Türkiyə millisinin kapitanı Hakan Çalhanoğlunun gələcəyi ilə bağlı yeni iddia yayılıb. “İnter”də çıxış edən ulduz futbolçunun mövsümün sonunda başa çatacaq müqaviləsini uzatmağa yaxın olduğu bildirilir.

Metbuat.az xəbər verir ki, İtaliyanın “La Gazzetta d ello Sport” nəşrinin məlumatına görə, Milan təmsilçisi Hakan Çalhanoğlu ilə yeni müqavilə barədə razılığa gəlməyi planlaşdırır. Tərəflərin danışıqları qısa müddətdə yekunlaşdırmaq niyyətində olduğu və anlaşmanın 2027-ci ilin yanvar ayına qədər rəsmiləşdirilməsinin hədəfləndiyi qeyd olunur.

Məlumata əsasən, “İnter” rəhbərliyi 32 yaşlı yarımmüdafiəçi ilə hazırkı illik 6,5 milyon avroluq maaşından daha aşağı məbləğ qarşılığında yeni müqavilə imzalamaq istəyir.

Türkiyə klublarının transfer gündəmində adı hallanan futbolçunun İtaliya klubunda qalması ehtimalı diqqət çəkir. Bununla belə, müqavilənin uzadılması ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Hakan Çalhanoğlu zədəsini sağaldaraq yenidən “İnter”in heyətinə qayıdıb. Təcrübəli futbolçu cari mövsümdə Milan təmsilçisinin heyətində meydana çıxdığı 8 rəsmi oyunda 3 qol vurub.

Qeyd edək ki, Çalhanoğlu 2021-ci ildən “İnter”də çıxış edir və komandanın əsas oyunçularından biri hesab olunur.