Şəkidə rayonlar arasında məsafəni qısaldan yolun tikintisi ilə bağlı son məlumat

Şəkidə 50.9 km-lik xüsusi əhəmiyyətli avtomobil yolunun tikintisi yekunlaşır. Söhbət 50.9 km uzunluğunda olan Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca-Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolundan gedir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Metbuat.az-a verilən məlumata görə, sözügedən yolun 21 km-i respublika əhəmiyyətli R56 Kərimli avtomobil yoluna düşür. Bu üzdən yolun bu hissəsi 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yolun hərəkət hissəsinin eni 7 metr, çiyinlərin eni 2.5 metr olmaqla ümumi eni 12 metr təşkil edir. Başlanğıcını M5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 17-ci km-dən götürən Kərimli avtomobil yolu R9 Qaraməryəm-İsmayıllı-Şəki-Oğuz avtomobil yoluna birləşməklə, bölgələri birləşdirmək baxımından xüsusi əhəmiyyətə malikdir.

Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca-Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolunun qalan 29.9 km-lik hissəsi isə 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Burda yolun hərəkət hissəsi 6 metr, çiyinlər 2 metr olmaqla ümumi eni 10 metr təşkil edir.

Layihə çərçivəsində yararsız qruntun qazılaraq çıxarılması, yeni yol yatağının inşası işləri aparılıb. Daha sonra yol əsasının tikintisi işləri görülüb. Yol əsası optimal-qırmadaş və qum-çınqıl qarışığından inşa edilib.

Hazırda yol boyu asfaltlanma işləri aparılır. Bundan başqa, mövcud 2 körpünün isə əsaslı şəkildə təmiri işləri də aparılıb.

Yenidənqurma işləri yol boyu yaşayan vətəndaşların xüsusən payız-qış aylarında gediş-gəlişlə bağlı yaşadıqları çətinlikləri aradan qaldıracaq, yük və sərnişin daşımasının asanlaşmasına səbəb olacaq. Bundan başqa, respublikanın iki əsas avtomobil yoluna çıxış əldə olunmaqla rayonlar arası məsafə dəfələrlə qısaldılmış olacaq. Yetişdirilən kənd təsərrüfatı məhsullarının qonşu rayon mərkəzlərinə və paytaxt Bakıya tez və rahat şəkildə daşınmasına şərait yaradılmaqla kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq.

11 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Şəki rayonunun Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca-Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolunun yenidən qurulması işlərinin yaxın aylarda yekunlaşdırılması planlaşdırılır.

Bakıda avtomobil mağazaya çırpıldı: Sürücü qaçdı - FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR