Tural İsmayılov

Metbuat.az saytının baş redaktoru

***

Azərbaycan tarix boyu regionun sabitlik qalası olub. Müstəqillik illərimizin müxtəlif dönəmlərində dövlətimizə və dövlətçiliyimizə qarşı təxribatlar olsa da, daim xalqımızın uzaqgörən və qərarlı davranışları ilə tarixin zibilliyində öz yerini alıb.

Bu ölkə sekulyar, bütöv, sabitqədəmdir və həmişə də elə qalacaq. Ölkəmizdəki multikultural mühit daim dünyanın mərkəzində olub.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra dövlət-din münasibətlərində yeni bir mərhələ başladı. Ölkə vətəndaşlarının dini etiqad və vicdan azadlığı təmin olundu, bu sahə ilə bağlı qanunvericilik aktları beynəlxalq hüquq normalarına uyğunlaşdırıldı. Uzun illər ibadət ocaqlarının, dini icmaların fəaliyyətinə, dini ayinlərin icrasına, dini təyinatlı ədəbiyyatın nəşrinə və yayılmasına qoyulmuş qadağalar aradan qaldırıldı, yeni ibadət evlərinin və dini təhsil müəssisələrinin əsası qoyuldu. Azərbaycan xalqı öz milli və dini bayramlarını azad, sərbəst qeyt etmək hüququ əldə etdi, ölkə vətəndaşlarının müqəddəs yerlərə ziyarətinin təşkili üçün şərait yaradıldı. İllər boyu baxımsızlıqdan uçub dağılmış pir və ziyarətgahlar fəaliyyətini yenidən bərpa etdi, gənc nəslin sağlam ruhda, milli-mənəvi dəyərlərə sadiq yetişməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi.

Qeyd olunan müsbət dəyişikliklərlə yanaşı dini durumda narahatlıq doğura biləcək məqamlar da müşahidə olundu. Dövlətin dini etiqad və vicdan azadlığının təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlərdən öz məqsədləri üçün istifadə etməyə cəhd edən qüvvələr meydana çıxdı. Onlar bütün imkanlarını səfərbər edərək qeyri-ənənəvi dini təlimləri təbliğ edir, dini durumun gərginləşdirilməsinə, radikal dini təriqətlərin Azərbaycanda yayılmasına çalışırdılar.

Müasir dövrdə dünya dövlətlərinin və beynəlxalq təşkilatların qarşısında duran ən başlıca vəzifələrdən biri insanlar arasında dini dözümlülüyün gücləndirilməsinin, müxtəlif din və mədəniyyətlərə mənsub insanlarm sülh və əmin-amanlıq şəraitində yaşamasının təmin edilməsidır. Müasir dövrdə dünyanın müxtəlif bölgələrində baş verən hadisələr mədəniyyətlərin müxtəlifliyini qəbul etməyən, digər din və mədəniyyətlərin nümayəndələrinin adət-ənələrinə, həyat tərzinə, əqidə və düşüncəsinə hörmətlə yanaşılmayan cəmiyyətlərdə davamlı sabitliyə və inkişafa nail olmağın qeyri-mümkün olduğunu göstərir. Bu səpkidə qarşıdurma və münaqişələrin baş verməməsi üçün insanlarda digər din və mədəniyyətlərə qarşı dözümlülük və hörmət xüsusiyyətləri gücləndirilməlidir. Bu ənənənin qorunması məqsədilə Azərbaycanda bir çox əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.

Danılmaz faktdır ki, Azərbaycan xalqı tarix boyu digər din və mədəniyyətlərə dözümlü münasibət ilə seçilmişdir. Digər din və mədəniyyətlərə dözümlü münasibət, onlarla sülh və qarşılıqlı anlaşma şəraitində yaşamaq Azərbaycan xalqının təbiətindən, insanpərvərliyindən və xoş məramlılığından irəli gəlir. Azərbaycan qədim zamanlardan müxtəlif dinlərin, dini cərəyanların yayıldığı, qovuşduğu, qarşılıqlı anlaşma şəraitində yaşadığı və əməkdaşlıq etdiyi bir məkan olmuşdur. Zərdüştilikdən başlayaraq sonuncu böyük din islamadək bütün dinlər Azərbaycanda yayılmışdır. Azərbaycan əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil etməsinə baxmayaraq ölkə Konstitusiyasında bütün dini etiqad və təlimlərin qanun qarşısında bərabər olduğu təsbit olunmuşdur. Qanunvericiliyə əsasən ölkədə hər hansı bir dinin digər dindən üstün olması barədə təbliğatın aparılması qadağandır.

Əsrlər boyu Azərbaycanda islam, xristian və yəhudi dinlərinin nümayəndələri qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Milli və dini etnik qruplar arasında ədavət və qarşıdurma halları müşahidə olunmamışdır. Müxtəlif din və mədəniyyətlərə mənsub insanlar əsrlər boyu Azərbaycan xalqının ictimai-siyasi və iqtisadi həyatında mühüm rol oynamış, özlərinin etnik xüsusiyyərlərini, dinlərini və adət-ənənələrini qoruyub saxlayaraq bu günümüzədək yaşatmışlar. Müasir dövrdə də ölkəmizdə həmin dinlərin tarixi, mədəni abidələri və zəngin mənəvi irsi dövlət tərəfindən qorunub saxlanılır.

Müasir dövrdə dünyanın bir çox ölkələrində insanlarm məskunlaşmasında onların dini və milli mənsubiyyəti əsas meyar kimi götürülür, yəhudi, xristian və müsəlmanlar bir çox dövlətlərdə ayrı-ayrı məhəllələrdə yaşadığı halda bu gün ölkəmizdə müxtəlif din və təriqətlərə mənsub insanlar bir küçədə, bir həyətdə, hətta bir evdə sərbəst yaşayır və bir-birilərinin bayramlarında, dini ayin və mərasimlərində bir ailə kimi yaxından iştirak edirlər. Onlar nəinki özlərini Azərbaycanda yad hiss etmir, hətta yerli əhali ilə qaynayıb-qarışaraq qohumluq əlaqəsi qururlar.

Azərbaycanda tolerantlıq ənənəsinin formalaşmasına və dini qruplar arasında möhkəm birliyin yaranmasına, sülh və barışın hakim olmasına, ölkə ərazisinin tez-tez xarici dövlətlərin işğalına məruz qalması və asılı vəziyyətə düşməsi böyük təsir göstərmişdir. Azərbaycanın zəngin yerüstü və yeraltı təbii sərvətləri, mühüm geostrateji ərazisi daim xarici ölkələrdə maraq doğurmuş, qüdrətli dövlətlər zəngin təbii sərvətləri talan etmək, yerləşdiyi mühüm geostrateji mövqelərə sahib çıxmaq məqsədilə mütəmadi olaraq bu ölkəyə hücumlar etmişlər. Bölgədə yaşayan əhali dini baxışlarındakı fərqlərə baxmayaraq bu qüvvələrə qarşı daim birgə mübarizə aparmışdır.

Hazırda Azərbaycan xalqının və dövlətinin qarşısında duran əsas vəzifələrdən biri bu zəngin irsin və mədəniyyətin qorunub saxlanılması, gələcək nəsillərə çatdırılmasıdır. Müasir dövrdə tolerantlıq Azərbaycanın əvəzsiz, dünyanın bir çox ölkələrinin həsəd apardığı milli-mənəvi sərvətinə çevrilmişdir. Bu ənənənin zəiflədilməsinə yönələn bütün cəhdlərin qarşısı dövlət tərəfindən davamlı olaraq alınır.

Ölkəmizdə yaşayan qədim xalqlardan biri yəhudilərdir. Məskunlaşdıqları digər ölkələrdə işgəncə və təzyiqlərə məruz qalan yəhudilər yurdumuza pənah gətirərək 2500 ildən artıqdır ki, bu bölgədə sülh və qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Onlar ölkəmizdə heç vaxt dini dözümsüzlüyə və ayrı-seçkiliyə məruz qalmamış, əksinə daim yerli əhalinin diqqət və qayğısı ilə əhatə olunmuşlar.

Ölkəmizdə yəhudilərin ümumi sayı 16.000 təşkil edir. Bunlardan 11.000-i dağ yəhudiləridir ki, onların da təxminən 6.000-i Bakıda, 4.000-i Qubada, 1000 nəfəri isə digər şəhərlərdə yaşayır. Əşkinazi yəhudilərin sayı 4,3 min nəfərdir. Gürcü yəhudilərinin təxmini sayı 700 nəfərdir.

Hazırda yəhudilər Azərbaycanda üç qurumla — Dağ, Əşkinazi və Gürcü yəhudiləri icmaları ilə təmsil olunur. Quba rayonundakı Qırmızı qəsəbə postsovet məkanında dağ yəhudilərinin kompakt yaşadığı yeganə məkandır. Ölkəmizə XIX əsrdə pənah gətirən Əşkinazi yəhudilər daha çox Bakı və Sumqayıtda məskunlaşmışlar.

2003-cü ilin mart ayında Azərbaycan hökumətinin diqqəti sayəsində Bakıda yeni yəhudi sinaqoqu istifadəyə verilmişdir. Avropada ən böyük sinaqoq sayılan bu ibadətgah köhnə məbədin yerində inşa olunmuşdur. Açılış mərasimində dövlət rəsmiləri, Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərləri və xarici ölkələrdən qonaqlar iştirak etmişlər. Sinaqoqun tikintisində xaricdə fəaliyyət göstərən yəhudi təşkilatları ilə yanaşı, Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsinin Qafqaz və Xəzəryanı Yeparxiyası yaxından iştirak etmişdir.

2003-cü ilin sentyabr ayında Bakıda «Or-Avner» Xabad Lyubaviç Beynəlxalq Fondunun maliyyələşdirdiyi ilk yəhudi orta ümumtəhsil məktəbi fəaliyyətə başlamışdır. Açılış mərasimində xaricdə yaşayan yəhudi icmalarının nümayəndələri, eləcə də Azərbaycan rəsmiləri iştirak etmişlər.

Azərbaycanda yəhudi icmaları ilə bərabər xristianlığın pravoslavlıq, katoliklik və protestantlıq qollarını təmsil edən dini icmalar da fəaliyyət göstərir. Ölkəmizdə pravoslavlıq qoluna mənsub xristianlar çoxluq təşkil edir, xristianlıq əsasən Bakı, Sumqayıt və Gəncə şəhərlərində geniş yayılmışdır.

Azərbaycan hökumətinin qərarı ilə 1920-ci ildə bağlanmış Cen Mironosets kilsəsinin binası 1991-ci ildə Rus Pravoslav kilsəsinə verilmişdir. Onu da qeyd edək ki, kilsəni 1907-ci ildə məşhur Azərbaycan xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyev inşa etdirmişdir. 2001-ci ilin may ayında Azərbaycanda səfərdə olan bütün Rusiyanın Patriarxı II Aleksi bu məbədə baş kafedral kilsə statusu vermişdir. Kilsə Sovet hakimiyyəti dövründə anbar kimi istifadə olunduğunda dağıntılara məruz qalmışdır. Kilsənin təmirini Moskvada yaşayan azərbaycanlı iş adamı Aydın Qurbanov öz üzərinə götürmüş, baş kafedralf kilsə tezliklə təmir olunmuş və 2003-cü ilin mart ayında dindarların istifadəsinə verilmişdir. Kilsənin açılış mərasimində Ümummilli Lider Heydər Əliyev, hökumət üzvləri, səfirliklərin nümayəndələri iştirak etmişlər. Hazırda Bakıda 3, Gəncə və Xaçmazda 1 rus pravoslav kilsəsi, Sumqayıtda 1 məbəd fəaliyyət göstərir.

2003-cü ilin aprel ayında Rum Patriarxı I Varfolomey Azərbaycan hökumətinin dəvəti ilə ölkəmizdə rəsmi səfərdə olmuş, dövlət rəsmiləri, din xadimləri, müsəlman, xristian, yəhudi icamalrının rəhbərləri ilə görüşlər keçirmiş, dini durumla tanış olmuş və ölkədə fəaliyyət göstərən dini icmalar arasındakı münasibətləri yüksək qiymətləndirmişdir. Qonağı həmin dövrdə Ümummilli Lider Heydər Əliyev də qəbul etmişdir.

Azərbaycan hökuməti 1999-cu ildə katolik icmasının dövlət qeydiyyatına alınmasına şərait yaratmış, əvvəllər dini ayinləri evlərdə icra edən icma üzvlərinə 2000-ci ildə ibadətlərin yerinə yetirilməsi məqsədilə xüsusi bina alınmış və kilsəyə çevrilmişdir. Sonrakı illərdə Azərbaycan hökuməti ilə Vatikan arasındakı razılığa əsasən Bakıda Nobel prospektində Roma katolik kilsəsi inşa olunmuşdur. Açılış mərasimində dini icmaların nümayəndələri ilə yanaşı dövlət rəsmiləri də iştirak etmişdir.

Roma katolik kilsəsinin başçısı II İohann Pavel 2002-ci ilin may ayında Azərbaycan hökumətinin rəsmi dəvəti ilə Bakıda səfərdə olmuş, dövlət rəsmiləri, ictimaiyyətin nümayəndələri ilə görüşmüşdür. O, Azərbaycandakı mövcud dini dözümlülüyü yüksək qiymətləndirərək demişdir: “Azərbaycanda dinlər arasında mövcud tolerantlıq və dözümlük münasibətləri dünyanın bir çox ölkələri üçün yaxşı nümunə ola bilər”.

Azərbaycanda dövlət qayğısı ilə əhatə olunan azyaşlı, qədim xalqlardan biri də əsasən Qəbələ rayonunun Nic qəsəbəsində yaşayan udilərdir. Dünyada udilərin sayı 10.000-ə yaxındır ki, onların də təqribən 7000-i Azərbaycandadır. Əsrlər boyu azərbaycanlılarla udilər dinc şəraitdə, yanaşı yaşamış, onların arasında daim dostluq əlaqələri və qarşılıqlı anlaşma mövcud olmuşdur. Müasir dövrdə də bu ənənə uğurla davam etdirilir.

Müasir dövrdə Azərbaycan hakimiyyəti dini durumun sabitliyinin qorunması, dini dözümlülük ənənələrinin qorunub saxalanılması və radikallıq meyllərinin qarşısının alınması istiqamətində ardıcıl tədbirlər həyata keçirir.


Cənab İlham Əliyev son 10 ildə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsi, xüsusən də, dini ziyarətgahların əsaslı təmiri və yenidən qurulmasına xüsusi diqqət ayırmışdır. Azərbaycan Prezidentinin islam mədəniyyəti nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs dini sitayiş və inanc yerlərinin təmiri, bərpası ilə bağlı xüsusi sərəncamlar imzalaması və bu işi şəxsi nəzarətinə götürməsi deyilənləri bir daha təsdiqləyir. Ötən müddətdə Bibiheybət, Təzəpir, Nardaran, Mir Möhsün ağa və digər məscid və ziyarətgahlar əsaslı təmir olunmuş, onların təchizatına lazımi diqqət ayrılmışdır. Əjdərbəy məscidində əsaslı təmir və yenidənqurmanın aparılması, Şamaxı Cümə məscidində böyük təmir-tikinti işlərinin başa çatdırılması deyilənlərə əyani misaldır. Bütövlükdə, müstəqillik dövründə Azərbaycanda 2 minə yaxın məscid tikilmişdir.

Son 10 il ərzində isə 140-a yaxın məscid tikilmiş, 80 məscid isə əsaslı təmir edilmişdir.

Azərbaycana uzanan əllər

Dövlətimizin başçısının tapşırığı ilə inşa olunan Heydər məscidi 12 min kvadratmetr sahədə salınıb. Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib, ornamentlərin zənginliyi fasadda xüsusi arxitektura harmoniyası yaradıb. Burada 95 metr hündürlüyündə 4 minarə inşa olunub.

Qeyd edək ki, Prezident İlham Əliyev məscidin tikintisini daim diqqət mərkəzində saxlayıb, burada həyata keçirilən inşaat işlərinin gedişi ilə yaxından maraqlanıb, mütəmadi olaraq buraya gələrək görülən işlərlə bağlı müvafiq tapşırıqlarını verib. Ümumi sahəsi 4200 kvadratmetr olan məscidin daxilində də xüsusi bəzək elementlərindən istifadə olunub, günbəzin kənarlarına Quran ayələri yazılıb. 55 metr hündürlüyündə olan baş günbəz, o cümlədən hündürlüyü 35 metr olan ikinci günbəz məscidin daxilinə xüsusi gözəllik verir.

26 dekabr 2014-cü ildə Bakıda Heydər məscidinin açılışı olub.

Azərbaycan xalqı Azərbaycan dövlətinin yanındadır!