“Qədir Rüstəmovla indi də dərdləşirəm...” – Aqil Abbasla MÜSAHİBƏ / FOTOLAR

İnsan yaşa dolduqca doğulduğu torpaq onu daha çox çəkir. Sanki uşaqlıq xatirələrini daha çox xatırlamaq istəyirsən. Elə mən də doğulduğum Ağdam rayonunu, Seyidli kəndini indi daha çox xatırlamağa çalışıram, yaddaşımı ələk-vələk edirəm ki, qızım böyüdükcə xatirələrimi onunla da bölüşə bilim. Bəlkə bu səbəbdəndir ki, torpağımda yaşayan insanlarla daha çox danışmaq, daha çox məlumatlanmaq, müsahibələr almaq istəyirəm. Budəfəki müsahibim də mənim üçün çox maraqlı biridir. Uzun zamandır ondan müsahibə almaq istəyirdim. Aqil Abbas millət vəkili olmaqla yanaşı, həm də illərdir jurnalistikada saç ağardan, ədəbiyyatımıza töhfələr verən həssas insanlardan biridir. Bu səbəbdən də onunla həm ağdamlı günlərdən, həm həyatdan, həm jurnalistikadan, həm ədəbiyyatdan, həm də siyasətdən danışdıq...

- Aqil müəllim, ilk peşə fəaliyyətinizə Ağsuda internat məktəbində müəllim kimi başlamısız. Sonra nə oldu ki, müəllimlikdən uzaqlaşdınız? Çətin oldu, yoxsa başqa səbəb var idi?

- Həmin internat məktəbində 8 ay müəllim işlədim. 1976-cı ildə universiteti bitirmişdim və təyinat vaxtı idi. Onda da qohumum Aydın Alıyev Ağsuda yüksək vəzifədə çalışırdı, katib işləyirdi. Ona görə Ağsunu seçdim ki, orada mənə dayaq durar, həm də o zaman 2-3 il məcburi işləmək lazım idi. Ora getdim və həmin qohumum sayəsində şəhər internat məktəbində mənə dərs verdilər. İnternat məktəbində adətən kasıb ailələrin övladları oxuyurdu. Amma həmin internat məktəbi şəhərin mərkəzində və yaxşı məktəb olduğuna görə, Ağsunun bütün dövlət adamlarının, prokurordan rəisinə qədər çoxunun uşağı orada oxuyurdu.

Onda Ağsuda iki əsas məktəb var idi, biri 3 saylı məktəb idi, biri də həmin internat məktəbi. Mən həmin internat məktəbində VIII sinifdə dil-ədəbiyyat müəllimi işlədim. Orada həm müəllim işləyirdim, həm də ştatdankənar Ağsu rayon Komsomol Komitəsində çalışırdım. Boş zamanlarımda orada olurdum və Komsomol Komitəsinin işlərini görürdüm. Komsomol xəttilə Bakıya tədbirə, iclasa gəlirdim.

Mənim 3 vətənim var – özüm ağcabədiliyəm, amma 10 yaşım olandan köçüb Ağdamda yaşamışıq, ilk iş yerim də Ağsuda olub. Ağsuda olanda oradakı gözəl, qonaqpərvər insanları gördüm və çox sevdim. 40 ildir jurnalistika ilə məşğulam, bu günə qədər işlədiyim mətbuatda 3 rayondan tənqid getməyib – biri Ağdamdır, biri Ağcabədi, biri də Ağsu. Çünki oralardan yaza bilmərəm, qoymaram da yazsınlar. Dediyim kimi, bir tədris ili Ağsuda işlədim, sonra da o katibin sayəsində Komsomol xəttilə gəldim Bakıya, təyinat yerindən çıxa bildim. Komsomol xətti mənim ürəyimcə olan iş deyildi. Bəlkə də o işdə işləsəydim, daha böyük vəzifələrə gedərdim. Amma mən jurnalistikanı sevirdim, 1977-ci ildən “Elm və həyat” jurnalında fəaliyyətə başladım.

Müəllimlik çox sevdiyim sənətdir, danışıq qabiliyyətim olduğuna görə yaxşı da müəllim idim. Müəllim çox şərəfli və ən çətin peşədir. Ən çətin iki peşə var, biri müəllimdir, biri də həkim. Biri insanın ruhuyla məşğuldur, biri də cismi ilə. İkisi də həkimlikdir, əslində müəllimlik də həkimlikdir. Mən isə jurnalistikaya daha çox bağlı idim. Tələbə ola-ola respublika qəzetlərinə yazırdım, o vaxt bir televiziyamız var idi – Azərbaycan televiziyası. Tələbə olduğum vaxt həmin televiziyada veriliş aparırdım, ezamiyyətdə olub veriliş və yazı hazırlayırdım.

- Bəs, yazıçılığa nə vaxtdan başladınız?

- Bir nənəm var idi, atamın anası. O, savadsız qadın idi, amma o qədər nağıl, bayatı, hədis bilirdi ki. Mən də onun yanında böyüyürdüm, nələrsə yazmağa başlayırdım. İlk dəfə VII sinifdə oxuyanda bir hekayə yazmışdım, indi də durur o hekayə. Babam qaçaq olub, Kolanı qaçağı, nənəm onun haqqında çox danışırdı, mən də istəyirdim ki, onun haqqında nəsə yazam. Təbii ki, çox zəif alınmışdı, VII sinifdə oxuyan uşaq nə yaza bilərdi ki? Babamı tərifləmişdim ancaq, hətta elə yazmışdım ki, guya babam Qaçaq Nəbidən də güclüdür. 1971-ci ildə isə birdən-birə povest yazdım. Şeir yazmırdım, bir dəfə şeir yazmışdım, göndərdim "Ağdam" qəzetinə. Qəzetdən yazdılar ki, nə mənasız şeirdi. Onunla da şeir yazmağı dayandırmışdım. Sonra biləndə ki, mən kimin oğluyam, redaktoru atama zəng vurub demişdi ki, “bilməmişik sənin oğlundur. Şeiri düzəldib çap edərik”. Atam da demişdi ki, “o nə sözdü, lazım deyil”. Düzdü sonralar şeir yazmışam, indi də yaza bilərəm. Sadəcə olaraq mənə dedilər ki, bu, sənlik deyil.

Amma sonra dediyim kimi, 1971-ci ildə ilk dəfə çox sevdiyim, yaxın dostum Qədir Rüstəmov haqqında povest yazdım. Onunla həmişə dərdləşirdik, hələ də Qədirlə tez-tez dərdləşirəm... Onun haqqında “Evləri köndələn yar” adlı povest yazdım. Sonra Bəxtiyar müəllimə verdim oxudu, çox xoşuna gəldi. Verdi “Ulduz” jurnalına ki, çap eləsinlər. Rəhmətlik Səyavuş Sərxanlı da gözəl redaktə elədi. Səyavuş Sərxanlı çox yaxşı redaktor və şair idi. Amma povesti çap eləmədilər, çünki orada bıçaqlanma məsələsi var idi. Povestdə komsomolçu başqa bir komsomolçunu bıçaqlayır. Qədir axı bıçaqlanıb böyrəyi çıxarılıb, mən də onu yazmışdım. Nəysə ki, povesti çap eləmədilər, mən də bir az küsdüm. Amma bir müddət sonra yenidən başladım yazmağa. Həmin povest 1981-ci ildə, 10 ildən sonra “Ulduz” jurnalında çap olundu. O povestlə bağlı yadımda deyil on min, yoxsa iyirmi min oxucu məktubu almışdım. Amma o məktubların hamısı Ağdamda qalıb yandı. Povest melodramik idi, Qədir Rüstəmovun obrazını, faciəsini yarada bilmişdim.

- Qədir Rüstəmovun özünün xoşuna gəlmişdimi povest?

- Povest xoşuna gəlmişdi, amma obraza qoyduğum adı bəyənməmişdi. Obrazın adını Beyrək qoymuşdum. Qədir də deyirdi ki, “Beyrək nədi sən Allah?”.

- Aqil müəllim, ədəbiyyat adamlarına, xüsusilə də gənc yazıçılara ən çox dəstək olan insanlardan birisiz. Nəyə görə onlara bu qədər dəstək olursuz?

- Çünki mən özüm gənc olanda çox sıxılmışam. Mənə dəstək olanlar Anar, Əjdər Xanbabayev, Sabir Rüstəmxanlı, Sabir Əhmədov idi. Amma o zamanlar çap olunmaq çox çətin idi. 18 yaşındakı uşağın povestini kim çap edərdi? O vaxtı yaşı 45-i keçənlərin povesti çap olunurdu, o da ki, kimlərsə... Çap məsələsində o vaxtı çox əziyyət çəkirdim ki, niyə məni çap eləmirlər? Ona görə də indi deyirəm ki, gəncliyə meydan açaq, onlar bizim çəkdiyimizi çəkməsinlər. O əziyyəti tək mən çəkmirdim, o vaxtı ümumilikdə bizim nəslin yazıçıları çəkirdi - Ramiz Rövşən, Vaqif Bəhmənli, Vaqif Cəbrayılzadə, Saday Budaqlı, Səfər Alışarlı, bu siyahını xeyli uzada bilərəm. Görürsüzmü, dediklərimin hamısı indi Azərbaycan ədəbiyyatında ən yuxarılarda durublar. Gör, indi onlara o vaxtdan diqqət göstərilsəydi, nələr edə bilərdilər. Ona görə də gənclərə dəstək olmaq burdan irəli gəlir.

- Bu gün gənc yazıçılarımıza, onların yazdıqlarına baxanda ədəbiyyatımızın gələcəyini parlaq görürsünüzmü?

- Ədəbiyyat hər zaman gedir, hər zaman inkişaf edəcək. Zəif olanlar ədəbiyyatdan gedəcək. Nizaminin, Nəsiminin vaxtında nə qədər şair olub, amma içlərində nəhəngi, bu günə qədər oxunanı onlar olub. Yəni, bu gün ədəbiyyatda hansısa zəif yazılar varsa, o demək deyil ki, Azərbaycan ədəbiyyatı zəifdir. Bilirəm ki, Azərbaycan ədəbiyyatının sabahı dünənkindən və bugünkündən də yaxşı olacaq, çünki möhkəm, istedadlı, dəli-dolu, ipə-sapa yatmayan bir gənclik gəlir. Mən hətta yazıram ki, onları niyə çərçivəyə salmaq istəyirsiz? Qoyun dəli-dolu olsunlar. Onlara şərait yaradılmalıdır ki, içlərini aça bilsinlər, göstərə bilsinlər. Təbii ki, səhvləri var, amma insan səhv edə-edə öyrənir.

- Sizin ən gözəl əsərlərinizdən biri olan “Dolu”ya rejissor Elxan Cəfərov eyniadlı film çəkdi. Fikrimcə, Azərbaycanda müharibə ilə bağlı çəkilən ən gözəl filmlərdən biridir. Bəs, siz bu gün müharibə ilə bağlı çəkilən filmləri necə qiymətləndirirsiz?

- Azərbaycanda neçə illər kino çəkilmədi, çünki iqtisadi problemlər var idi. Bunun nəticəsində isə Azərbaycan çox şey itirdi. Mənim bir sözüm var – Ağdamı yenidən əvvəlkindən də gözəl tikmək olar, Qarabağı əvvəlkindən də gözəl düzəltmək olar, amma itirilən mədəniyyəti yenidən bərpa eləmək üçün 100 il vaxt lazımdır. Qısa zamanda o mədəniyyəti, Cabbarın, Üzeyir Hacıbəyovun səsini hardan tapacaqsan? Mədəniyyət qırılması pis şeydir. Uzun müddət Azərbaycanda film çəkilmədi, teatrda geriləmə oldu. Nəticədə Azərbaycanın çox böyük aktyorları, rejissorları film çəkə bilmədilər. Məsələn, Rasim Balayevin, Şahmar Ələkbərovun, Hamlet Xanızadənin, Həsən Turabovun, Fuad Poladovun, Şamil Mahmudbəyovun, bu siyahını nə qədər artırmaq olar ki, onların ən müdrik, ən professional vaxtlarında film çəkilmədi. Eldar Quliyev, Oqtay Mirqasımov kimi nəhəng rejissorlar uzun illər film çəkə bilmədilər. Sonra həmin yaş da keçir, həmin həvəs də, istək də. Ona görə də film sahəsində böyük geriləmə oldu.

Sonra bu məsələ dövlət proqramına salındı, prezident İlham Əliyev bununla bağlı proqram qəbul etdi. Bundan sonra filmlərə maliyyə yardımı ayrıldı, film çəkmək şəraiti yaradıldı. Yeni nəsil aktyorlar gəldi köhnə aktyorlarla birləşdi və Azərbaycanda gözəl filmlər çəkilməyə başladı. Məsələn, rejissor Elxan Cəfərovun çəkdiyi film deyən kimi ancaq “Dolu”nu deyirlər, onun başqa gözəl filmləri də var. “Yarımçıq xatirələr”i də Elxan çəkib, çox gözəl də filmdir. Son illər “Nabat”, “Ovçu”, “Arxaya düşmüş gələcək”, “Çölçü” kimi bir çox gözəl filmlər çəkilib Azərbaycanda. Eyni zamanda komediya üslubunda da filmlər çəkilir. Təbii ki, komediya janrında çəkilən filmlərdə professional rejissorlar deyillər. Adətən professional aktyorlar da həmin filmlərdə çəkilmirlər. Bu gün biri, ikisi, beşi zəif olar, amma əsas odur iş gedir. Seriallarımız çox zəifdir, amma həmişə mətbuatda serial çəkənləri müdafiə edirəm.

