Ad,Soyad | İslam Rzayev |
Yaş | 11 Noyabr 1934 (90 Yaş ) |
Doğulduğu yer | Füzuli |
Vəzifə | Müğənni |
Yenilənmə tarixi | 26-12-2016 |
İslam Rzayev 11 noyabr 1934-cü ildə Füzuli rayonunun Sərdarlı kəndində dünyaya gəlmişdir. Qarabağ xanəndəlik məktəbinin layiqli davamçılarından biri olmuşdur. Peşəkar musiqi təhsilini Bakıda Azərbaycan Dövlət Musiqi Məktəbində almış (1951-1956), Seyid Şuşinskinin sinifində muğam dəsgahlarını mükəmməl öyrənmiş, xanəndəlik sənətinin sirrlərinə dərindən bələd olmuşdur. Həmçinin Zülfi Adıgözəlovdan və Həqiqət Rzayevadan muğam dərsləri almış, sənətini təkmilləşdirmişdir. Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam etdirmiş, həmin illərdən də Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyətə başlamışdır.
Böyük məharətlə oxuduğu "Çahargah", "Bayatı-Kürd", "Mahu-Hindi", "Rast" muğam dəsgahları AzTV-nin fonuduna daxil edilmiş, Azərbaycan musiqi xəzinəsini zənginləşdirmişdi. Bir sıra mahnılar da bəstələmiş, onlardan "Gəl inad etmə", "Dağlar başı", "Almadərən" mahnıları geniş yayılmışdır. Öz yaradıcılığında bəstəkar əsərlərinə də müraciət etmiş, Cahangir Cahangirovun "Nəsimi", "Aşıq Alı" və s. kantatalarında solo partiyanı ifa etmişdir.
70-dən artıq qastrol səfərlərində olmuş, Kolumbiya, Peru, Kuba, Yaponiya, Hindistan, Nepal kimi ölkələrdə Azərbaycan mədəniyyətini təmsil etmişdir. Pedaqoji işlə də məşğul olmuş, yetirdiyi tələbələr xanəndəlik məktəbinin layiqli davamçıları kimi tanınmışlar.
Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirdikdən sonra uzun illər ərzində Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. İyirmi ilə yaxın Muğam Teatrının bədii rəhbəri vəzifəsində çalışmışdır. 120-ə yaxın gənc ifaçı yetişdirmiş, Azərbaycan incəsənətinin inkişafındakı xidmətlərinə görə 2004-cü ildə ölkə prezidenti tərəfindən Şöhrət ordeni ilə təltif olunmuşdu.2008 ci ildə Bakı şəhərində vəfat etmişdir.