Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı
dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər
dənizinin hüquqi statusuna dair Konvensiya imzalandı. V Xəzər
sammitinin yekununda Azərbaycan prezidenti İlham Əliyev, Rusiya
prezidenti Vladimir Putin, Qazaxıstan prezidenti Nursultan
Nazarbayev, İran prezidenti Həsən Ruhani və Türkmənistan Qurbanqulı
Berdıməhəmmədov öz imzaları ilə Xəzər dənizinin hüquqi statusunu
müəyyən edən sənədi təsdiq etdilər.
Bu, 22 ildən sonra regiona ən böyük problemin həll olunması idi.
Hərçənd, sazişin imzalanması heç də asan başa gəlmədi.
Yüzillərin problemi
Xəzərin hüquqi statusu uzun illər Rusiya (SSRİ) və İran arasında
bağlanmış ikitərəfli müqavilələrlə tənzimlənirdi. Xəzərin hüquqi
statusunun ilkin müddəaları Peterburq (1723), Rəşt (1731), Gülüstan
(1813), Türkmənçay (1828) müqavilələrində öz əksini tapıb. Lakin
həmin sənədlərdə də hüquqi baxımdan “status” anlayışı olmayıb. Bu
müqavilələrlə Rusiyaya Xəzərdə böyük imtiyazlar verilirdi. 1921-ci
il fevralın 26-da Moskvada imzalanmış Rusiya-İran müqaviləsində isə
Xəzərin hüquqi statusuna daha çox diqqət ayrıldı. Bu müqavilənin
3-cü maddəsində deyilir: “1881-ci ildə sərhəd komissiyası
tərəfindən müəyyən edilmiş sərhəd xəttini hər iki yüksək səviyyədə
danışıq aparan tərəf İran və Rusiya arasında su sərhədi kimi qəbul
etməyə razılaşır. Bu sərhəd qorunmalı və toxunulmazdır”. Bu
müqavilə ilə təsbit olunan sərhəd xətti Astara-Həsənqulu su
sərhədidir.
26 maddədən ibarət olan bu müqavilə Rusiya tərəfindən Georqi
Çiçerin və İran tərəfindən P.Qaraxan-Məmlük tərəfindən imzalanıb.
İran və SSRİ arasında 1935-ci ildə “Ticarət, dənizçilik və
məskunlaşma haqqında”, 1940-cı ildə “Ticarət və dənizçilik
haqqında” imzalanmış müqavilələrdə də Xəzərin Sovet-İran dənizi
olması bir daha vurğulanırdı.
1970-ci ildə isə ilk dəfə olaraq Xəzər dənizinin SSRİ-yə məxsus
hissəsinin sektorlara bölünməsi məsələsi müzakirə edilməyə
başlandı. Bu bölgüyə əsasən, Xəzər dənizi müvafiq olaraq Rusiya,
Qazaxıstan, Azərbaycan, Türkmənistan, habelə SSRİ-nin quru sərhədi
ilə müəyyən edilən İran sektoruna bölündü. Bu bölgü zamanı Xəzərin
hüquqi, coğrafi vəziyyətindən irəli gələn, beynəlxalq-hüquqi
təcrübədə hamı tərəfindən qəbul edilmiş orta xətt prinsipi əsas
götürüldü.
SSRİ-nin süqutuna qədər Xəzərin hüquqi statusu bu razılaşmalarla
tənzimlənirdi. Avqustun 12-də Konvensiyanın imzalanmasına qədər də
Xəzəryanı dövlətlər 1970-ci ildə qəbul olunmuş sektorial bölgünü
dövlət sərhədi kimi qəbul edirdilər.
Xəzərdə qarşıdurma və Azərbaycanın haqlı mövqeyi
1992-ci illərdən başlayaraq Xəzəryanı dövlətlərin ikitərəfli və
çoxtərəfli görüşlərində Xəzərin hüquqi statusu məsələsi ilə bağlı
müzakirə və danışıqlar başlandı. Və həmin vaxtdan etibarən Xəzərin
hüquqi statusu ilə bağlı ciddi qarşıdurmalar başlandı. Tərəflər
məsələyə müxtəlif yanaşır, xüsusilə İran və Türkmənistan daha çox
pay istəyirdilər.
Azərbaycan beynəlxalq hüquq normalarına uyğun olaraq hesab edirdi
ki, Xəzər beynəlxalq sərhəd gölüdür; Xəzər orta xətt
prinsipi ilə milli sektorlara bölünməlidir.
Türkmənistan və İran isə hesab edirdi ki, Xəzər unikal
qapalı su hövzəsidir və Xəzəryanı dövlətlərin ümumi sərvətidir;
Xəzər 20 faiz prinsipi ilə hər bir Xəzəryanı dövlətlər arasında
bölünməlidir.
Türkmənistan və İranın yanaşması beynəlxalq hüquqa zidd idi. Çünki
beynəlxalq hüquqda unikal qapalı su hövzəsinin hüquqi rejimi
anlayışı işlədilmir, həmçinin, Xəzərin 20 faiz payla Xəzəryanı
dövlətlər arasında bölünməsi heç bir hüquqi əsası yoxdur və bu
praktik cəhətdən də mümkün deyil.
Uzun illərdir davam edən bu problem, nəhayət ki, öz həlini tapdı.
Konvensiya Azərbaycanın beynəlxalq hüquqa söykənən arqumentlər
çərçivəsində imzalandı.
Prezident Administrasiyasının keçmiş şöbə müdiri, Xəzərin
hüquqi statusu ilə bağlı mütəxəssis Rüstəm Məmmədov
Publika.az-a açıqlamasında bildirib ki, Xəzəryanı
ölkələrin bu gün ümumi dil taparaq, Konvensiyanı imzalanmasında
Azərbaycanın rolu böyükdür.
Onun sözlərinə görə, Azərbaycan Xəzərin bölünməsində öz milli
maraqlarını müdafiə etməklə yanaşı, daim Xəzəryanı ölkələri dialoqa
çağırırdı: “Konvensiya layihəsi ilk dəfə 1993-cü ildə gündəmə
gəldi. Azərbaycan məsələnin hüquqi yolla tənzimlənməsinə çalışırdı.
Çünki Xəzərdə hüquqi tənzimlənmə 1991-92-ci illərdə işləmirdi. SSRİ
və İran arasındakı sazişlər qüvvədən düşmüşdü. Məhz Azərbaycan
rəhbərliyi bütün Xəzəryanı dövlətlərlə müzakirələr apararaq, onları
başa saldı. Danışıqlar 1993-cü ildə başlasa da, əsas mərhələ
2001-ci ildən sonra oldu. Nəhayət, 2018-ci ildə Konvensiya
imzalandı”.
R. Məmmədov qeyd edir ki, Türkmənistan və İranın mövqeyi beynəlxalq
hüquqa əsaslanmasa da, bu ölkələr israr edirdi.
“Hətta Aşqabad sammitində Türkmənistan prezidenti “Xəzərdən qan iyi
gəlir” deyə, bildirmişdi. Lakin məhz Azərbaycan prezidenti Heydər
Əliyevin səyi nəticəsində Xəzərdə münaqişə yaranmadı. Prezident
İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi 2018-ci ilin
12 avqust tarixində Konvensiyanın imzalanması və bu Konvensiyada
Azərbaycanın milli maraqlarının təmin edilməsi baş verdi. Həmçinin,
Xəzəryanı ölkələrin hamısının maraqları üst-üstə düşdü”, - deyə o
bildirib.
Uzun illik ağır diplomatik fəaliyyətin nəticəsi olan Konvensiyanın
imzalanmasına qədərki dövrdə rəsmi Bakının atdığı addımlara
baxdıqda, həqiqətən də tarixi razılaşmada Azərbaycan rəhbərliyinin
rolu aydın görünür. Azərbaycan tərəfi uzun illər ərzində Xəzərin
beynəlxalq hüquqi normalar çərçivəsində ədalətli bölgüsünü və
“qazan-qazan” prinsipini təklif etsə də, müəyyən süni maneələr
yekun statusla bağalı razılaşma əldə edilməsinə vermirdi. Sənəd
üzərində iş 1996-cı ildən aparılıb. 2003-cü il mayın 14-də Astanada
Azərbaycan, Rusiya və Qazaxıstan arasında “Xəzərin dibinin orta
xətt üzrə milli sektorlara bölünməsi, su səthinin ümumi istifadəsi”
haqqında üçtərəfli saziş imzalanıb və tərəflər Xəzərin dibinin
bölünməsinə dair yekun razılığa imza atıb. Konvensiya layihəsi
yekun olaraq Xəzəryanı ölkələrin XİN rəhbərlərinin 4-5 dekabr
2017-ci il tarixində Moskvada keçirilən müşavirəsində
razılaşdırılıb. Bu il martın sonunda İran prezidenti Həsən
Ruhaninin Bakıya səfəri zamanı imzalanmış Xəzər dənizində müvafiq
blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumu bugünkü
konvensiyanın razılaşdırılması yolunda mühüm tarixi əhəmiyyət
daşıyan sənəd oldu.