Türkiyədə film çəkilməyinə indi başlanılıb, serialları da sonradan çəkilməyə başladı. O qədər mənasız filmlər çəkiblər ki, “Yeşilçam” da, serialları da o gündəydi. Amma illərlə çəkdilər-çəkdilər, indi isə artıq türk serialları dünyanı zəbt edib. Serialla kinonun fərqi var. Serialın rejissoru da, aktyoru da, musiqisi də, ssenaristi də başqadır. Yəni, məsələn, gedib nə qədər yalvarsan da Rasim Balayev, Ramiz Məlik, Fəxrəddin Manafov o seriallara çəkilən deyil, ya da rəhmətlik Fuad Poladov orda oynayan deyildi. Məsələn, baxın türk seriallarına, orda oynayan aktyorları bədii filmlərdə görə bilmirsən. Çünki onlar da yetişib artıq. Bir az nikbin olmaq lazımdır, bədbin olmaq lazım deyil. Bir serial pis olacaq, ikisi, üçü, nəhayət düzələcək. Məsələn, indi bir az zəifləsə də əvvəllər “Bacanaqlar” serialına baxırdım. İndi kanallarımız seriallar çəkirlər, insanlar da maraqla izləyir. Zaman keçdikcə daha da inkişaf edəcək.

- Aqil müəllim, Məmməd Arazın həyatınızda hansı rolu olub?

- Mustafa Kamal Atatürkün bir sözü var. Deyir ki, mənim cismimin sahibi atamdırsa, ruhumun sahibi Ziya Gökalpdır. O sözü mən də Məmməd Araz barədə deyə bilərəm. Məmməd Araz ədəbiyyatı, incəsənəti gözəl bilən adam idi. Dediyim kimi, Məmməd Araz ruhumun atasıdır. Onunla qohum olanda, İradəylə nişanlananda 26 yaşım var idi, toyum olanda 28 yaşım. 1979-cu ildən 2004-cü ilə qədər yəni, mən onu tanıyandan dünyasını dəyişənə qədər bir yerdə olmuşuq. O insan mənim həyatımda həmişə böyük rol oynayıb. Tutaq ki, camaat arzu edir ki, Ramiz Rövşənlə, Vaqif Cəbrayılzadə ilə bir dəfə çay içsin. Amma təsəvvür edin ki, mən hər gün o cür adamla çay içirdim, bir yerdə olurdum, sözünü-söhbətini, nəsihətlərini eşidirdim. Təbii ki, həm yaradıcılığımda, həm də həyatımda böyük rol oynayıb.

- İllərlə jurnalistikada saç ağardanlardan birisiz. Bəs, jurnalistikamızın bugünkü gününü necə dəyərləndirərsiz?

- Jurnalistikadakı vəziyyət belədir ki, kadr çatışmazlığı var. Mətbuat, saytlar, televiziyalar çoxalıb. Bütün bunlara kadr çatdırmağa isə Azərbaycanda heç bir universitetin gücü çatmaz. Məsələn, deyək ki, Bakı Dövlət Universiteti 1 ildə Jurnalistika fakültəsindən 50 jurnalist buraxsın. Onun da 10-da jurnalistika qabiliyyəti var, 40-ı isə təsadüfən düşüb ora, diplomu alıb gedib başqa bir işlə məşğul olacaq. “Ədalət” qəzetinə də praktikaya gəlirlər, baxıram ki, yoxdu jurnalistika qabiliyyəti. Bu mənada ölkədə jurnalist qıtlığı var. Amma Azərbaycan jurnalistikası yenə öz inkişafındadır. Azərbaycanda elə jurnalistlər var ki, Türkiyənin məşhur köşə yazarlarını “ciblərində gəzdirər”. Amma Azərbaycan jurnalisti alır 400-500 manat maaş, Türkiyənin mənasız bir köşə yazarı alır ayda 30-40 min lirə. Yəni, bir az maddi cəhətdən də problem var.

Düzdür, dövlət tərəfindən də pul ayrılır. Cənab prezident KİV-ə Dövlət Dəstəyi Fondunu yaratmasaydı, mətbuat acınacaqlı vəziyyətə düşərdi. Əsas da çap mətbuatı. Həm də indi internet var, sosial şəbəkələr var, insanlar oradan daha çox xəbər alır. Amma bunlar heç vaxt qəzeti əvəz edə bilməyəcək. Bunun da iki səbəbi var. Birincisi, interneti idarə edənlər Amerikada oturublar, bir dənə virus atsalar, hansısa saytın 10 illik tarixi məhv olub gedəcək. Amma qəzet elədir ki, kitabxanalarda, evlərdə, qəzetin öz redaksiyasında qalır. Gedək Axundov kitabxanasına 90-cı illərdə çıxan “Ədalət”, “Müsavat”, “525”, “Şərq”, “Bakı xəbər” qəzeti və s. hamısının nüsxələri var. Başqa kitabxanalarda da həmçinin. Həm də biri var ancaq xəbər, qəzetdə isə mövzular çoxdur.Qəzet sayt deyil, hər qəzetin öz üslubu var və qəzetlərin mövzuları, təhlilləri, araşdırmaları, maarifçi yazıları çoxdur. Jurnalistlərin öz köşələri də başqa formadadır. Ümumilikdə jurnalistikamızın gələcəyilə bağlı bədbin deyiləm. Çox yaxşı, jurnalistikanı gözəl bilən jurnalistlərimiz var. Jurnalistika fakültəsində çox yaxşı müəllimlərimiz, bu sahə üzrə gözəl mütəxəssislərimiz var. Televiziyalarda elə insanlar var ki, yeni nəslin yetişdirilməsi üçün çalışırlar.

