Banka basqın edib müştərini girov götürməkdə təqsirləndirilən Nazim Məmmədovun məhkəməsi davam edib. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək ittiham aktını elan edib.
N. Məmmədov özünü qismən təqsirli bildiyini deyib: "Xeyli borcum var idi, bu səbəbdən əsəblərim də pozulmuşdu. İstəyirdim məni tutsunlar, buna görə də cinayət törətmək istədim, amma dedim oğurluq edib kiməsə ziyan vurmayım. Ona görə belə elədim. Onsuz da mənə pul verməyəcəklərini bilirdim. Niyyətim bankı soymaq deyildi".
İfadəsini davam etdirən təqsirləndirilən şəxa qohumlarına borcu olduğunu deyib: "12 min 800 manat borcum var idi. Banka gedəndə bıçaq götürmüşdüm. Fikirləşdim ki, kimsə mənə xəsarət yetirə bilər. Etdiklərimə görə üzr istəyirəm. Qadın kassaya yaxın olduğu üçün məhz onu tutdum, başqa heç kəsə hədə-qorxu gəlmədim. Fikirləşdim yəqin 1-2 il "yatıb" çıxaram, amma cəzamın 10-15 il olacağını bilsəydim etməzdim. Borclarımı hələ də ödəyə bilməmişəm".
Bankın filialında şöbə müdiri olan Fərhad İsmayılov ifadəsində deyib ki, hadisə zamanı bankda olub: "Qadının boğazına bıçaq dirəyib dayanmışdı, konkret kiminsə üstünə getmirdi, ümumi olaraq ona pul verilməsini tələb edirdi, söyüşlər söyürdü. Biz onunla danışıb, sakitləşdirdik. Qadını buraxdı, sonra mühafizəçilər gəldi, Nazim bıçağı yerə qoydu, mühafizə xidmətinin əməkdaşı onu yerdən götürdü".
İttihama görə, hadisə 2018-ci ul yanvarın 18-də saat 13 radələrində “Turan Bank” ASC-nin Yasamal filialında baş verib. Filiala gələn Nazim Məmmədov qəfil hərəkətlə orada müştəri olan 1967-ci il təvəllüdlü Səriyyə Nəcəfovanın arxasına keçib və mətbəx bıçağı onun boğaz nahiyəsinə dirəyib. Həmin şəxs xəzinədar Kənan Miriyevdən pul verməsini, əks halda qadını öldürəcəyini deyib. Həmin zaman kassada ümumilikdə 198 min 345 manat olub. Bu zaman mühafizə siqnalizasiyası işə düşüb və hadisə yerinə polis əməkdaşları cəlb edilib. Polis əməkdaşları həmin şəxsi tərksilah edərək tutub. Həmçinin ondan soyuq silah hesab edilən bıçaq götürülüb.