Azərbaycanın irəli sürdüyü Konvensiya
Bu Konvensiya layihəsinin ilk dəfə Azərbaycan tərəfindən irəli
sürülməsi də ölkəmizin razılaşmada oynadığı rolu bir daha nümayiş
etdirir.
Xarici işlər nazirinin müavini Xələf Xələfovun bu barədə
rəsmi dövlət agentliyinə müsahibəsində dedikləri diqqət
çəkir: “Xəzərin hüquqi statusuna dair Konvensiyanın ilk
konseptual layihəsi məhz Azərbaycan tərəfindən hazırlanıb və
tərəflərə təqdim edilib. Bu amil həmin dövrdə danışıqlar
predmetinin müəyyən edilməsində müstəsna rol oynayıb. Bundan əlavə,
hazırda Konvensiyada öz əksini tapmış Xəzər dənizinin
akvatoriyasında sahilyanı dövlətlər üçün müəyyən edilən 15 millik
ərazi suları və 10 millik balıqçılıq zonası üzrə razılıq, eləcə də
dənizdə tərəflərin əməkdaşlığının əsasını təşkil edən fundamental
prinsiplər üzrə razılaşma 2010-cu il noyabrın 18-də Bakıda
keçirilmiş Xəzəryanı dövlətlərin üçüncü Zirvə toplantısında əldə
olunub. Həmçinin Konvensiyanın ərsəyə gətirilməsi Azərbaycanın
ikitərəfli və çoxtərəfli əsasda digər Xəzəryanı ölkələrlə birlikdə
Xəzər hövzəsində qarşılıqlı etimada, dostluğa, xoş niyyətə və
əməkdaşlığa əsaslanan münasibətlər qurmağa müvəffəq olmasının
nəticəsi kimi də qiymətləndirilə bilər. Ümumilikdə, Konvensiyanın
razılaşdırılması Xüsusi İşçi Qrupu çərçivəsində keçirilmiş 52 görüş
və növbədənkənar görüşlərin, buna paralel mütəmadi çoxsaylı
ikitərəfli məsləhətləşmələrin, xarici işlər nazirlərinin
müşavirələrinin və dövlət başçıları səviyyəsində təşkil olunan
Zirvə toplantılarında əldə olunmuş geniş konsensusun və tərəflər
arasında incə balansın nəzərə alınmasının nəticəsidir. Xəzəryanı
dövlətlərinin ortaq rəyi budur ki, Xəzər bizi ayıran deyil,
birləşdirən məkandır və sərvətdir. Belə ki, sözügedən sənəd hər bir
sahilyanı dövlətin iqtisadi və təhlükəsizlik maraqlarının vəhdətini
təşkil edir. Konvensiyanın müddəaları faktiki olaraq, beynəlxalq
hüququn norma və prinsiplərinə uyğun olaraq tətbiq ediləcək”.
Konvensiya Xəzəryanı ölkələrin maraqlarını müdafiə
edir:
Bu Konvensiyaya əsasən, Xəzərdə tarixi razılaşma dənizin hüquqi
statusu ilə bağlı Xəzəryanı ölkələr arasında uzun illərdir sürən
ziddiyyətlərin əməkdaşlıqla əvəzlənməsini təmin edir. Xəzərdə
tarixi razılaşma nəticəsində dondurulmuş və mübahisəli yataqlar
birgə işləniləcək, Xəzəryanı dövlətlərə və xalqlara fayda
gətirəcəkdir.
“Xəzər beşliyi” dövlət başçılarının imzaladığı sənəd xoş məram,
etimad, qarşılıqlı ehtiram, müştərək mənafe və mehriban qonşuluq
əlaqələri sayəsində gerçəkləşibdir. Xarici ekspertlər qeyd edirlər
ki, Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması
5 sahil ölkə üçün dönüş nöqtəsidir.
Bütün ölkələr, xüsusən Azərbaycan Konvensiyadan daha çox iqtisadi
fayda təmin edəcək, Xəzərin karobohidrogen ehtiyatlarının Qərb
bazarlarına daşınması üçün dənizin dibindən kəmərlər çəkilməsi
üzərində maneə aradan qaldırılacaq.
Rüstəm Məmmədov deyir ki, Xəzərin hüquqi statusu
ilə bağlı Konvensiyanın imzalanması Azərbaycanın iki qlobal
problemindən birinin həll edilməsi deməkdir: “Bu gün Azərbaycan
üçün iki qlobal problem var. Onlardan biri Qarabağdırsa, digəri
Xəzərin hüquqi statusu idi. Qarabağ Azərbaycanın ərazi, Xəzər isə
iqtisadi problemidir. Bu Konvensiyanı imzalamaqla Azərbaycan
Xəzərdə hüquqlarını rəsmiləşdirdi. Bu saziş Xəzəryanı ölkələr
arasında qarşılıqlı münaqişə və ittihamlara son qoydu, bundan sonra
Xəzəryanı dövlətlər bir-biri ilə daha çox əməkdaşlıq etməyə
başlayacaq. Bu ən böyük naliyyətdir. Bundan başqa, Azərbaycan
Xəzərin neftindən və qazından daha səmərəli istifadə etməyə
başlayacaq. Bu sazişdə təhlükəsizlik məsələsi xüsusi önəm kəsb
edir”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq
komitəsinin üzvü Tahir Mirkişili də hesab edir ki,
Konvensiya Azərbaycana iqtisadi baxımından böyük divident
gətirəcək.
“ABŞ-ın “Energy İnformation Administration” (EİA) təşkilatının
təqribi hesablamalarına görə, Xəzərin neft və qazla zəngin təkində
6.5 milyard ton təsdiq edilmiş və ehtimal olunan neft və neft
ekvivalentində qaz ehtiyatları mövcuddur. Proqnozlaşdırılan
ehtiyatlar isə bundan 1.5 dəfə çoxdur. İndiki qiymətlərlə bu
ehtiyatların dəyəri 8 trilyon dollardır. İndiyə qədər hər bir
Xəzəryanı ölkə istənilən formada bölgüdə mübahisə yaratmayacaq
yataqlarda problemsiz fəaliyyətlərini həyata keçiriblər. Ancaq
sərhəd bölgələrdə perspektiv yataqlar ciddi mübahisələrə səbəb olub
və hətta bəzi hallarda silahların münaqişə təhlükələri yaranıb.
Konvensiya bu problemləri aradan qaldırdı və yeni yataqların
işlənməsinə yol açdı”, - deyə o bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Konvensiyanın imzalanması
Azərbaycan və Türkmənistan arasında Transxəzər boru kəmərinin
reallaşmasına da yeni şanslar yaradır: “Konvensiyaya görə, bu
layihənin qərarını yalnız Azərbaycan və Türkmənistan verəcəklər,
ekoloji standartlar nəzərə alınmaqla belə layihələr qonşu ölkələr
arasında reallaşa bilər. Doğrudur, Konvensiyaya əlavə edilən
ekoloji razılığın alınması qaydaları bütün 5 ölkənin belə layihələr
üçün razılığı tələb olunur. Bu razılıq layihələrin həyata keçməsini
ləngidə bilsə də, mane ola bilməyəcək. Transxəzər kəməri Azərbaycan
və Türkmənistana Avropa bazarlarına ildə 100 milyard kub metr qazın
ixracına imkan verə bilər”.
Anti-Azərbaycan qüvvələr məğlub oldu
Göründüyü kimi, regionun ən böyük problemi Azərbaycanın uzun illik
birləşdirici və sülh missiyası nəticəsində həllini tapdı və
Xəzəryanı ölkələrin hər birinin maraqları Konvensiyada yer aldı.
Hərçənd, Konvensiyanın imzalandığı günə qədər buna qarşı olan
qüvvələr müxtəlif cəhdlər edirdi. Belə ki, müzakirələr getdiyi
bütün dövr ərzində, xüsusən Konvensiya imzalanması ərəfəsində
xaricdəki anti-Azərbaycan qüvvələr, erməni lobbisinə yaxın dairələr
həm digər Xəzəryanı paytaxtlarda, həm də Qərb paytaxtlarında “Xəzər
beşliyi” ölkələri arasında ziddiyyətləri qabartmağa çalışır,
anlaşmanın baş tutmaması üçün fəaliyyət göstərirdilər. Lakin “Xəzər
beşliyi” ölkələri rəhbərlərinin, xüsusən Azərbaycan tərəfinin güclü
siyasi iradəsi, daim xoş qonşuluq siyasətinə sədaqəti və xoş məramı
bu konvensiyanın imzalanması yolunda maneələrin aşılmasına imkan
verdi.
Asif