- Aqil müəllim, qəzetlərdən danışdıq, amma etiraf etməliyik ki, bu gün insanlar qəzetdən çox onlayn medianı oxuyur. Bu baxımdan qəzetin gələcəyini necə düşünürsüz?

- Saytlardan ancaq informasiya alırlar. Məsələn, Əli Vəlini vurub öldürdü, Vəlinin arvadı başqasıyla gəzdiyi üçün Vəli gəlib onu öldürdü. İkisi birləşib Əlini öldürdülər. Ya da hansısa ölkədə hansısa hadisə baş verib. Bunlar ancaq informasiyadır. Bir neçə saytı çıxmaq şərtilə, digərləri ancaq informasiya verir. Qəzetlərdə elə materiallar göstərərəm ki, sosial şəbəkədə və ya saytlarda o cür yazı yoxdur. Ona görə də qəzetə yenə də həmin maraq var. Yoxsa camaat qəzetləri bağlayıb keçərdi sayta. Bir ətək pul verib niyə “Ədalət” qəzetini buraxırıq? 3-4 adam saxlayıb, hərəsinə 300 manat pul verərəm, bir sayt buraxaram. Amma bizim qəzetdə 22 adam işləyir.

- İnternetə qarşı bir az aqressiv münasibətinizi gördüm

- Qətiyyən aqressiv deyiləm, internetə baxıram. Məsələn, Azərbaycanda 4-5 sayt, informasiya agentliyi var ki, onlara həmişə baxıram. Bir də Türkiyənin, Rusiyanın müəyyən qəzetləri var ki, onların da saytını izləyirəm. Çünki həmin qəzetləri ala bilmirəm, bizdə satılmır. İnternet aludəçisi olmasam da, baxmağa məcburam. Dünyada nə var, nə yox bilməliyəm.

- Demək istədiyim budur ki, yəni, interneti sevmədiyiniz üçünmü sizi sosial şəbəkələrdə görmürük...

- Mən 1970-ci ildə Azərbaycan Dövlət Universitetinə girmişəm. Bizim ömür boyu sosial şəbəkəmiz çayxanalar olub. Yığışırdıq başları dolu, cibləri boş tələbələr. Müəllimlərimiz, ziyalılarımızla birgə çayxanaya yığışardıq. Amma sosial şəbəkədəki kimi mənasız şeylər danışmazdıq. Düzdür, sosial şəbəkədə də mənalı yazılar çoxdur, izlədiyim adamlar var sosial şəbəkədə ki, görüm nə status yazıb. Özüm sosial şəbəkədə olmasam da, amma izləyirəm. Dediyim kimi, bizim də sosial şəbəkələrimiz həmin çayxanalar idi. Biz adətən ədəbiyyatı, siyasəti, sənəti, elmi müzakirə edərdik. Kim-kimlə dalaşdı, barışdı, bunlar bizi maraqlandırmırdı və müzakirə mövzumuz olmurdu. Biz sosial şəbəkəmizdə ciddi mövzuları müzakirə edirdik, ordan da yayılırdı. Bu gün Bakı çayxanasında danışırdıq, səhər həmin mövzu Ağdam, Bərdə, hətta Laçın çayxanalarında müzakirə olunurdu.

- Jurnalistlər, yazıçılar bir az həssas insanlar olur. Siz də həm jurnalist, həm yazıçısız. Belə həssaslıqla siyasətçi, millət vəkili olmaq çətin olmur ki?

- Yox, çətin deyil. Sadəcə olaraq siyasətdə olanda bir az danışığına daha çox diqqət verməlisən. Çünki dediyin hər sözə fikir verirlər. Sənin bəzən ürəklə, səmimi dediyin sözü cümlədən çıxarıb sənə qarşı istifadə edirlər. Demədiyin sözü sənin adına çıxırlar. Çətinliyi sadəcə budur, başqa bir çətinliyi yoxdur. Hər kəs siyasətlə məşğul ola bilər, təbii ki, buna qabiliyyəti çatırsa. Yazıçı adamlar siyasətdə olanda siyasət daha da coşğun olur, çünki ürəyində nə varsa, açıb danışan adamlardır.

- Ən çox insanların yanında olan millət vəkillərimizdən birisiz. Ancaq bəzən dediyiniz sözlər böyük tənqidə səbəb olur, konteksdən çıxarıb paylaşırlar, insanlar da tənqidi fikirlər səsləndirirlər bununla bağlı. Bunun səbəbi nədir?

-Bunun səbəbi odur ki, mən həddindən artıq səmimi insanam. Səmimi adamları isə sevməzlər. Gərək məcburən danışanda da qalstuk taxıb, ancaq ciddi danışasan. Kimsə salam verəndə əlinin ucunda salam verib keçəsən, onda xoş olar. Amma səmimi olanda, səmimi söhbət edəndə, fikrini açıq bildirəndə bu cür olur. Həm də ki, qısqanclıqlar da olur. Bir də ki, sosial şəbəkədə hansısa qrupdu, dediklərin qalıb kənarda, ordan bir cümlə çıxarıb atıblar qrupa. Məsələn, mənim dediyim fikirdən bir cümlə çıxarıblar ki, benzin 5 manat olmalıdır. Amma bu cümlənin nə əvvəlini oxuyan var, nə sonrasını. Təbii ki, söhbətin nədən getdiyini bilmədən, bir kəlmə oxusam ki, kimsə belə fikir deyib, mən də söyərəm. Bir də sifarişli söyüşlər var, xaricdən və Azərbaycandan idarə olunur. Deyirlər ki, məsələn, filan adamı söyün, geri çəkilsin, bir də danışmasın, gözü “qırılsın”. Amma bununla mənim gözüm “qırılan” deyil, nə qədər deyirlərsə-desinlər.

- Aqil müəllim, bir millət vəkili kimi hansı qanunun qəbulunda sizin xüsusi rolunuz olub?

-Olub belə qanunlar. Mən Milli Məclisin iki komitəsinin üzvüyəm - Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi və Mədəniyyət komitəsi. Müdafiə komitəsində elə qanunlar qəbul etmişik, elə ciddi yanaşmalar olub ki, onu mətbuata deyə bilmərəm. Bu məsələlərlə bağlı təkliflər vermişik və qəbul olunub. O cümlədən də Mədəniyyət komitəsində. Mədəniyyət mənə daha yaxındır. O vaxt Müdafiə komitəsini ona görə seçdim ki, mən qarabağlıyam, evim-eşiyim yanıb, torpağım gedib, nə qədər doğmalarım həlak olub. Ona görə də mən Azərbaycanın müdafiə gücünün daha da möhkəm olmağını istəyirəm. Seçim edəndə, soruşulanda ki, hansı komitədə çalışmaq istəyirsən. Mən Müdafiə komitəsini də seçdim. Düşünürdüm ki, o komitəyə daha çox bəhrə verə bilərəm. Hər deputat iki komitədə çalışır. Ona görə də mən Mədəniyyət komitəsini də seçdim. Düşündüm ki, bu komitədə işləməklə də xalqa, cəmiyyətə, dövlətə daha çox xeyir verə bilərəm.

- Bəzi insanlarda bir ümid var idi ki, Ermənistanda Qarabağ klanı, Serj Sarkisyan hakimiyyətdən getsə, bəlkə Qarabağ məsələsi daha rahat həll oluna bilər. Ancaq dəyişiklikdən sonra vəziyyət daha da gərginləşdi...

- Mən daha nağıllara inanmıram. Qarabağ klanı və ya İrəvan klanı bunlar mənasız sözlərdir. Onların bir strategiyası var, ona uyğun da gedirlər. İstəyir qarabağlı hakimiyyətdə olsun, istəyir başqası. Əvvəllər belə bir söz var idi – Erməniyə yaxşı demək olmaz, demək olar ki, bu erməni o ermənidən yaxşıdır. İndi isə bu sözü işlətmək olmur, elə hamısı eynidir. Nikol Paşinyan da Rusiyanın bir oyunu idi. Ermənistana demokratik imic vermək lazım idi. Paşinyanla Sarkisyan arasında heç bir fərq yoxdur. Mən də saytlara, sosial şəbəkələrə baxırdım Paşinyanla bağlı yazılanlara. Gülürdüm ki, belə şeyə inanmaq olar? Necə hər şeyə inanmaq olar, niyə nağıldan ayılmırıq?

- Aqil müəllim, mən Ağdamın Seyidli kəndindənəm, indi oralar üçün çox darıxsam da, sadəcə uşaqlığımdan süzülüb gələn kiçik xatirələr yadımda qalıb. Amma siz illərlə Ağdamda yaşamısız, eviniz orada olub. İllərlə orada yaşayan biri kimi, Ağdam işğaldan azad olunanda, ən birinci getmək istədiyiniz yer hara olar?

- (Bu sualım Aqil müəllimi kövrəltdi, dərhal cavab vermədi. Səsi titrədi, köməyinə ani sürətlə yandırdığı siqaret gəldi...) Seyidli kənd deyil ki, Ağdama birləşikdir. Heç kim deyə bilmirdi ki, ora kənddir. Hətta Seyidli Sovxozu Ağdam şəhərinin içində yerləşirdi. Ağdam işğaldan azad olunsa, ilk getmək istədiyim yer Qarağacı qəbiristanlığıdır. Çünki orada anamın və qardaşımın qəbri var. Oradan isə oxuduğum məktəbin həyətinə gedərdim, 2 nömrəli məktəbə. 8 il o məktəbdə oxumuşam. Bununla bağlı povestim də var. Povest belədir ki, ölüb getmişəm məktəbimizə. Adı isə “Qiyamət gecəsi”dir.

- Müsahibələrinizin birində belə bir fikir səsləndirmisiz ki, 100 yaşa qədər yaşamaq istəmirəm. İnsan niyə 100 yaşa qədər yaşamalıdır ki? Bu fikrinizi bir neçə il əvvəl demisiz. İnsan yaşa dolduqca həyata daha da çox bağlanır. İndi də o fikirdəsiz?

- İnsan da 100 il yaşayarmı? O yaşda kimə lazımsan? Var o yaşda yaşayıb kiməsə lazım olanlar, məsələn, 97 yaşında yaşayan rejissor var. Amma o yaşda artıq nə millətə lazımsan, nə ailənə, nə də bir iş görə bilirsən. Tutaq ki, 150 il yaşadın, nə olsun ki? Məsələn, elə adam var 157 yaşına qədər yaşayıb, eləsi var 164. Amma Mehdi Hüseynzadəyə bax, öləndə 23-24 yaşı var idi. Yaxud da Mikayıl Müşfiq. Dünyanın ən güclü riyaziyyatçısı Qaluanın öləndə 20-21 yaşı olub. Yəni, bu mənada deyirəm ki, əsas olan çox yaşamaq deyil. Həm də çox yaşayan insana yazığım gəlir, bədbəxt adamdır. Yaşı 100-ü keçib, arvadı ölüb, uşaqları ölüb, hətta nəvələri də ölüb, bu hələ yaşayır. Elə yaşamaq kimə lazımdır ki? Təbii ki, Allahın məsləhətidir, ömrü verən də Allahdır. Amma çox yaşamağı lazım hesab eləmirəm. Elə adam var 50 yaşında ölür, amma ölümündən sonra 1000 il yaşayır.

- Bilirik ki, tez-tez xarici səfərlərdə olursuz. Bu səfərlər zamanı sizə çox təsir edən, unutmadığınız məqamlar, xatirələr olubmu?

- Mən əslində xarici səfərləri xoşlayan adam deyiləm, 3-4 gün sonra Azərbaycan üçün, Bakı üçün darıxıram. Bir şəhərə iki dəfə getməyi xoşlamıram, bircə Türkiyədən başqa. Deyilsə ki, gedək Dubaya getmək istəmərəm. Bir dəfə getmişəm də, neynirəm ki, yenə gedim? Mənə doğma olan yer Türkiyədir. Rusiyaya getmək də mənim üçün rahatdır. Bir-iki dəfə İrana getmişəm, oranı da sevmişəm. Xaricdə elə maraqlı xatirə xatırlamıram. Olur ki, gedib öz yerlilərinlə, Cənubi azərbaycanlılarla qarşılaşırsan, maraqlı olur. Amma bir xatirə var ki, onu unutmuram. Ərzurumda Arif Səlimov adlı biri var, Ərzurum universitetində professordur. Mən də xanımımla maşınla ora getmişdim. İki yol gedir Qarsdan Ərzuruma. Geri qayıdanda o professor bizi qeyri-adi şəlalə var idi, onun yanına gətirdi. Vurğun Əyyubdu, mənəm, xanımımdı, bir də həmin professor öz ailəsilə. Birdən bir avtobus saxladı, içərisindən tələbələr töküldü, təxminən 40 nəfər, onlar da istirahətə gəlmişdi. Məni gördülər, yaxınlaşdılar. Dedilər “olar sizinlə şəkil çəkdirək?” Dedim olar. Dedilər “biz sizi yaxşı tanıyırıq, siz Aqil Abbassınız”. Məlum oldu ki, hamısı Cənubi Azərbaycandan olan tələbələrdilər, Türkiyədə oxuyurlar. Onlar bizim televiziyaları çox izləyirlər, məni də ordan tanıyırlar.Bu mənə o qədər xoş oldu ki. O tələbələrin içində 2-3 nəfər fars tələbə də var idi, amma azərbaycanca danışırdılar. Bir yerdə çay içdik, şəkil çəkdirdik. Bu xatirə artıq mənim yaddaşımda qaldı. Ona görə yox ki, məni tanıdılar, sadəcə olaraq Türkiyədə oxuyan Cənubi azərbaycanlı uşaqlarla tanış oldum, bu məni fərəhləndirdi.

Çox yeri gəzmişəm, hətta Amerikanı da. Amma görmək istədiyim iki şəhər var. Biri Yaponiyanın paytaxtı Tokio şəhəridir, bir də Fransada Strasburqda və digər şəhərlərdə olsam da paytaxt Parisdə olmamışam, ona görə oranı da görmək istəyərəm. Türkiyəyə gedəndə hamı deyir Antalya, Bodrum və s. Amma fikrimcə, Türkiyənin ən gözəl yerlərindən biri Qara dəniz bölgəsidir, Trabzon, Rizə və s. Həm təbiəti gözəldir, Azərbaycana oxşayır, həm də insanları çox yaxşıdır. Mən Türkiyənin kəndlərini də gəzmişəm. Qarsın, İğdırın kəndlərində olmuşam. Kənd camaatını xoşlayıram, onların da kəndlərindəki insanlar bizim kəndlərimizdəki kimidir, çox mehribandılar. Şəhər kosmopolitdir, amma kənd camaatı elədir ki, elə bil getmisən Ağdamın, Ağcabədinin və ya İsmayıllının kəndlərinə.

- Övladlarınız hüquq mühafizə orqanlarında işləyir. Onlar sizin və xanımınızın yolunu davam etdirmədi, yəni, jurnalistikadan və ədəbiyyatdan fərqli olan sahəni seçdilər. Bunu siz istədiniz, yoxsa öz seçimləri oldu?

- Uşaqlar çox kitab oxuyan idilər, elə indi də yaxşı mütaliələri var. Amma seçim özlərinin oldu. Xanımım da, mən də ədəbiyyatçıyıq. Mən uşaqların istəklərinin əleyhinə gedə bilməzdim ki, mənim kimi jurnalist, ədəbiyyatçı olun. İkisi də başqa sahəyə getdi.

- Aqil müəllim, xanımınız İradə Tuncaya necə dəyər verdiyinizi bilirik. Bəs, ona kömək edirsizmi işlərində?

- Əksinə, İradənin mənə köməyi olur, onun mütaliəsi mənimkindən çoxdu. Həyata baxışı da bir az mənimkindən fərqlidir. Məsələn, hansısa bir yazımı oxuyur, deyir ki, mənasızdı və ya burda nə yaxşıdır, nə pisdir. Yazılarımın ilk oxucusudur. Mənim ona nə köməyim olacaq ki? Mən ailəni saxlamaqla məşğulam. Biri var xarici işlər naziri, biri də var daxili işlər naziri. Dövləti qoruyan daxili işlər naziridir, evin içini qoruyan xanımdır. Uşağa tərbiyə verən, səni pis yoldan çəkindirən, səhvlərini sənə deyən xanımındır. Bircə şeyi öyrədə bilmirəm ona, amma onu da yavaş-yavaş öyrənir. Mən futbol xəstəsiyəm, həddindən artıq çox sevirəm. Mən futbola baxanda məcbur olub o da baxır, mən də səs-küylə baxıram futbola. Bir də görürəm ki, sosial şəbəkədə mənimlə bağlı status yazdı (gülür).

- Aqil müəllim, siz siyasətçi, ədəbiyatçı, jurnalist olmaqdan əlavə həm də babasız, nəvələriniz var. Nəvələrinizə zaman ayıra bilirsizmi?

- Hə, mütləq zaman ayırıram, gəzməyə aparıram şəhərə və ya şəhərdən kənara. Birdən özləri ailəvi 2-3 günlük harasa gedirlər, görürəm ki, evdə nəsə çatışmır. Mən yazı yazıram stolun üstündə, qələmə yazmaq deyirlər. Gəlib oturan kimi onlar da vərəq, qələm istəyir. Yazıb-oxumaq bilmirlər hələ, balacadılar, amma bağçada şeir öyrəniblər. Deyirlər “baba sənin adını yazmışıq”. Baxıram ki, sadəcə nəsə cızma-qara ediblər. Baxıb deyirəm nə qəşəng yazmısınız. Mən balaca stolun üstündə yazıram, oturan kimi gəlib oturub onlar da mənim kimi edirlər. Nəvələrimə hər zaman vaxt ayıra bilirəm.

Günay Elşadqızı / METBUAT.AZ

“Azərbaycan regionda Özbəkistanın əsas tərəfdaşıdır” - Səfirlə müsahibə


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı