BMT bu hadisəni “soyqırım” adlandırdı

Birləşmiş Millətlər Təşkilatı Myanmar ordusunun baş komandirlərinin Arakan müsəlmanlarına qarşı soyqırımı törətdiyini açıqlayıb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, BMT-nin insan hüquqları tədqiqatçıları tərəfindən hazırlanan hesabat dünyanın bir çox vacib xəbər agentliklərində “Son dəqiqə” başlığı ilə dərc edilib.

Myanmar Baş Qərargahının rəisinin və digər generalların Beynəlxalq Cinayət Məhkəməsinə çıxarılmasını tələb edən hesabatda bildirilir ki, hökumət başçısı Aung San Suu Kyi də dəhşətli cinayətlərdə rol alıb. Qətl və təcavüzlərin yer aldığı hesabatda, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına Myanmara qarşı sanksiya və orduya qarşı da embarqo qoyulması çağırışı edilib.

Sosial media nəhəngi olan “Facebook” və “İnstagram”, BMT-nin hesabatının açıqlanmasından bir neçə dəqiqə sonra Myanmar ordusunun hesablarını dondurub. Dondurulan 20 hesab arasında Baş qərargah rəisi Min Aung Hlaing və ordunun televiziyası da yer alıb.

Qeyd edək ki, Myanmar ordusunun əməliyyatları bir il əvvəl 25 avqustda başlamışdı. Minlərlə müsəlmanın öldürüldüyü əməliyyatlar zamanı yanan kəndlər xəritədən silinmişdi. Ordunun hücumlarından qaçan təxminən 1 milyon Arakan müsəlmanı qonşu ölkə olan Banqladeşə sığınıb, onlarla Arakan müsəlmanı isə sərhəddəki çayda boğulub.

Banqladeşdə yaşamağa çalışan on minlərlə Arakan müsəlmanı əməliyyatın ildönümündə nəhəng etiraz aksiyası təşkil etmişdi. Dünyanın ən böyük qaçqın düşərgəsində əllərində “Bir daha əsla” pankartı tutan mühaciərlər ədalət tələb edib.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR