xristian qadın cəmiyyətinin şöbələri idi: “Xeyriyyə cəmiyyətinin mərkəzi Tiflisdə yerləşirdi. Cəmiyyətin təkcə Bakıda deyil, həmçinin Gəncədə, Şamaxıda və İrəvanda şöbələri var idi. Bu cəmiyyətlərin fəaliyyətində az sayda da olsa, azərbaycanlı qadınlar iştirak edirdilər. Məsələn, 1865-ci ildə “Müqəddəs Nina”nın Bakı şöbəsində 17 azərbaycanlı qadın var idi; onlardan Çimnaz xanım Bakıxanova, Bəyim xanım Əmirbəyova, Şərəbanı xanım Ağabəyova, Gövhər ağa Qacar, Xədicə xanım Haqverdiyeva, Fatma xanım Əsədbəyova və başqalarının adlarını çəkə bilərik. İrəvandakı “Müqəddəs Ripsime” qadın xeyriyyə cəmiyyətinin üzvləri arasında azərbaycanlı qadınların sayı 42 nəfərə çatırdı. Azərbaycan qadınları həmin cəmiyyətlərdə zəngin iş təcrübəsi qazanırdılar; onlar bu təcrübələrindən gələcək fəaliyyətlərində, öz millətinin qadınları arasında işləyərkən yararlana bilmişdilər. Onlar həm də müsəlman qadınları üçün belə cəmiyyətlər yaratmağa can atırdılar.

 

Hələ 1903-cü ildə əsilzadə və zəngin qadın, generalın həyat yoldaşı Ümgülsüm xanım Şeyxəliyeva Peterburqda xeyriyyəçilik ilə məşğul olurdu. Ümgülsüm xanım xeyriyyəçi kimi Peterburqda və Bakıda yaşayan müsəlmanların böyük hörmətini qazanmışdı, belə ki, xeyriyyə gecələri burada da keçirilirdi”.

 

Zərdabi və Topçubaşov erməniləri susdurur

 

Bu xeyriyyə cəmiyyətlərinin yaradılmasında maraqlı bir məqam var deyir Lətifə Əliyeva: “Deməli, o zaman Bakı Dumasında bu məsələlər həll olunanda ermənilər çıxış edərək deyiblər ki, azərbaycanlılarda xeyriyyəçilik yoxdur, ümumiyyətlə, azərbaycanlılar xeyriyyəçiliklə məşğul olmurlar. Həsən bəy Zərdabi və Əlimərdan bəy Topçubaşov da Dumanın üzvü idilər. O zaman onlar ermənilərin cavabını verirlər. Deyirlər ki, bizdə hər bir azərbaycanlı özü öz böyük ailəsinə kömək edir. Doğrudan da baxanda məlum olur ki, Zərdabi özü qohumlarından 4-nün, 5-nin ailəsinə kömək edirdi. Azərbaycanda o zaman elə idi ki, əgər qohumlardan ailə başçısı rəhmətə gedirdisə, onun qalan qohumlarına yaxınları yiyə dururdu və ailəsini dolandırırdı. Nəriman Nərimanov iki qardaşının ailəsini dolandırdığı üçün özü gec evlənib. Eləcə də Əlimərdan bəy Topçubaşov və bir çoxları gec evlənib, qohum-əqrəbaya kömək göstəriblər. Onlar faktiki olaraq xeyriyyəçiliklə məşğul idilər, amma öz qohumları arasında. Məsələ bu müstəviyə keçdikdə düşünüblər ki, biz rəsmi şəkildə öz cəmiyyətimizi yaratmalıyıq”.

 

“Sübut etdim ki...”

 

Əvvəlcə kişilər arasında cəmiyyət yaradılır. Sonra məsələ qoyulur ki, qadınların arasında da xeyriyyə cəmiyyəti yaradılsın: “Qeyd olunur ki, Azərbaycanda ilk müsəlman qadın xeyriyyə cəmiyyəti 1908-ci ildə yaranıb. Və bu, hər yerdə belə gedir. Amma mən öz dissertasiyamda sübut etdim ki, ilk qadın xeyriyyə cəmiyyəti 1906-cı ildə Bakıda yaranıb. Hətta Tiflisdə 1905-ci ilin axırında müsəlman qadınlarının cəmiyyəti faktiki olaraq var olub. Bilirik ki, Tiflisdə azərbaycanlılar həmişə çoxluq təşkil edib. Onların da əksəriyyəti görkəmli ailələr idi. Onlar orada bu cəmiyyəti yaratdılar. Kimlər idi bu cəmiyyəti yaradanlar? Gövhər xanım Qacar, Nigar xanım Şıxlinskaya və başqa xanımlar. 1906-cı ildə Tiflisdə müsəlman qadın xeyriyyə cəmiyyəti təsis edildi. Belə bir fikir mövcuddur ki, Tiflisdəki cəmiyyət Azərbaycan qadınlarının ilk qadın xeyriyyə cəmiyyəti idi. Sofya xanım Şahtaxtinskaya və Həmidə xanım Cavanşir bu cəmiyyətin təsisçiləri və fəal üzvləri idilər. Səkinə xanım (Sofya xanım) Şahtaxtinskaya istefada olan kapitan Allahyar bəy Ağalarovun qızı idi. Tiflisdə Sofya Şahtaxtinskaya Həmidə xanım Cavanşir ilə tanış olmuş və ömürlük dostlaşmışdı. Elə 1905-ci ilin oktyabrında Tiflisdə Sofya Şahtaxtinskayanın mənzilində Həmidə xanım Cəlil Məmmədquluzadə ilə tanış olmuşdu. Bir qədər sonra Mirzə Cəlil Həmidə xanımla evləndi. C. Məmmədquluzadənin qadın müsəlman xeyriyyə cəmiyyətinin yaradılması haqqında ideyası da bu mənzildə ortaya çıxmışdı. Sofya xanımın köməyi ilə Tiflisdəki görkəmli azərbaycanlı ailələrin siyahısı tərtib edildi. Gövhər xanım Qacar, Xədicə xanım Əlibəyova, M.F.Axundovun nəvəsi Mələksima xanım, həmçinin Firudin bəy Köçərlinin həyat yoldaşı Badisəba xanım, general Əlixanov-Avarskinin həyat yoldaşı və başqaları bu mühüm təşəbbüsə ilk qoşulan xanımlar oldular”.

 

“Russkiy invalid” o qadından yazmışdı...

 

“Burada bir haşiyə çıxım ki, mən yeni bir fakt da tapmışam. Hələ 1903-cü ildə azərbaycanlı Nigar Şıxəliyeva Sankt-Peterburqda müsəlman xeyriyyə cəmiyyəti yaradıb. O, hamıya kömək edib, böyük işlər görüb. O dövrün qəzetlərində bu barədə yazılıb. Mən Rusiyada müharibə dövründə çıxan “Russkiy invalid” (“Rus əlili”) adlı qəzetdə bu barədə material tapdım ki, Nigar xanım çox varlı bir qadın olub. Onun həyat yoldaşı general olub və vəfat edib. Daha sonra o, Əliağa Şıxlinski ilə ailə qurub. Onlar I Dünya Müharibəsi dövründə Sankt-Peterburqun yaxınlığında “Çarskoe Selo” adlı yerdə hərbi hospital açırlar və həmin hospital Şıxlinskayanın adı ilə adlanır. Nigar Şıxlinskaya orada xeyriyyə işləri aparıb, azərbaycanlılara köməklik edib, məktublarını yazıb, yaralıların yaralarını sarıyıb, onlara dərmanlar alıb. Ümumiyyətlə, oradakı bütün azərbaycanlılara və müsəlmanlara kömək edib. O, bu əməllərinə görə ilk azərbaycanlı şəfqət bacısı hesab edilir. Ona bu ad xeyriyyə işlərinə görə verilib. Çünki onun buna heç bir ehtiyacı olmayıb və bu onun işi deyildi. Faktiki olaraq bu, xeyriyyəçilik idi. Hətta Əliağa Şıxlinski 1943-cü ildə öz xatirələrini kitab halında yazarkən bu hospital haqqında da yazıb. O kitabda da Nigar Şıxlinskayanın fəaliyyəti barədə daha ətraflı yazılıb”.

 

Bakıdan gedən teleqram

 

 

L.Əliyeva araşdırmaları zamanı bəzi faktlar da tapıb: “Belə ki, 1906-cı ildə Tiflisdə müsəlman məktəbi olub və onun özünün məscidini tikiblər ki, həmin qızlar burada ibadət etsinlər. Məscidin açılışı və orada olan bütün işlər haqqında o dövrdə qəzetlər yazıblar. Tarixi elmi ədəbiyyatda belə bir fikir mövcuddur ki, ilk müsəlman qadın xeyriyyə cəmiyyəti 1908-ci ildə yaradılmışdır. Bizim əldə etdiyimiz məlumatlara əsasən, artıq 1906-cı ilin əvvəllərində Bakıda qadın xeyriyyə təşkilatı fəaliyyət göstərirdi. Qaynaqlar həmçinin 1906-cı ilin mart ayında Tiflisdə müsəlman qız məktəbi və ibadət evinin açılışında qrafinya Y. A. Voronsova-Daşkova Bakı müsəlman qadın xeyriyyə cəmiyyətinin adından vurulan teleqramı oxumuşdu. Bu, faktiki olaraq, Bakıda mahiyyətcə xeyriyyə cəmiyyəti olan “müsəlman qadın dərnəyi” adı altında bir təşkilatın fəaliyyət göstərdiyindən xəbər verir”.

 

“Kişilər ləng tərpənir...”

 

O dövrdə Qönçə xanım Muxtarovanın ətrafına toplaşmış qadınlar Qarabağ sakinlərinə, yəni erməni millətçilərinin hücumuna məruz qalmış Qarabağ əhalisinə yardım göstərə biləcək qadın dərnəyi yaratmaq qərarına gəlmişdilər. Bir neçə gündən sonra, dekabrın 8-də Sona xanım Tağıyevanın mənzilində tanınmış müsəlman xanımların yığıncağı baş tutdu. Beləliklə, erməni-azərbaycanlı münaqişəsi nəticəsində zərər çəkmiş Qarabağ azərbaycanlılarına yardım işinə öz töhfəsini verməyi qərara almış müsəlman qadınlarının yığıncağı keçirildi. Qadınlar Sona xanım Tağıyevanın ehtiyacı olan həmvətənlərə kömək etməyin vacibliyinə dair çağırışına həssaslıqla yanaşdılar. Buraya onu da əlavə edim ki, hələ 1905-1906-cı illərdə erməni-Azərbaycan münaqişəsi başlayanda Azərbaycanın 158 kəndini uçurub məhv etmişdilər. Kəndlərdə adamlar yollarda tökülüb qalmışdılar. O dövrün qəzetləri bu barədə yazır ki, onlar öz ölkəsində qaçqın, köçkün vəziyyətdə idi. Və ona görə Hacı Zeynalabdin Tağıyevin həyat yoldaşı Sona xanım Tağıyeva cəmiyyət yaradır. O, çıxışına belə bir cümlə ilə başlayır – “Biz elə bir cəmiyyət yaratmalıyıq ki, Qarabağda ağır vəziyyətdə olan azərbaycanlı ailələrə, qadınlara, uşaqlara kömək edə bilək. Hətta sonradan çıxış edən qadınlardan biri deyir ki, kişilər ləng tərpənir, bu işi biz qadınlar görməliyik”.

 

“Nicat”ın Bakı şöbəsi

 

Tarixçi məlumat verir ki, 26 oktyabr 1908-ci il tarixində “Nicat” cəmiyyətinin Bakı qadın şöbəsi təsis edildi: “Tədqiqatçılar bu şöbəni Bakıda ilk qadın müsəlman xeyriyyə cəmiyyəti kimi müəyyən edirlər. Təsisçilərin tərkibi yalnız müsəlman qadınlarından ibarət idi – H.Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikova, həmçinin Rübabə xanım Qasımova, Xədicə xanım Əlibəyova, Əminə xanım Əfəndiyeva, Sürəyya xanım Axundova, Səkinə xanım Axundova, Səbirə xanım Əbdürəhmanova, Sara xanım Vəzirova, Səltənət xanım Əmircanova, Əminə xanım Terequlova, Xurşud xanım Vəzirova, Xədicə xanım Hacıbababəyova, Qərib-Sultan xanım Xanlarova, Ayişə xanım Hacıqasımova. “Nicat” cəmiyyətinin bir şöbəsi kimi yaradılmış sözügedən təşkilat sonralar müstəqil Bakı müsəlman qadın xeyriyyə cəmiyyətinə çevrildi. Cəmiyyət 1914-cü ildə öz Nizamnaməsini nəşr etdirdi.

 

1910-cu ildə Tiflisdə azərbaycanlı qadınlar – Gövhər xanım Qacar (sədr), Nigar xanım Şıxlinskaya (general Əliağa Şıxlinskinin həyat yoldaşı), Məsmə xanım Talışinskaya və Səltənət xanım Əhmədovanın təsis və rəhbərlik etdikləri müsəlman qadın xeyriyyə təşkilatının nizamnaməsi qəbul edildi”.

 

“Bir azərbaycanlı qadın təhsil alırsa...”

 

1913-cü ildə Bakı müsəlman qadın xeyriyyə cəmiyyəti meydana çıxdı. Neft maqnatı Murtuza Muxtarovun həyat yoldaşı Liza xanım Muxtarova cəmiyyətin sədri idi: “L. Muxtarova bugünkü Səadət sarayında yaşayırdı və orada qadın xeyriyyə cəmiyyəti yaratmışdı. Bakıda, Tiflisdə və başqa yerlərdə oxuyan qadınlara, qızlara köməklik edirdi. Həmin vaxt qadınlar tək ibtidai məktəblərdə oxumurdular, artıq ali savad almağa da getmişdilər. Məsələn, Əminə xanım Batırşina Sankt Peterburqda həkim olmaq üçün oxuyurdu. Bilirik ki, cənubi Qafqazda o dövrdə universitet yox idi. Məsələ qoyulmuşdu ki, universitet açılsın. 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə bunun üçün 5 milyon pul ayırdılar. Maliyyə vəziyyətinin ağır olduğu vaxtda Bakı Dövlət Universiteti açıldı. Və çalışdılar ki, o zaman burada qadınlar da təhsil alsın. Bizim milli liderlər deyirdi ki, əgər bir kişi təhsil alırsa, onun bir azərbaycanlıya xeyri var. Əgər bir azərbaycanlı qadını təhsil alırsa, onda 5-6 nəfər azərbaycanlıya xeyri var. Yəni ki, qadın öz uşaqlarına gözəl tərbiyə verir və uşaqlarını təhsilə yönəldir. Bu da xalq üçün böyük şeydir. Hacı Zeynalabdin Tağıyev 1901-ci ildə Bakıda birinci qız məktəbini açdı. Orada da qadınlar işləyirdi. Ən birinci Hənifə xanım Məlikova, Həsən bəy Zərdabinin həyat yoldaşı oranın qurucularından biri idi. Yəni Sona xanım Tağıyeva maliyyə cəhətdən kömək edib, Hənifə xanım isə müəllimə kimi işləyib orada və oranın müdirəsi olub. Həmin məktəbin birinci buraxılışından bütün qəzetlər yazıb o zaman. H.b.Zərdabi çıxış edib deyib ki, mənim ömrüm elə bil neçə il uzandı ki, bizim azərbaycanlı qızlar savad alırlar”.

 

6 türk zabiti əsirlikdən qaçıran qadın 

 

L.Əliyevanın sözlərinə görə, Birinci Dünya Müharibəsi illərində də xeyriyyə cəmiyyətlərinin sayı artmışdı: “Onlar Azərbaycanın bölgələrində də fəaliyyət göstərirdilər. Gəncədə Bakı və Tiflis nümunəsi üzrə azərbaycanlı qadınlar yetim uşaqlara kömək göstərən cəmiyyətlər yaratmışdılar. Görün o zaman qadınlar nə edib? 1915-ci ildə Sarıqamış əməliyyatı zamanı ruslar Türk-Osmanlı ordusunu darmadağın edib. O zaman osmanlıları öldürüblər və yerdə qalanların hamısını əsir götürüblər. Həmin əsirlərdən çoxunu da gətirib Azərbaycanda Nargin adasında saxlayıblar. Həmin əsirlərin vəziyyəti çox ağır olub. Buna görə bizim xeyriyyə cəmiyyətləri gedib onları yoxlayırmış və kömək edirmiş. Bir xanım olub Sona Hacıyeva. Arxivdə onun barəsində sənəd var. Onu hətta Rus hökuməti tutmaq istəyirmiş ki, sən niyə türk əsirlərə kömək etmək istəyirsən? O zaman da Məmməd Əmin Rəsulzadənin “Açıq söz” qəzeti çıxırdı və orada açıq yazılırdı ki, biz türkük. Artıq hamı başa düşürdü ki, biz türklərik. Ona görə də sakit baxa bilmirdilər ki, bizim türk qardaşlarımız orada əsir olsunlar. Qadın cəmiyyətinin üzvləri gedirdilər onlara isti paltarlar, ərzaq aparırdılar, kömək edirdilər. Bir dəfə də Sona xanım və başqa bir neçə qadın öz barkasları ilə Nargin adasından türklərin 6 zabitini götürüblər ki onları şəhərə gətirsinlər. Həmin əsirlər göndəriləcək yardıma kömək etməli idilər. Bu adla onları götürüblər və artıq üzü Bakıya tərəf yox, Lənkəran istiqamətində gediblər. Onları ötürüblər Ənzəliyə, İrana və oradan da Türkiyəyə. Həmin şəxslərin hamısının adları var. Mən bu barədə Türkiyədə danışanda onlara çox təsir etdi ki, azərbaycanlı qadınlar türk əsirlərini necə qəhrəmanlıqla azad ediblər”.

 

Gəncədə yetimxana açıldı

 

1916-cı ildə 14 yanvar tarixində Şəkidə açılmış qadın orta məktəbini idarə etmək məqsədilə qadın xeyriyyə cəmiyyəti təsis edilmişdi. Cəmiyyətə qəza rəisi polkovnik Klimentiyevin həyat yoldaşı S.F. Klimentiyeva başçılıq edirdi.

1916-cı ilin dekabrında Gəncədə yetimxana açıldı. Xədicə xanım Ağayevanın başçılıq etdiyi cəmiyyətə 20 qadın daxil idi. Onlar nəinki ianə toplayıb maddi yardım göstərməklə məşğul olur, həm də tərbiyəvi işlərə özləri fəal surətdə qatılırdılar. Xeyriyyə cəmiyyətinin işində keçmiş Gəncə qazısının dul arvadı – Həcər xanım Qazızadə xüsusən əməli surətdə iştirak edirdi. Xədicə xanım Ağayeva, Şükufə xanım Pişnamazzadə, Cəvahir xanım Rəfibəyova, Vəllisə xanım Xoyskaya, Züleyxa xanım Ağayeva, Nazlı xanım Vəzirova, Aliyə xanım Rəfibəyova, Həbibə xanım Məmmədova və başqaları Gəncədəki xeyriyyə cəmiyyətinin fəal üzvləri idilər. Onlar qadın xeyriyyə cəmiyyətinin binasının tikintisinə başlamağı planlaşdırırdılar.

 

Daha tanınmış struktur – “Bakı qadın müsəlman xeyriyyə cəmiyyəti” – 1914-cü ilin oktyabr-noyabr aylarında şəriətin və ənənələrin ruhuna uyğun yaradılmışdı. Bu cəmiyyətin təsis yığıncağı baş tutmuşdu. Yığıncağın və idarə heyətinin sədri M.S. Tağıyeva, müavini – R. Hacıbababəyova, xəzinədarı – P. Topçubaşova seçilmişdi. İdarə heyətinin tərkibinə Aşurbəyovlar, Səlimxanovlar kimi Azərbaycanın əsilzadə nəsillərinin təmsilçiləri, habelə Terequlovalar, Sulkeviçlər, Qazıyevalar və başqa xanımlar daxil idilər.

 

Hərəsinin bir sonu...

        

Yuxarıda adları sadalanan xeyriyyəçi qadınların sonrakı taleləri ilə bağlı sualı cavablandıran L.Əliyeva bildirdi ki, Sovet dövründə xeyriyyəçilik işinə çox pis baxırdılar. Çünki o zaman kapitalistləri ən qəddar insan kimi göstərirdilər və onların xeyriyyə işini göstərəsən ki, bunlar mərhəmət ediblər, xalqa kömək ediblər, onu heç kəs etmək istəmirdi: “Ona görə hətta Sovet dövrünə qədər olan işləri də gizlədirdilər. Yalnız Azərbaycan müstəqillik qazanandan sonra bizim alimlər imkan tapdı ki, xeyriyyəçiliklə bağlı yazsınlar. O qadınların hərəsinin özünün bir taleyi oldu. Eləsi oldu ki, Sovet dövründə qalıb yaşadı. Eləsi oldu ki, taleyi bəlli olmadı. Məsələn, Liza Muxtarovanın taleyinin necə olması, ümumiyyətlə, bilinmir. Çünki Murtuza Muxtarov 11-ci Qızıl Ordu gələndə özünü Səadət Sarayında pilləkənin üstündə güllələdi. O gördü ki, həmin əsgərlər onun yoldaşı və özü ilə pis rəftar edir və buna görə özünü öldürdü. Liza Muxtarova da qoşuldu camaata ki, tanınmasın. O zaman N.Nərimanov Z.Tağıyevin ailəsinə kömək etdi. Onları öldürmək istəyirdilər. Amma N.Nərimanov deyir ki, baxmayaraq ki, Tağıyev kapitalistdir, o, xalqı üçün böyük işlər görüb. Bakıya su çəkdirib - “Şollar suyu”, məscidlər tikdirib, məktəblər açdırıb, tələbələr oxudub. N.Nərimanov və bir çox azərbaycanlı ziyalılar onun vəsaiti hesabına başqa dövlətlərdə ali savad alıblar. Çoxları xaricə çıxıb getdi. Məsələn, Əhməd bəy Ağayevin ailəsi Türkiyəyə, Şəmsi Əsədullayevin ailəsi Amerikaya getdi. Qalanlar da siyasi repressiya dövründə məhv oldu...”


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/299454

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR