Bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 16 illiyi tamam olur.
Publika.az xəbər verir ki, komitənin kollektivi bu münasibətlə öncə Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı üstünə gül dəstələri və əkilil qoyublar. Sonra oftolmoloq alım Zərifə Əliyevanın da məzarı ziyarət olunub.
Daha sonra tədbir Diaspor Komitəsinin binasında davam etdirilib. Komitə sədri Fuad Muradov bildirib ki, Azərbaycan diasporu ölkənin ordusudur: “Ordu da gücünü xalqdan alır. Bu gün Ulu Öndər Heydər Əliyevin 2002-ci ildə yaratdığı təşkilatın 16 yaşı tamam olur. Ən əsası bu gün 50 milyonluq azərbaycanlının şad günüdür. Hazırda möhtərəm prezidentimizin dəstəklədiyi bütün tədbirlər uğurla gerçəkləşdirilir. Biz onun tapşırıqlarını səylə həyata keçiririk”.
Fuad Muradov deyib ki, ərzində Komitə bir neçə istiqamət üzrə yeni fəaliyyətlərə başlayıb: “Onların içərisində ən başlıcası Ulu Öndərimizin diaspora istiqamətində olan sərəncam və fərmanlarını gündəmə gətirib, tezis şəklində nəşr etdirməkdir. Bununla ölkəmizə üz tutan səfirlər digər dövlətlərin rəsmi nümayəndələri də görəcəklər ki, müstəqilliyimizin yaradıcısı kimdir”.
Sədr həmçinin bir sıra texniki və daxili məsələlərin gündəmə gətirildiyindən də söz açıb. O deyib ki, 3 aya yaxın müddətdə komitənin kollektivi Türkiyədə olub, qardaş ölkədə yaşayan soydaşlarımızla görüşüb: “Bundan başqa Leyla xanım Əliyevanın tapşırığı ilə Həştərxana və Gürcüstana səfərlər edilib. Yaxın zamanlarda komitə rəsmilərinin Avropa ölkələrinə səfərləri də nəzərdə tutulub”.
O, həmçinin mətbuat nümayəndələri ilə əlaqələrin möhkəmlədirilməsinin də vacib məqsədlərindən biri olduğunu vurğluladı: “Bu gün bizim üçün çox yaxşı fürsətdir ki, fəaliyyətimizi gördüyümüz işləri yerli media ilə bölüşürük”.
F.Muradov həmçinin dünyanın müxtəlif ölkələrində məskunlaşan soydaşlarımıza “vətən uzaqda deyil, biz həmişə yanınızdayıq”, ismarışını da verib.
Sonra dövlət başçısının müvafiq sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif olunan diaspor nümayəndələrinə medallar təqdim olundu.
Həmçinin diaspor hərəkatını xarakterizə edən 100 videoçarx hazırlanır ki, onlardan da bir neçəsi qonaqlara təqdim olundu.
Leyla Sarabi,
Fotolar: Səfiyar Məcnun